Həlak olan minatəmizləyənlərin övladlarının təhsil haqları sentyabrdan dövlət hesabına ödəniləcək - ETN

6 May, 2026 - 15:02
Həlak olan minatəmizləyənlərin övladlarının təhsil haqları sentyabrdan dövlət hesabına ödəniləcək - ETN

Minatəmizləmə zamanı həlak olanların dövlət və özəl ali məktəblərdə və ya kolleclərdə ödənişli əsaslarla təhsil alan ailə üzvlərinin təhsil haqları dövlət büdcəsi hesabına qarşılanır.

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin əməkdaşı Cabbar Hüseynli jurnalistlərə açıqlamasında deyib.O qeyd edib ki, qanun sentyabr ayından qüvvəyə minəcək: "Azad olunmuş ərazilərdə infrastrukturun bərpası, əhalinin geri qayıdışına uyğunlaşmanın təmin edilməsi və sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu çərçivədə aparılan mina və partlayıcı maddələrdən təmizləmə işləri mühüm əhəmiyyət daşıyır. Təəssüflə qeyd etmək istərdik ki,  bu fəaliyyətlər zamanı mina partlayışları nəticəsində bədbəxt hadisələr baş verib, nəticədə həyatını itirən və ya sağlamlığını itirən şəxslər olub. Bu kimi hallarda zərərçəkmiş şəxslərin və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tərəfindən müvafiq tədbirlər görülür. Qanunvericiliyə olunmuş son dəyişikliklərə əsasən, mina partlayışı nəticəsində zərərçəkmiş şəxslərin ailə üzvləri üçün əlavə sosial təminat mexanizmləri tətbiq olunur. Bu çərçivədə dövlət və özəl orta ixtisas və ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan şəxslərin təhsil haqları dövlət büdcəsi hesabına qarşılanır”.

Nazirliyin əməkdaşı onu da bildirib ki, qanunvericilikdə edilmiş dəyişikliklərdən əvvəl baş vermiş hadisələr nəticəsində zərərçəkən şəxslərin ailə üzvlərinin də sosial müdafiəsinin təmin olunması üçün əlavə tədbirlərin görülməsi nəzərdə tutulur.