Biliklərimizə yenilərini əlavə etmək gündəlik ehtiyaca çevrilir - Nazir müavini
Əmək bazarındakı hər dəyişiklik əslində insanın həyat imkanlarına da təsir edir. Bu gün keçirilən Milli Məşğulluq Forumunun "İnnovasiya və məşğulluq" devizi bu baxımdan xüsusi məna daşıyır. İnnovasiya ilə məşğulluğu birləşdirən əsas amil insandır. Texnologiya yeni imkanlar yaradır. Həmin imkanları real nəticəyə çevirən isə insanın biliyi, bacarığı və təşəbbüsüdür.
"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Milli Məşğulluq Forumunda çıxış edərkən deyib.
Nazir müavini bildirib ki, əmək bazarında dəyişikliklərin miqyası və sürəti artıq gündəlik həyatımızın hiss olunur: "Süni intellekt iş proseslərini yeniləyir. Rəqəmsal həllər yeni fəaliyyət sahələri yaradır. Ənənəvi peşələr isə fərqli bacarıqlarla zənginləşir. Bu gün sahib olduğumuz biliklərə yenilərini əlavə etmək və peşəkar inkişafı davam etdirmək həm işçilərin, həm də işəgötürənlərin gündəlik ehtiyacına çevrilir. Bu dəyişikliklərin əmək bazarına təsiri beynəlxalq araşdırmalarda da aydın görünür.
Beynəlxalq Əmək Təşkilatının tədqiqatına görə, dünyada hər 4 iş yerindən biri süni intellektin müəyyən təsirinə məruz qala bilər".
Onun sözlərinə görə, müasir məşğulluq siyasətinin əsas məqsədi insanların bilik və bacarıqlarını inkişaf etdirməsində potensialının reallaşdırılması və əmək bazarında yeni imkanların yaradılmasıdır: "Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosialyönümlü siyasətdə insan kapitalının inkişafı, iqtisadiyyatın şaxələndirilməsi və vətəndaşların rifahının yüksəldilməsi mühüm yer tutur. Məşğulluq siyasətində bu məqsədlərə dəyər verilərək iqtisadi inkişafla sosial rifah arasında birbaşa əlaqə yaradır. Yeni iqtisadi imkanlar, iş yerləri əmək bazarında iştirak isə ailələrin dayanıqlı gəlirə və insanlara gələcəyə inamına çevrilir".




