"Son 10 ildə fənn müəllimlərində irəliyə doğru köklü dəyişikliklər var" - Emin Əmrullayev

5 Oktyabr, 2026 - 11:13
"Son 10 ildə fənn müəllimlərində irəliyə doğru köklü dəyişikliklər var"

"Şagirdlər öyrənirlərmi?" sualına cavab əgər bəli olacaqsa, onda proses irəliyə doğru gedir. Yox, "Şagirdlər öyrənirmi?" sualını biz ümumiyyətlə cavablandırmadan, yalnız şagirdin ətrafında olan başqa məsələləri müzakirə ediriksə, doğru bir şey deyil. Yəni təhsilin mahiyyəti, mərkəzi, bütün məqsədi şagirdlə bağlıdır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışı zamanı səsləndirib.

Nazir bildirib ki, gündəlik müzakirələrin, ictimaiyyət arasında söylənilən fikirlərin predmeti 50%-dən az halda şagird haqqındadır: “Müzakirələr daha çox böyüklər, inzibati problemlər, onların şəxsi gündəliyi haqqındadır. Amma bizim məktəbimizin ən vacib müzakirə mövzusu şagirdlərimizin öyrənib-öyrənməməsidir”.

Nazirin sözlərinə görə, bu gün müasir cəmiyyət müasir müəllimimizdən müasir bacarıqlar tələb edir: “Müəllimliyə qəbul edilmiş şəxslərin bir neçə ixtisas yazıb, həmin ixtisaslardan birinə qəbul olub, bir neçə ildən sonra balı çatmadığı üçün müəllimlik peşəsini seçib-seçmədiyi çox vacib məqamdır. Əgər seçim pisdirsə, orada uzunmüddətli problemlərimiz olacaq. Yəni başqa peşəyə düşə bilmədiyindən müəllimlik peşəsinə düşübsə, onda müəyyən mənada irəlidə problemlər olacaq. Amma hər halda daha arzuolunan ssenari odur ki, o uşaqlıqdan bu peşənin vurğunu olsun”. 

Nazir qeyd edib ki, son 10 ildə fənn müəllimlərində irəliyə doğru köklü, əhəmiyyətli dəyişikliklər var: “Bu bizi sevindirir. Əminəm ki, bu, təhsilimizin gələcəkdə daha keyfiyyətli olması üçün vacib məqamdır”.