MIT tələbəsi: Uğur birdən-birə gəlmir, bu, uzunmüddətli zəhmətin bəhrəsidir
Son illər Azərbaycan gəncləri yalnız ölkə daxilində deyil, beynəlxalq elmi və akademik mühitdə də öz uğurları ilə fərqlənirlər. Yüksək intellektual potensialı, güclü bilik bazası və formalaşmış bacarıqları sayəsində onlar dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində təhsil almağa nail olur, gələcək karyera yüksəlişində inamla irəliləyirlər. Bu nailiyyətlər təkcə fərdi uğur hekayələri deyil, bütövlükdə Azərbaycan təhsilinin savadlı, məqsədyönlü və perspektivli nəslinin yetişməsindən soraq verir. Bu gün həmin gənclər ölkənin gələcək elmi, texnoloji və intellektual potensialını formalaşdıran əsas qüvvə kimi çıxış edirlər. Əldə edilən uğurlar göstərir ki, düzgün istiqamətləndirmə, zəhmət və elmə sevgi ilə Azərbaycan gəncliyi dünyanın ən qabaqcıl universitetlərində layiqli yer tutur və ölkəmizi beynəlxalq arenada yüksək səviyyədə təmsil edir.
Belə uğurlu gənclərdən biri də dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olunan Selcan Süleymanlıdır. Adıçəkilən universitetin Qəbul Komissiyası tərəfindən göndərilən rəsmi məktubda onun yüksək akademik və şəxsi nailiyyətləri xüsusi vurğulanır və Selcanın MIT üçün uyğun namizədlərdən biri olduğu qeyd edilir.
“Azərbaycan müəllimi”nin müsahibi olan istedadlı gəncimizlə onbirillik orta təhsil müddətində qazandığı nailiyyətləri, məktəb illərindən formalaşmış elmə marağı, gələcək planları barədə söhbətləşdik.
“Riyaziyyata olan sevgim məni fizika fənninə yaxınlaşdırdı”
2007-ci ildə Bakı şəhərində anadan olan Selcan Süleymanlının elmə marağı əvvəlcədən planlaşdırılmış bir seçim deyildi. Bizimlə söhbətində deyir ki, ilk dəfə fizikaya marağı hələ Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində VII sinifdə oxuyarkən respublika fənn müsabiqələrində iştirak etməsi ilə başlayıb: “Riyaziyyata olan sevgim məni fizika fənninə yaxınlaşdırdı. Fizika ilə tanış olanda gördüm ki, bu fənn kainatı izah etmək üçün ən güclü vasitələrdən biridir. Məhz o vaxtdan fizika mənim üçün sadəcə dərs yox, maraq və həyat tərzinə çevrildi. Və özümü respublika fənn müsabiqələrində fizika üzrə sınamaq istədim”.
Məhz bu yaxınlıqdan doğan qərar - fizika sahəsində özünü sınamaq Selcanın ilk böyük uğuruna - gümüş medal almasına gətirib çıxarır. Və bu uğur növbəti illərdə davamlı olur. Belə ki, istedadlı gəncimiz 2022-ci ildə RFO-nun bürünc, 2023 və 2024-cü illərdə qızıl, 2025-ci ildə isə gümüş medalına layiq görülür.
Bununla yanaşı, o, Azərbaycan Astronomiya və Astrofizika Olimpiadasında da mühüm uğurlara imza atıb. 2023-cü ildə bu olimpiadada bürünc medal əldə edən Selcan 2024-cü ildə qızıl medal qazanaraq “birincilərin birincisi” adına layiq görülüb.
“İlk olmaq” məsuliyyəti
Onun beynəlxalq səviyyədə ən böyük nailiyyətlərindən biri 2025-ci ildə keçirilən Beynəlxalq Fizika Olimpiadasında bürünc medal qazanması olub. Bu nəticə ilə Selcan Süleymanlı həmin olimpiadada medal əldə edən ilk azərbaycanlı qız kimi tarixə düşüb. Eyni ildə o, Asiya Fizika Olimpiadasında da həvəsləndirici mükafata layiq görülüb.
Selcan söyləyir ki, qazandığı uğurlar onun illərlə çəkdiyi gərgin zəhmətin nəticəsi idi: “Beynəlxalq Fizika Olimpiadasında ilk azərbaycanlı qız olaraq medal qazanıb ölkəmizin təhsil tarixinə düşmək mənim üçün həm şərəf, eyni zamanda qürurverici idi. Düşünürəm ki, mənim uğurum digər qızlara da motivasiya ola bilər”.
