Mingəçevir Dövlət Universiteti QS Stars-da 4 istiqamət üzrə 5 ulduz alıb

16 Oktyabr, 2026 - 10:52
Mingəçevir Dövlət Universiteti QS Stars-da 4 istiqamət üzrə 5 ulduz alıb

Mingəçevir Dövlət Universiteti (MDU) beynəlxalq ali təhsil məkanında mühüm uğura imza atıb. Universitet dünyanın nüfuzlu ali təhsil analitika şirkətlərindən biri olan Quacquarelli Symonds (QS) tərəfindən həyata keçirilən QS Stars beynəlxalq qiymətləndirmə sistemində dörd istiqamət üzrə maksimum nəticə – 5 ulduz əldə edib.

“Azərbaycan müəllimi” xəbər verir ki, universitet beynəlxalq qiymətləndirmədə ilk iştirakında ümumilikdə 4 ulduza layiq görülüb. MDU-nun tədris, yaxşı idarəetmə, müxtəliflik, bərabərlik və inklüzivlik, eləcə də məşğulluq istiqamətlərində ən yüksək nəticə göstərməsi regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələrinin beynəlxalq rəqabət qabiliyyətinin artırılması baxımından diqqətəlayiq nailiyyət hesab olunur.

Qiymətləndirmənin nəticələrinə əsasən, universitetin tədris (Teaching) istiqamətində 5 ulduz qazanması təhsilin keyfiyyəti, tələbəyönümlü akademik mühitin formalaşdırılması və professor-müəllim heyətinin peşəkarlığı ilə bağlı göstəricilərin yüksək qiymətləndirildiyini əks etdirir.

Yaxşı idarəetmə (Good Governance) istiqamətində əldə olunan maksimum nəticə universitetdə şəffaflıq, hesabatlılıq, strateji planlaşdırma və nəticəyönümlü idarəetmə prinsiplərinin tətbiqi baxımından xüsusi əhəmiyyət daşıyır.

Müxtəliflik, bərabərlik və inklüzivlik (Diversity, Equity & Inclusion) üzrə 5 ulduzun əldə edilməsi isə tələbə və əməkdaşlar üçün bərabər imkanların yaradılması, inklüziv və əlçatan akademik mühitin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən fəaliyyətin beynəlxalq səviyyədə qiymətləndirilməsinin göstəricisidir.

Universitetin məşğulluq (Employability) istiqamətində də maksimum nəticəyə nail olması məzunların əmək bazarına inteqrasiyası, tələbələrin karyera imkanlarının genişləndirilməsi və işəgötürənlərlə əməkdaşlığın inkişaf etdirilməsi sahəsində görülən işlərin əhəmiyyətini ön plana çıxarır.

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov əldə olunan nəticəni universitetin beynəlxalq ali təhsil məkanına inteqrasiyası və institusional inkişafı baxımından mühüm uğur kimi dəyərləndirib.

Rektorun sözlərinə görə, beynəlxalq qiymətləndirmədə ilk iştirakdan belə nəticənin əldə edilməsi universitetdə həyata keçirilən islahatların, akademik mühitin müasirləşdirilməsinin, idarəetmədə yeni yanaşmaların tətbiqinin və əmək bazarının tələblərinə uyğun təhsil imkanlarının genişləndirilməsinin əhəmiyyətini bir daha göstərir.

“Bu uğur bütövlükdə MDU ailəsinin birgə zəhmətinin, həmrəyliyinin və ortaq məqsədlər uğrunda göstərdiyi ardıcıl səylərin nəticəsidir. Nailiyyətin əldə olunmasında əməyi olan bütün professor-müəllim heyətinə, əməkdaşlarımıza, tələbələrimizə və universitetimizin inkişafına töhfə verən hər kəsə dərin minnətdarlığımızı bildiririk”, – deyə Anar Eminov vurğulayıb.

Rektor bildirib ki, beynəlxalq qiymətləndirmələrdə iştirak universitet üçün yalnız mövcud nəticələrin nümayiş etdirilməsi deyil, həm də inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və fəaliyyətin qlobal ali təhsil standartlarına uyğun təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, QS Stars ali təhsil müəssisələrinin fəaliyyətini müxtəlif meyarlar əsasında qiymətləndirən beynəlxalq sistemdir. Bu sistem universitetlərin tədris keyfiyyəti, idarəetmə, beynəlmiləlləşmə, məşğulluq, sosial məsuliyyət və digər istiqamətlər üzrə fəaliyyətinin təhlilinə imkan yaradır.

İlk iştirakında ümumilikdə 4 ulduz əldə edən Mingəçevir Dövlət Universiteti QS Stars sistemində yüksək nəticə göstərən Azərbaycan ali təhsil müəssisələri sırasında yer alıb. Xüsusilə paytaxtdan kənarda fəaliyyət göstərən bir universitetin dörd istiqamət üzrə maksimum göstəriciyə nail olması regionlarda ali təhsilin inkişafı və beynəlxalq standartlara uyğunlaşdırılması baxımından əlamətdardır.

Əldə olunan nəticə Mingəçevir Dövlət Universitetinin beynəlxalq tanınmasının genişləndirilməsi ilə yanaşı, regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələrinin qlobal akademik məkanda daha fəal təmsil olunması üçün yeni imkanlar yaradır.

Mingəçevir Dövlət Universiteti QS Stars-da 4 istiqamət üzrə 5 ulduz alıb