“Müəllim dərsdə lider olmalıdır” – Təcrübəli pedaqoq Tərifə İsmayılova
Lənkəran təhsil mühitində uzun illər səmərəli fəaliyyəti ilə seçilən, pedaqoji və ictimai sahədə mühüm xidmətlər göstərmiş Tərifə İsmayılova zəngin pedaqoji təcrübəsi, formalaşdırdığı dəyərlər və yetişdirdiyi nəsillərlə yadda qalan müəllimlərdəndir. Onun həyat yolu yalnız bir məktəbin deyil, bütövlükdə bir dövrün təhsil və ictimai həyatının aynası kimi diqqət çəkir.
Tərifə İsmayılovanın uzunillik pedaqoji fəaliyyəti yalnız fərdi təcrübə nümunəsi deyil, həm də yeni nəsil müəllimlər üçün dəyərli bir istiqamətverici modeldir. “Azərbaycan müəllimi” olaraq məqsədimiz bu cür zəngin təcrübəyə malik pedaqoqları ictimaiyyətə tanıtmaq, onların illərin sınağından çıxmış bilik və bacarıqlarından gənc nəslin faydalanmasına şərait yaratmaqdır. İnanırıq ki, belə nümunələr yeni nəslin müəllimlik fəaliyyətinə daha sistemli, dəyər əsaslı və məsuliyyətli yanaşmasına töhfə verəcək.
Sütəmurdov məktəbində başlanan ömür yolu
Tərifə İsmayılovanın pedaqoji fəaliyyəti Lənkəran şəhər Sütəmurdov kənd tam orta məktəbi ilə sıx bağlıdır. O, əmək fəaliyyətinə 1974-cü ildə uşaq birliyi təşkilatı rəhbəri kimi başlayıb. Qısa müddətdən sonra rus dili müəllimi kimi fəaliyyətini davam etdirən Tərifə müəllimə 1979-cu ildən tədris işləri üzrə direktor müavini, 1991-ci ildən isə direktor vəzifəsində çalışıb. Bu mərhələlər onun həm pedaqoq, həm də idarəçi kimi formalaşmasında mühüm rol oynayıb.
“Müəllim lider olmalıdır” yanaşması
Müsahibimiz deyir ki, sovet dövründə gənc müəllimlərin təcrübəli pedaqoqlara təhkim olunması, kollektivdə qarşılıqlı dəstək və məsuliyyət hissi xüsusi önəm daşıyırdı.
Tərifə İsmayılova hesab edir ki, bu gün təhsil sistemində çatışmayan əsas cəhətlərdən biri müəllimin dərsdə liderlik mövqeyini tam şəkildə nümayiş etdirə bilməməsidir: “Müəllim dərsdə lider olmalıdır. Dərsdə müəllimin “lider olmaq” təşəbbüsünün olmaması hazırda təhsil sistemində çatışmayan ən ümdə cəhətlərdəndir”.
Direktor məsuliyyəti – ən ağır yük
Müxtəlif vəzifələrdə çalışmasına baxmayaraq, o, ən böyük məsuliyyətin direktor vəzifəsinin üzərinə düşdüyünü qeyd edir. Məktəbdə təlim-tərbiyə prosesinin düzgün təşkili, dərslərin keyfiyyətli qurulması, şagird nailiyyətlərinin yüksəldilməsi və sağlam mənəvi-psixoloji mühitin formalaşdırılması bu vəzifənin əsas prioritetləri olub.
Dəyərlərin dəyişən mənzərəsi
Sovet dövründə komsomol təşkilatında fəaliyyət göstərmiş Tərifə müəllim gənclər arasında ciddi fərqlərin yarandığını vurğulayır:
“Sovet dövrünün gəncləri ilə müasir dövr gəncləri arasında dünyagörüşü, dəyərlər, həyat tərzi baxımından ciddi fərqlər mövcuddur. Komsomol dövrünün gəncləri vahid bir ideologiya - kommunizm ətrafında birləşirdi. Kollektiv fəaliyyətə, “biz” anlayışına üstünlük verirdilər. İndiki gənclər isə daha çox şəxsi inkişaf və müstəqilliyi ön planda tuturlar. Komsomol dövrünün gəncləri "birlik və ideologiya", indiki gənclər isə "fərdiyyətçilik və texnologiya" xətti ilə xarakterizə olunurlar”.
