Müəllim şəxsi inancının şagirdə təsir etməsinə yol verməməlidir – Elçin Hüseynov

13 Oktyabr, 2026 - 17:14
Müəllim şəxsi inancının şagirdə təsir etməsinə yol verməməlidir

“Məktəblərdə vahid geyim qaydalarının olması vacibdir. Təhsil müəssisəsinin vəzifəsi yalnız şagirdə müəyyən fənlər üzrə bilik verməkdən ibarət deyil. Məktəb, eyni zamanda, insanın şəxsiyyət kimi formalaşdığı, məsuliyyət, qarşılıqlı hörmət və birgəyaşayış mədəniyyəti qazandığı mühitdir. Uşaq burada öz hüquqlarını tanımaqla yanaşı, başqalarının hüquqlarına hörmət etməyi və ümumi qaydalara əməl etməyi də öyrənir. Vahid geyimə də bu ümumi məktəb mədəniyyətinin bir elementi kimi baxıram”.

Bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun baş elmi işçisi, fizika elmləri doktoru, professor Elçin Hüseynov bildirib.

O qeyd edib ki, məktəb hamı üçün bərabər imkanların yaradıldığı məkan olmalıdır: “Şagirdin ailəsinin maddi imkanları onun məktəbdəki mövqeyini, özünə münasibətini və digər uşaqlarla əlaqələrini müəyyən etməməlidir. Geyimin qiyməti və markası uşaqlar arasında üstünlük göstəricisinə çevrildikdə diqqət təhsildən uzaqlaşa bilər. Vahid məktəbli geyimi bu fərqlərin görünməsini azaltmağa, uşaqlarda eyni kollektivə mənsubiyyət hissini gücləndirməyə kömək edə bilər”.

Professorun sözlərinə görə, geyim bəzi insanlar üçün şəxsi seçim, digərləri üçün isə dini mənsubiyyətin və ailə ənənəsinin ifadəsidir. Buna görə də məktəbin geyim qaydaları müzakirə edilərkən fərqli yanaşmaların meydana çıxması təbiidir: “Belə hallarda əsas məsələ qarşılıqlı ittihamlarla mübahisəni dərinləşdirmək deyil, məktəbin məqsədini və ümumi qaydaların məntiqini izah etməkdir. Mən dini etiqada hörmətlə məktəbin dünyəvi xarakterinin qorunmasını bir-birini istisna edən anlayışlar kimi görmürəm. Dünyəvi məktəb müxtəlif inanclara malik ailələrin uşaqlarının birgə təhsil aldığı ortaq məkandır. Burada heç bir uşağa dini mənsubiyyətinə görə üstünlük verilməməli və ya mənfi münasibət göstərilməməlidir. Məktəbin fəaliyyəti elmi biliklərə, pedaqoji prinsiplərə və bütün şagirdlər üçün müəyyən edilmiş ümumi qaydalara əsaslanmalıdır.

Xüsusilə ibtidai siniflərə münasibətdə daha həssas və prinsipial yanaşmanın tərəfdarıyam. Bu yaşda uşağın müstəqil qərarvermə bacarığı hələ inkişaf edir və ailənin onun seçimlərinə təsiri böyükdür. Belə mübahisələrdə uşaq böyüklərin qarşıdurmasının mərkəzinə çevrilməməlidir. Onun emosional reaksiyasından ictimai mübahisədə arqument kimi istifadə etmək əvəzinə, ailə, məktəb rəhbərliyi və müvafiq mütəxəssislər arasında sakit dialoq qurulmalıdır. Qaydaların məqsədi uşağı cəzalandırmaq deyil, bütün şagirdlər üçün aydın və təhlükəsiz təhsil mühiti yaratmaqdır”.

E.Hüseynov bildirib ki, müasir dünyəvi məktəb modeli elmi biliklərə, tənqidi düşüncəyə, ədalətli münasibətə və insan ləyaqətinə hörmətə əsaslanmalıdır: “Belə məktəbdə şagird yalnız məlumatı yadda saxlayan şəxs kimi yetişdirilmir. O, sual verməyi, faktla şəxsi rəyi fərqləndirməyi, müxtəlif mənbələri müqayisə etməyi və öz fikrini əsaslandırmağı öyrənir. Müasir təhsilin əsas vəzifələrindən biri məhz müstəqil düşünən insan yetişdirməkdir. Dünyəvilik məktəbdə dini və mədəni müxtəlifliyə hörmətsizlik mənasına gəlmir. Şagirdlər müxtəlif dinlər, mədəniyyətlər və dünyagörüşləri haqqında yaşlarına uyğun, obyektiv məlumat ala bilərlər. Lakin tədris prosesi hər hansı etiqadın qəbul etdirilməsinə və ya müəyyən baxışın şagirdə məcburən aşılanmasına xidmət etməməlidir. Müəllimin vəzifəsi uşağın yerinə düşünmək deyil, onun düşünmə bacarığını inkişaf etdirməkdir.

