MİQ-lə işə qəbul olanların bilik səviyyəsi əvvəlkilərlə müqayisədə yüksəkdir - Nazir
"Son on il ərzində müəllimlərin işə qəbulu mərkəzləşdirilib və MİQ yolu ilə işə qəbul olunan müəllimlərin 99,8 faizi sertifikatlaşdırma prosesindən uğurla keçib. Bu müəllimlərin təxminən 80 faizi yüksək bal toplayıb".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Xəzər TV", Trend və APA informasiya agentliklərinə müsahibəsində deyib.
Nazir bildirib ki, son on ildə mərkəzləşdirilmiş qaydada işə qəbul olunan müəllimlərin fənn üzrə bilik səviyyəsi əvvəlki dövrlərdə işə qəbul olunanlarla müqayisədə 2,5 dəfə yüksəkdir:
"Biz 1990, 2000, 2010 və 2020-ci illərdən sonra ali təhsil müəssisələrinin müəllimlik ixtisaslarına qəbul olan tələbələrin ballarında da əsaslı dəyişiklik görə bilərik. Məsələn, 2013-2014-cü tədris ilində pedaqoji universitetin ibtidai sinif müəllimliyi ixtisasına 500 baldan yuxarı nəticə ilə qəbul olunan tələbələrin sayı çox az idi. Hazırda isə yüzlərlə belə tələbəmiz var".
Emin Əmrullayevin sözlərinə görə, müəllimin əməkhaqqısının yüksəldilməsi Elm və Təhsil Nazirliyi üçün də prioritet məsələlərdəndir:
"Hər il müəllimlərin orta əməkhaqqısı statistik olaraq yüksəlib. Sertifikatlaşdırma prosesi Azərbaycan məktəbinə rəqabət gətirməklə yanaşı, tədrisin keyfiyyətini də yaxşılaşdırır. Eyni zamanda, müəllimlərin əməkhaqlarında diferensiallaşma yaradaraq onların gəlirlərinin artmasına şərait yaradır. İşə qəbul olunan müəllimlərin keyfiyyəti bizdə sual doğurmur. Müəllimlik bu gün kifayət qədər rəqabətli peşədir".