İctimai-siyasi fəaliyyət və təşkilatlanma təcrübəsi
Yeni Azərbaycan Partiyasının ərazi təşkilatının yaradıcılarından biri kimi fəaliyyət göstərən Tərifə İsmayılova bu istiqamətdə ideoloji xəttə sadiqliyi əsas prinsip kimi qəbul edib. O, təşkilatlanma prosesinə məsuliyyətlə yanaşmağın fəaliyyətinin aparıcı xəttinə çevrildiyini bildirir.
Azərbaycanda keçirilən ilk Qadınlar Qurultayının üzvü olmaq da Tərifə İsmayılovanın həyatında xüsusi yer tutur. Bu tədbir qadınların cəmiyyətin müxtəlif sahələrində rolunun artmasını daha dərindən dərk etməyə imkan yaradıb. Qurultay çərçivəsində Ümummilli Lider Heydər Əliyevlə görüş və səmimi söhbət onun yaddaşında silinməz iz buraxıb.
Ən böyük uğur – insan yetişdirmək
Onun üçün müəllimlik fəaliyyətində ən böyük nailiyyət şagirdlərinin qazandığı vəzifələr və ya titullar deyil: “Məni ən çox qürurlandıran yetişdirdiyim şagirdlərin vətəninə, xalqına, cəmiyyətə faydalı, savadlı, vicdanlı, ləyaqətli insan olmasıdır. Hər bir şagirdimin uğuru mənim üçün ən böyük uğurdur”.
“Ən böyük dəyər işinə sədaqətdir”
Tərifə İsmayılova bildirir ki, pedaqoji fəaliyyətində ən mühüm qərarlar kollektivin rəyinə əsaslanaraq qəbul olunub. Onun üçün əsas prinsip müəllim məsuliyyətinin artırılması və dəyərlərin qorunması olub.
Uzunillik fəaliyyəti ilə seçilən Tərifə İsmayılova üçün müəllimlik yalnız peşə deyil, həm də mənəvi məsuliyyətdir. O, fəaliyyətə verilən rəsmi qiymətləndirmədən daha çox gördüyü işin mahiyyətinə önəm verir: “Uzun illər pedaqoji və ictimai fəaliyyətlə məşğul olsam da, indiyədək hər hansı fəxri ad, təltif və ya mükafata layiq görülməmişəm. Lakin mənim üçün əsas olan bu deyil. Hər zaman öz işimi sevərək, böyük məsuliyyət və vicdanla yerinə yetirmişəm. Mənim üçün ən böyük qiymət yetirdiyim şagirdlərin həyatda öz yerlərini tapması, cəmiyyətə faydalı insan kimi formalaşmasıdır”.
Onun fikrincə, müəllimin və ümumilikdə ziyalının cəmiyyətdə rolu daha geniş və məsuliyyətlidir: “Hesab edirəm ki, müəllimin və ümumilikdə ziyalının ən böyük məziyyətlərindən biri cəmiyyətdə vətəndaş məsuliyyətini formalaşdırmaq, laqeydlik və itaətsizlik meyillərinin qarşısını almaqdır. İllərin təcrübəsi isə yalnız o zaman real təsir gücünə malik olur ki, dövlətin vətəndaşa verdiyi dəyər vaxtında və layiqincə qiymətləndirilsin. Bu yanaşma cəmiyyətdə sağlam vətəndaş mövqeyinin formalaşmasına xidmət edir”.
Gənc müəllimlərə tövsiyə
Təcrübəli pedaqoq gənc müəllimlərə öz ixtisas biliklərini daim inkişaf etdirməyi, şagirdlərin psixologiyasını dərindən anlamağı, onlarla düzgün ünsiyyət qurmağı tövsiyə edir: “Özlərindən daha təcrübəli həmkarlarının dərslərini müşahidə etsinlər və onlardan məsləhət alsınlar. Məktəbin ictimai həyatında (sosial və mədəni tədbirlərində) fəal iştirak etsinlər və təşəbbüskarlıq göstərsinlər”.
Tərifə İsmayılovanın həyat və fəaliyyət yolu bir daha təsdiq edir ki, müəllimlik yalnız peşə deyil, həm də məsuliyyətli və şərəfli bir missiyadır. Bu missiyanı ləyaqətlə daşıyan müəllimlər isə cəmiyyətin gələcəyini formalaşdıran əsas qüvvə kimi hər zaman yüksək dəyərə layiqdirlər.



