Müəllimlər sosial şəbəkələrdən necə istifadə edirlər? 

30 Oktyabr, 2026 - 17:30
Müəllimlər sosial şəbəkələrdən necə istifadə edirlər? 

Müasir dövrdə sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. İnformasiya mübadiləsinin sürətləndiyi, ünsiyyət imkanlarının genişləndiyi rəqəmsal dünyada bu platformalar təhsil sahəsi üçün də yeni imkanlar yaradır. Xüsusilə müəllimlər üçün sosial şəbəkələr yalnız ünsiyyət və məlumat paylaşımı vasitəsi deyil, həm də peşəkar inkişaf, təcrübə mübadiləsi, innovativ təhsilin ictimaiyyətə daha yaxından tanıdılması baxımından əhəmiyyətli bir platformadır.

Bu gün müəllim sosial şəbəkələr vasitəsilə həm öz peşəkar fəaliyyətini nümayiş etdirə, həm də pedaqoji təcrübəsini daha geniş auditoriya ilə bölüşə bilər. Müxtəlif tədris metodları, interaktiv dərs nümunələri, yaradıcı layihələr, şagirdlərin bilik və bacarıqlarını inkişaf etdirən təşəbbüslər haqqında paylaşımlar digər müəllimlər üçün də faydalı təcrübə mənbəyinə çevrilir. Sosial şəbəkələrin tədris prosesinə müsbət təsiri şagirdlərin öyrənməyə marağının artırılmasında da özünü göstərir. 

Lakin sosial şəbəkələrdən istifadə geniş imkanlar yaratmaqla yanaşı, müəyyən məsuliyyət də tələb edir. Müəllimin hər bir paylaşımı onun şəxsi mövqeyi ilə yanaşı, peşəkar kimliyini və pedaqoji etikasını da əks etdirir. Buna görə də paylaşımlarda etik davranış normalarına riayət edilməsi və məlumatların düzgünlüyünün yoxlanılması xüsusi əhəmiyyət daşıyır.

Bəs region müəllimləri sosial şəbəkələrdən necə istifadə edirlər, rəqəmsal mühitdə hansı prinsipləri əsas götürürlər?

“Azərbaycan müəllimi” Gəncə-Daşkəsən və Qazax-Tovuz Regional Təhsil İdarələrinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan, sosial şəbəkələrdə aktiv fəaliyyət göstərən müəllimlərin bu və digər məsələlərlə bağlı fikirlərini öyrənib.

“Paylaşımlarımda müəllimlik fəaliyyətimə və şagirdlərimlə keçirdiyim maraqlı anlara yer verirəm”


Gəncə şəhər 22 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zərifə Xasayeva sosial şəbəkələrdən həm pedaqoji fəaliyyəti, həm də gündəlik həyatı ilə bağlı paylaşımlar etmək üçün istifadə edir. Onun fikrincə, sosial media müəllimin fəaliyyətini daha geniş auditoriyaya təqdim etməklə yanaşı, onun şəxsiyyətini, mənəvi dünyasını, düşüncə tərzini və dünyagörüşünü tanıtmaq baxımından da mühüm imkanlar yaradır. 

Onun sözlərinə görə, şagirdlər müəllimlərini yalnız dərs izah edən, tapşırıq verən və bilik aşılayan şəxs kimi deyil, həm də şəxsiyyəti, dünyagörüşü, davranışı və həyat enerjisi ilə seçilən bir insan kimi görmək istəyirlər. Müəllimin mütaliəyə, incəsənətə, səyahətə və müxtəlif ictimai-mədəni fəaliyyətlərə marağını əks etdirən paylaşımlar şagirdlər üçün əlavə motivasiya mənbəyinə çevrilə bilər. Bu cür ünsiyyət onların müəllimə münasibətində hörmət, rəğbət və fəxr hissini gücləndirməklə yanaşı, dünyagörüşlərinin formalaşmasına da müsbət təsir göstərir: “Mənim üçün pedaqoji fəaliyyət yalnız sinif otağında, dərs prosesində həyata keçirilən işlərlə məhdudlaşmır. Düşünürəm ki, məni izləyənlər sanki mənimlə birgə getdiyim yerləri səyahət edir, sevincli, duyğulu anlarımı birgə yaşayırıq. Həyatın içindən olan bəzi səmimi paylaşımlar müəllimin daxili aləminə səyahətdir. Müəllimin şəxsi nümunəsi, həyata baxışı, ünsiyyət mədəniyyəti və sosial davranışları da təlim-tərbiyə prosesinin mühüm tərkib hissəsidir. Bu baxımdan sosial şəbəkələr müəllimlə şagird, eləcə də müəllimlə cəmiyyət arasında daha səmimi ünsiyyətin formalaşmasına şərait yaradır”.

