Müasir təhsilin yol xəritəsi – Əkbər Bayramovun 95 illiyi
Azərbaycan psixologiya elmi bu il özünün ən böyük simalarından birinin – görkəmli alim, psixoloji fikrin istiqamətvericisi, elmi məktəb qurucusu professor Əkbər Bayramovun 95 illik yubileyini qeyd edir. Bu yubiley yalnız bir alimin həyat yoluna hörmət deyildir. Azərbaycanda psixoloji fikrin zirvəsini fəth edən, psixoloji düşüncəsinin, milli kimlik konsepsiyasının və təhsil strategiyalarının inteqrasiya nöqtəsinə çevrilmiş bir irsin yenidən qiymətləndirilməsi, onun müasir dövr üçün əhəmiyyətinin və psixologiya elminin gələcək inkişafı üçün perspektivlərinin ayırd edilməsidir.
Təfəkkürün psixologiyası: Yeni istiqamətin banisi
Professor Əkbər Bayramovun elmi irsinin özəyində insan təfəkkürünün keyfiyyətləri, tənqidi və müstəqil düşüncənin formalaşması məsələləri dayanır. O, 1950–1960-cı illərdə dünya psixologiyasının tanınmış siması Salomon Aş ilə paralel olaraq təfəkkürün müstəqilliyini şəxsiyyətin fundamental xüsusiyyəti kimi araşdırmış və psixologiyada yeni metodoloji xətt yaratmışdır.
Bu yanaşmaya ana xətti belədir: insan təkcə məlumat toplayan varlıq deyil, o, öz fikrini yaradan və ona görə məsuliyyət daşıyan şəxsiyyətdir. Bu isə bu gün tənqidi və yaradıcı düşüncənin əsas məqsəd olduğu müasir təhsil modelinin psixoloji bazasını təşkil edir.
Ədəbiyyat – milli psixologiyanın laboratoriyası kimi
Ə.Bayramovun tədqiqatlarının ən qiymətli tərəflərindən biri onun milli məzmun daşıması və bu konteksdə Azərbaycan ədəbi-bədii irsini psixoloji fikir prizmasından araşdırmasıdır. O, “Kitabi-Dədə Qorqud” dastanında davranış arxetiplərini, qəhrəmanların psixoloji modelini, Nizami Gəncəvinin əsərlərində simvolik təfəkkür sistemini, Nəsimi poeziyasında ekzistensial düşüncənin erkən formalarını, M.Füzuli, M.Ə.Sabir, M.F.Axundzadənin və Cəlil Məmmədquluzadə yaradıcılığında psixososial təhlilin dərin qatlarını elmi şəkildə sistemləşdirərək milli psixologiyanın minilliklərə söykənən konsepsiyasını yaratmışdır. Bu araşdırmaları ilə sübut etmişdir ki, Azərbaycan psixoloji fikri yalnız elmi metodologiyanın deyil, zəngin ədəbi-mədəni kodların da daşıyıcısıdır.
Etnik psixologiyanın qurucusu
Professor Əkbər Bayramov Azərbaycan psixologiyasında etnik psixologiya istiqamətinin əsasını qoyan alimdir. Onun “Etnik psixologiya”, “Etnik-psixoloji xüsusiyyətlərin inikası” adlı əsərləri milli kimliyin psixoloji ruhunu elmi müstəvidə şərh edən fundamental tədqiqatlardır. Bu əsərlərində etnoslararası münasibətlərin psixoloji mahiyyətini, milli xarakterin strukturlarını araşdırmaqla yanaşı, Ə.Bayramov qarşıdurma və informasiya müharibələri dövründə psixoloji təhlükəsizlik məsələlərinin elmi başlanğıcını qoymuşdur.
Elm təşkilatçısı və məktəb yaradıcısı
Əkbər Bayramovun xidmətləri təkcə nəzəri fəaliyyətlə məhdudlaşmayıb. O, 46 kitabın, 600-dən çox məqalənin müəllifi, onlarla monoqrafiyanın və dərsliyin elmi redaktoru, 36 doktorantın elmi rəhbəri, BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin qurucusu və ilk dekanı, Azərbaycanda psixologiya üzrə ilk dissertasiya şuralarının yaradıcısı olmuşdur. O, elmi, pedaqoji, təşkilati fəaliyyəti ilə psixologiyanı Azərbaycanda müstəqil və sistemli elmi sahəsinə çevirməyə, elmi kadr hazırlığı prosesini institusional müstəviyə daşımağa nail olmuşdur.
Müasir təhsil üçün strateji əhəmiyyət kəsb edən irs
Professor Əkbər Bayramovun irsi bu gün Azərbaycan təhsili üçün üç əsas istiqamətdə aktualdır:
1.Təfəkkürün inkişafı modeli – tənqidi, yaradıcı və müstəqil düşüncənin psixoloji mexanizmləri müasir kurikulumların inkişafında mühüm baza təşkil edir.
2.Milli kimlik və mədəni kodların tədrisə inteqrasiyası – onun ədəbiyyat əsasında apardığı təhlillər milli-mənəvi dəyərlərin təhsil prosesinə elmi əsaslarla daxil edilməsinə imkan yaradır.
3. Şəxsiyyət yönümlü pedaqogika – insanın özünüdərki, sosial adaptasiya, emosional inkişaf kimi məsələlər üzərində apardığı araşdırmalar müasir psixoloji xidmət sisteminin nəzəri dayaq nöqtəsidir.
Bu irs bu gün niyə aktualdır?
İnformasiya bolluğu dövründə təfəkkür mədəniyyətinin zəiflədiyi bir zamanda Ə.Bayramovun tənqidi düşüncə konsepsiyası strateji əhəmiyyət daşıyır. Qloballaşmanın milli kimlik üzərində yaratdığı təzyiqlər fonunda onun etnik psixologiya araşdırmaları milli təhlükəsizlik və mədəni davamlılıq üçün mühüm elmi cəmiyyətin psixososial problemlərinin artdığı müasir mərhələdə onun metodoloji məktəbi aktual və tətbiq oluna bilən elmi model olaraq qalır.
Nəticə
Professor Əkbər Bayramov Azərbaycan psixologiyasının memarı, milli psixoloji özünüdərkin ideoloqu, elmin populyarlaşmasının fədakar təşkilatçısıdır. Onun irsi təkcə keçmişin elmi nailiyyəti deyil, bu günün təhsil siyasəti, şəxsiyyətin formalaşması və milli kimlik məsələləri üçün fundamental yol xəritəsidir. Onun tədqiqatları düşünən, yaradıcı, milli dəyərlərinə bağlı gənc yetişdirməyə istiqamətlənib. Bu gün onun məktəbi, ideyaları və ardıclıları bu missiyanı böyük məsuliyyətlə davam etdirirlər.
Mehriban Vəliyeva,
Milli Məclisin deputatı


