MRİO çərçivəsində taekvondo yarışlarına start verildi
Məktəblilərin Respublika İdman Olimpiadası (MRİO) çərçivəsində taekvondo yarışlarına start verilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, yarışlar Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçirilir.
Yarışlarda məktəbli qızlar 41,44,47, 51, 55, 59 kq çəki dərəcələri üzrə, oğlanlar isə 41,45, 49, 53,57, 61,65 və 65+ kq çəki dərəcələrində öz güclərini sınayacaq. Yarışlarda 14 məktəbdən 128 şagird iştirak edəcək.
Məlumat üçün qeyd edək ki, Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində iştirakçılar 21–26 iyun tarixlərində ağırlıqqaldırma, atletika, badminton, basketbol, boks, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, bədii gimnastika, stolüstü tennis, taekvondo və velosiped idmanı növləri üzrə mübarizə aparacaqlar.
Məktəblilərin Respublika İdman Olimpiadası Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə keçirilir. Bu layihə məktəblilər arasında respublika səviyyəsində təşkil olunan ilk genişmiqyaslı idman tədbiridir.
Olimpiadanın əsas məqsədi məktəblilər arasında idmanın inkişafına töhfə vermək, sağlam həyat tərzini təşviq etmək, fiziki hazırlıq səviyyəsini yüksəltmək, istedadlı gəncləri üzə çıxarmaq və onların gələcək inkişaf perspektivlərini dəstəkləməkdir.