Zərifə Xasayeva hesab edir ki, sosial şəbəkələr həm də təhsilin və pedaqoji prosesin imkanlarını genişləndirən vasitələrdən biri kimi dəyərləndirilməlidir. Pedaqoqlar burada yalnız gündəlik fəaliyyətlərini deyil, uğurlu dərs nümunələrini, yaradıcı təlim metodlarını, şagirdlərin intellektual və yaradıcılıq fəaliyyətlərini, ədəbi-bədii tədbirləri və maarifləndirici materialları da paylaşmaqla təhsil mühitinə töhfə verə bilərlər. 

Pedaqoqun fikrincə, sosial şəbəkələrdə populyarlıq qazanmaq müəllim nüfuzuna həm müsbət, həm də mənfi təsir göstərə bilər. Burada əsas meyar tanınmağın hansı məzmun və davranış üzərində qurulmasıdır. Müəllimin sosial mediada nümayiş etdirdiyi mövqe, nitq mədəniyyəti, etik davranışı və paylaşdığı məlumatlar yalnız onun şəxsi imicini deyil, bütövlükdə müəllim peşəsinə olan ictimai münasibəti də formalaşdıra bilər.

Zərifə Xasayeva şagirdlərin foto və videolarının sosial şəbəkələrdə paylaşılması məsələsinə də xüsusi həssaslıqla yanaşır. Onun fikrincə, uşaqların şəxsi həyatının toxunulmazlığı, hüquqları və təhlükəsizliyi hər şeydən üstün tutulmalıdır. Şagirdlərin görüntülərinin paylaşılması zamanı onların və valideynlərinin razılığı, şəxsi məlumatların qorunması və rəqəmsal təhlükəsizlik prinsipləri əsas götürülməlidir.

Həmsöhbətimiz  hesab edir ki, müəllim sosial şəbəkələrdə də pedaqoji məsuliyyətini unutmamalıdır. Çünki müəllimin hər bir paylaşımı, şərhi və ictimai davranışı müəyyən mənada onun peşəkar kimliyinin təqdimatıdır. 

“Sosial şəbəkələr pedaqoji imkanları genişləndirir və təhsili əlçatan edir” 

Mahmud Zeynalov adına Dəliməmmədli şəhər tam orta ümumtəhsil məktəbinin kimya müəllimi Nəzrin Kərimova sosial şəbəkələrdəki paylaşımları ilə fənnin maraqlı tərəflərini göstərməyə və şagirdlərdə maraq oyatmağa çalışır: “Paylaşımlarımda daha çox müəllimlik fəaliyyətimə və şagirdlərimlə keçirdiyim anlara yer verirəm. İstəyirəm ki, səhifəmə baxan hər kəs kimyanın maraqlı tərəflərini görsün. Məncə, təhsil işçisinin sosial şəbəkəsi həm öyrətməli, həm ilham verməli, həm də təhsilə, müəllimə sevgi oyatmalıdır”.

Müəllim hesab edir ki, sosial şəbəkələrdə özünü sərbəst ifadə etmək mümkündür, lakin bu zaman peşə məsuliyyəti unudulmamalıdır: “İstər paylaşılan bir video, istər istifadə olunan ifadə və ya nümayiş etdirilən münasibət bizi izləyən insanların müəllim haqqında düşüncələrini formalaşdıra bilər. Belə videolarda müəllimin mehriban, səmimi və həyat dolu tərəfini görmək şagirdlərlə onun arasında daha səmimi ünsiyyətin yaranmasına kömək edir”.

