“Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlərlə sağollaşmışıq - Nazir

15 Dekabr, 2025 - 22:06
“Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlərlə sağollaşmışıq - Nazir

“İnanıram ki, bizim son 10 ildə müəllimlərimizin tədris keyfiyyəti əsaslı şəkildə artıb. Bu həm diaqnostika, həm sertifikatlaşdırma, həm də işə prosesində görünür. Bizim yüzlərlə dil və ədəbiyyat, riyaziyyat, tarix, biologiya müəllimimiz var ki, onlar qəbul imtahanlarında 500-dən çox bal toplayıblar. Bu da onu göstərir ki, gələcək müəllimlərimizin diplomları saxta deyil, bu, çox vacibdir. Çünki əvvəllər biz saxta diplomlu, “müəllim” sözünü düzgün yaza bilməyən müəllimlərdən danışırdıq. Onlarla da artıq sağollaşmışıq”.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev REAL TV-nin "Vacib Sual" verilişində səsləndirib. 

O bildirib ki, indi daha rəqabətli bir iş yerindən danışılır:

“Məsələn, hazırda Bakı şəhərində bir müəllim yeri üçün bir neçə yüz nəfər namizəd yarışır və onlardan yalnız biri seçilir. Yüz nəfərdən biri seçilir, 99 nəfər seçilmir. Təbii ki, bu halda uğur qazanmayan da prosesi bəyənmir. Amma sistem və dövlət üçün bu, çox gözəl nəticədir. Rəqabət olan yerdə inkişaf da olur. Yeni nəsil müəllimlərimizin səviyyəsi sertifikatlaşdırma nəticələrində də görünür. Son 5 ildə işə qəbul olunan müəllimlərin sertifikatlaşdırma imtahanındakı orta nəticəsi 25 il və daha çox pedaqoji stajı olan müəllimlərin orta nəticəsindən yüksək olub. Bu da nəticəni aydın şəkildə göstərir”.