“Müəllimin geyimi şagirdlərin məsuliyyət hissinə təsir göstərir” – Sahib Alıyev

14 Oktyabr, 2026 - 12:04
“Müəllimin geyimi şagirdlərin məsuliyyət hissinə təsir göstərir”

“Şagirdlərin vahid məktəbli forması geyinmələri əvvəlcə Konstitusiyamıza, sonra da  "Ümumi təhsil haqqında" (3.1.2-1-ci maddə) və "Uşaq hüquqları haqqında" (19.2-ci maddə) Qanuna əsaslanır”.

Bunu “Azərbaycan müəllimi”nə Milli Məclisin deputatı Sahib Alıyev deyib.

Onun sözlərinə görə, ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri millilik və dünyəvilikdir, bu da aparıcı ölkələr daxil olmaqla bir çoxlarının təcrübəsində var:

“Bizim üçün isə ən önəmlisi odur ki, Prezidentin eyni ailənin üzvləri kimi dəyərləndirdiyi Mərkəzi Asiyanın qardaş dövlətləri də təhsilə, məktəbə yanaşmada eyni prinsipdən çıxış edirlər, son vaxtlara qədər Türkiyədə də vəziyyət elə idi.

Mən öncə üzümü təsir altında olan, bu hicab məsələsinin arxasında hansı məkrli niyyətlərin dayandığından xəbərsiz valideynlərə tutub deyirəm ki, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir. İstəyirəm valideynlər bilsinlər ki, məktəbli formasının təhsilin keyfiyyətinə, şagird davranışına və akademik mühitə müsbət təsirini təsdiqləyən xeyli beynəlxalq elmi araşdırmalar var. Məsələn, ABŞ-nin Milli Sağlamlıq İnstitutunun PMC platformasındakı araşdırmaları göstərir ki, vahid geyim forması xüsusilə aztəminatlı ailələrdən olan şagirdlərin dərsə davamiyyətini artırır və şagirdlər arasında geyim üzərindən yaranan fərqlilikləri neytrallaşdırır. Bu isə yeniyetmə bullinqini və məktəbdə qruplaşmalar yaranmasını əhəmiyyətli dərəcədə azaldır, uşaqların kollektivə aidiyyət duyğusunu gücləndirir. Sosioloq və tədqiqatçı Chris Badenin apardığı və geniş istinad olunan başqa bir araşdırmada dövlət məktəblərində vahid geyim forması tətbiq edildikdən sonra şagirdlərin daxili intizam qaydalarını pozma hallarının qarşısının alınmasına müsbət təsir göstərdiyi vurğulanır”.

Deputat qeyd edib ki, tədqiqatçılar bunu formanın yaratdığı "rəsmi və işgüzar atmosfer" ilə izah edirlər:
“Hicabla, yaxud da ki açıq-saçıq geyimlə məktəbə gedən bəzi müəllimlərə isə tövsiyəm budur ki, az-çox savadları varsa, vaxt tapıb haqqında qısa bəhs edəcəyim bəzi araşdırmalarla daha geniş tanış olsunlar. Onlardan biri Almaniyada aparılıb və nəticəsi “ResearchGate” platformasında yerləşdirilib. Orada  müəllimin açıq-saçıq geyinməsinin  şagirdlərin dərsə qarşı məsuliyyət hissi zəiflətdiyi təsbit olunub. Baxın, dünyada ən nüfuzlu, eyni zamanda da ən böyük elmi, texniki, tibbi və sosioloji rəqəmsal platformalarından biri olan "Wiley Online Library"dəki tədqiqatlar da təsdiqləyir ki, müəllimin rəsmi, yaxud işgüzar üslubda geyinməsi şagirdlərin şüuraltında onun səriştəliliyi, bilik səviyyəsi və nizam-intizamı barədə yüksək təəssürat yaradır. Şagirdlər işgüzar geyimli müəllimin tələblərinə və daxili nizam-intizam qaydalarına daha ciddi yanaşırlar. Düzdür, Niderlandın “ScienceDirect” platformasında dərc olunan araşdırmada vahid formanın yuxarı siniflərdə davamiyyəti yaxşılaşdırsa da, test ballarında birbaşa və kəskin bir artıma səbəb olmadığı bildirilir. Amma elə yenə də həmin “ScienceDirect”də yayımlanan bir eksperimentdə eyni fənni tədris edən müəllimlər bir qrupda rəsmi, digər qrupda sərbəst geyimdə dərslərə giriblər. Rəsmi geyimli müəllimin sinfində tələbə davamiyyəti 8.5% daha yüksək olub və bu sinfin final imtahanı ballarında 3.02%-lik artım qeydə alınıb. Beləliklə, yekun nəticə ondan ibarətdir ki, geyim forması savadın artmasında mühüm amil sayılmasa da, dərslərin daha sakit, bərabərhüquqlu və diqqət yayındırmayan bir mühitdə keçilməsinə şərait yaradaraq dolayısı ilə təhsilin keyfiyyətinə müsbət təsir göstərir.

Amma hətta bu dediyim üstünlüklər olmasa belə, mən məktəblə məscidin dəyişik salınmasının qəti əleyhinəyəm. Belə biri durumun yaranmasını ən çox arzulayanların  kimlikləri isə heç kəsə sirr deyil. Azərbaycan torpaqlarının işğalında və bu işğalın uzun müddət qalmasına bir zamanlar arxa planda fəaliyyət göstərənlər indi ön plandadırlar. Yenə də məqsəd işğaldır, ideoloji işğal. Görməyəcəklər! Arzuları indi "Arsax"ın statusu haradadırsa, bax ora göndəriləcək. Elə özləri də gec-tez ora gedəcəklər. Çünki onlar qədər islam dininə, ümmətin birliyinə zərbə vuran kimsə yoxdur”.