Məktəbdə bərabərlik də düzgün başa düşülməlidir. Bərabərlik bütün uşaqların eyni qabiliyyətə və eyni ehtiyaclara malik olduğunu qəbul etmək demək deyil. Əksinə, hər bir şagirdin fərdi xüsusiyyətləri nəzərə alınmalı, inkişafı üçün uyğun imkan yaradılmalıdır. Kimi təbiət elmlərində, kimi humanitar sahələrdə, incəsənətdə və ya texnologiyada daha yüksək potensial göstərə bilər. Məktəb bu potensialı görməli və dəstəkləməlidir”.

Müsahibimizin sözlərinə görə, uşağın müxtəlif fikirlərlə tanış olması təhsilin təbii bir hissəsidir, lakin ilk növbədə, “kənar ideoloji təsir” anlayışını dəqiq müəyyənləşdirmək lazımdır: “Narahatlıq doğuran hal dini və ya başqa baxışın şagirdə təzyiq yolu ilə qəbul etdirilməsi, onun sual vermək və müstəqil düşünmək imkanının məhdudlaşdırılmasıdır. Məktəbin qorunması bu cür təsirlərin qarşısının alınmasına yönəlməlidir. Bunun üçün məktəbin fəaliyyətində aydın qaydalar və məsuliyyət bölgüsü olmalıdır. Kənar təşkilatların iştirakı ilə keçirilən tədbirlər, təqdim olunan materiallar və müxtəlif əməkdaşlıqlar təhsil məqsədlərinə uyğunluq baxımından əvvəlcədən qiymətləndirilməlidir. Tədbirin adı ilə yanaşı, məzmunu, kim tərəfindən keçirildiyi və uşaqlara hansı mesajların verildiyi də əhəmiyyətlidir. Məktəb rəhbərliyi bu prosesə məsuliyyətlə yanaşmalıdır.

Müəllimin peşəkar mövqeyi də mühüm rol oynayır. Müəllim şəxsi inancını və dünyagörüşünü şagirdin qiymətləndirilməsinə və onunla münasibətinə təsir etdirməsinə yol verməməlidir. Sinifdə fərqli fikirlər səslənəndə müzakirəni faktlara və qarşılıqlı hörmətə əsaslanan şəkildə aparmalıdır. Bunun üçün müəllimlərin pedaqoji bacarıqları, media savadlılığı və həssas mövzular üzrə ünsiyyət imkanları davamlı inkişaf etdirilməlidir”.

Professor qeyd edib ki, müasir dövrdə təsirlər yalnız məktəbə gələn şəxslər və ya keçirilən tədbirlərlə məhdudlaşmır: “Uşaqlar sosial şəbəkələrdə və digər rəqəmsal platformalarda da çoxsaylı məlumatlarla qarşılaşırlar. Buna görə məktəbi qorumağın yolu yalnız nəzarət tədbirlərindən keçmir. Şagirdə mənbəni yoxlamağı, manipulyativ məlumatı tanımağı və emosional çağırışlarla əsaslandırılmış arqumentlər arasındakı fərqi görməyi öyrətmək lazımdır. Valideynlərlə əməkdaşlıq da bu işin vacib hissəsidir. Məktəbin qaydaları ailələrə aydın izah edilməli, narahatlıqların vaxtında bildirilməsi üçün etibarlı ünsiyyət yaradılmalıdır. Uşaq hər hansı təzyiq və ya ayrı-seçkiliklə qarşılaşdıqda bunu rahatlıqla deyə bilməlidir. Mən hesab edirəm ki, məktəbin kənar təsirlərə qarşı ən güclü dayağı keyfiyyətli təhsil, peşəkar müəllim heyəti, şəffaf idarəetmə və müstəqil düşünən şagirdlərdir.

Sonda şagirdləri və valideynləri sosial şəbəkələrdə yayılan əsassız iddialara və çaşdırıcı təbliğata inanmamağa, məlumatların doğruluğunu etibarlı mənbələrdən yoxlamağa çağırıram. Hesab edirəm ki, vahid məktəbli geyimi ilə bağlı qərarın əsas məqsədi məktəblərdə bərabər və nizamlı mühit yaratmaq, təhsil və tərbiyə işinin yüksək səviyyədə təşkilinə dəstək verməkdir. Bu məsələyə məhz uşaqların təhsilinin və gələcəyinin mənafeyi baxımından yanaşmalıyıq. Ortaq hədəfimiz Vətənə faydalı, bilikli, bacarıqlı və məsuliyyətli vətəndaşlar yetişdirmək olmalıdır”.