“London İmperial Kollecindən sonra MIT-ə qəbul almaq arzularıma bir addım daha da yaxınlaşdırır”
Selcan Süleymanı ötən il dünya sıralamasında ikinci olan London İmperial Kollecinə qəbul olunub. Bu barədə danışarkən qeyd edir ki, fizika və kimya elmlərinə olan marağına görə material elmləri və mühəndisliyini gələcək ixtisası kimi bir neçə il öncədən seçmiş olsa da, daha sonra nüvə mühəndisliyinin gələcəkdəki potensialına əsasən bu iki ixtisasın üstündə çalışmaq qərarına alıb: “London İmperial Kolleci Londonda yeganə universitetlərdəndir ki, bu iki ixtisası birdən oxumaq imkanı verir. Həmin vaxt mən yarımkeçiricilər və nüvə materialları üzrə ixtisaslaşmağı planlaşdırırdım”.
“London İmperial Kollecindən Massaçusets Texnologiya İnstitutuna (MIT) keçid qərarını necə verdin?” sualımıza cavab olaraq Selcan bildirir ki, bu, ani qərar deyildi, arzularının gerşəkləşməsi, hədəflərinə çatması üçün gözəl bir fürsət idi. Və onu dəyərləndirməyə çalışıb: “London İmperial Kollecindən sonra MIT-ə qəbul almaq arzularıma bir addım daha da yaxınlaşdırır. Bilirsiniz ki, London İmperial Kolleci mühəndislik sahəsində dünyanın ən yaxşı təhsil müəssisələrindən biridir. Lakin mən təhsilimi mühəndislik sahəsi ilə yanaşı, fizika üzrə də davam etdirmək istəyirəm. MIT mənə daha geniş imkanlar, daha güclü tədqiqat mühiti və fərqli perspektivlər təqdim etdiyi üçün seçimimi dəyişdim. Massaçusets Texnologiya İnstitutu tələbələrinə bu şəraiti təmin edir. Burada tələbələrin ixtisaslarını seçməsi üçün müəyyən bir müddət verilir.Tələbələrin öz sahələri ilə yanaşı, başqa istiqamətlərdə də elmi araşdırmalarda iştirak etmələri dəstəklənir. Bununla yanaşı, buradakı tələbə cəmiyyətinin bir qismi keçmiş olimpiadaçı şagirdlərdir. Bu mühitdə həmin istedadlı gənclərlə yenidən bir arada çalışmaq mənim üçün ən böyük motivasiyalardan biridir. Burada “Material elmləri və mühəndisliyi” ilə yanaşı, “Fizika” ixtisası üzrə təhsil almağı planlaşdırıram”.
İstedalı gəncimiz söyləyir ki, keçən il materiallar sahəsində yarımkeçiricilər üzrə çalışmağı düşünürdü. Hazırda isə topoloji izolyatorlara daha çox marağının olduğunu söyləyir: “Təhsil aldığım müddətdə təzə təcrübələrlə yeni sahələri də araşdırma imkanım olacaq. Buna görə də gələcəkdə başqa sahədə də çalışmağı istəyə bilərəm”.
Böyük hədəflərə çatmaq çətin görünə bilər, amma...
Selcan xaricdə təhsil almaq istəyən gənclərə diqqət etmələri olan məqamlardan söz açaraq qeyd edir ki, davamlılıq, düzgün planlama və özünə inanmaq önəmlidir. O, xarici ali ölkələrin nüfuzlu ali məktəblərində təhsil almaq istəyən gənclərə yalnız dil biliyinə fokuslanmamağı, eyni zamanda seçdikləri sahə üzrə fundamental bilikləri dərindən öyrənmələrini tövsiyə edir. Digər vacib məqam isə psixoloji hazırlıqdır. Xaricdə təhsil almaq yalnız akademik deyil, həm də şəxsi məsuliyyət baxımından ciddi bir seçimdir.
Öz uğur hekayəsini yazan Selcan Süleymanlının sözlərinə görə, nailiyyətlərə, qarşıya qoyulan hədəflərə çatmaq bir anda olmur. O, davamlı zəhmətin, düzgün qərarların və heç vaxt dayanmamağın nəticəsidir. Böyük hədəflərə çatmaq çətin görünə bilər, amma doğru yanaşma ilə onlar əlçatandır.Uğur birdən-birə gəlmir, bu, uzunmüddətli zəhmətin bəhrəsidir.