Pedaqoq sosial şəbəkələri pedaqoji fəaliyyətin nəticələrini nümayiş etdirmək üçün də əlverişli vasitə hesab edir: “Müəllimin uğuru onun şagirdlərinin inkişafına verdiyi töhfələrdə, öyrənməyə maraqlarının artırılmasında və əldə etdikləri nailiyyətlərdə görünür. Sosial şəbəkələr bu müsbət nəticələri göstərmək və başqalarına ilham vermək üçün yaxşı vasitədir. Eyni zamanda  sosial şəbəkələr pedaqoji imkanları genişləndirir və təhsili əlçatan edir”. 

Kimya müəlliminin fikrincə, müəllim paylaşım edərkən bir çox amilləri nəzərə almalıdır: “Müəllimlər sosial şəbəkədə paylaşım edərkən etik normalara riayət etməli, insan ləyaqətinə, şəxsi həyatın məxfiliyinə hörmətlə yanaşmalıdır. Hər bir paylaşımda onun davranışı, ünsiyyət tərzi cəmiyyət tərəfindən müşahidə olunur və müəllim adına münasibətin formalaşmasına təsir göstərir”.

O, sosial platformaların müəllimlər arasında təcrübə mübadiləsi üçün yaratdığı imkanlara da diqqət çəkib. Qeyd edir ki, müxtəlif dərs üsullarını, yaradıcı tapşırıqları və təlim yanaşmalarını izləmək müəllimlərə yeni ideyalar qazandırır, öz fəaliyyətlərini təkmilləşdirməyə şərait yaradır.

“Məqsəd sadəcə “gündəmdə qalmaq” olanda, bu, tədrisin ciddiliyini kölgədə qoyur”


Gəncə şəhər 32 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimi Çiçək Məmmədova isə sosial şəbəkələrdə peşəkar fəaliyyətə və təhsil yeniliklərinə üstünlük verir: “Paylaşımlarımda əsas yeri hər zaman peşəkar fəaliyyət və təhsil yenilikləri tutur. Şəxsi həyatın göz önündə olmasının tərəfdarı deyiləm. Müəllimin sosial şəbəkəsi cəmiyyəti maarifləndirməyə, faydalı təcrübə paylaşmağa və peşəkar dəyər yaratmağa xidmət etməlidir”.

Onun fikrincə, şəxsi həyatla peşəkar kimlik arasındakı sərhədi müəyyənləşdirərkən etik prinsiplər əsas götürülməlidir: “Əsas meyarımız bu paylaşımın şagirdlər və cəmiyyət üçün nə ifadə etməsidir. Çünki şagirdlər bizi yalnız sinifdə deyil, rəqəmsal dünyada da izləyirlər. Müəllimin danışıq tərzi və hərəkətləri onlar üçün nümunədir”.

O, sosial şəbəkələrdə populyarlığın peşəkar nüfuza təsirinin paylaşılan məzmundan asılı olduğunu düşünür: “Əgər populyarlıq keyfiyyətli kontentə və real faydaya söykənirsə, bu, peşəkar nüfuzu gücləndirir. Lakin məqsəd sadəcə “gündəmdə qalmaq” olanda, bu, tədrisin ciddiliyini kölgədə qoyur və müəllimi əsas missiyasından uzaqlaşdırır”.

Çiçək müəllim sosial şəbəkələrdən istifadə zamanı etik prinsiplərin gözlənilməsini də vacib sayır: “Əsas istiqamət üç istiqamətdən ibarətdir: məxfilik – şagirdlərin şəxsi sahəsinə hörmət; şəffaflıq və dürüstlük; müəllim adının məsuliyyətini hər zaman qorumaq”.

Müəllimlər sosial şəbəkələrdə bir saat dərsləri ilə bağlı maraqlı çıxışlar etsələr... 


Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyindəki Şəmkir rayonu Vüqar Alırzayev adına 1 nömrəli tam orta məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı, tarix müəllimi Ceyhun Məmmədov sosial şəbəkələrdə şəxsi həyatı ilə bağlı paylaşımlara yer vermir: “Müəllimlik fəaliyyətim mənim üçün daha önəmlidir. Fikrimcə, müəllimlər sosial şəbəkələrdə daha çox öz peşəkar fəaliyyətlərini, pedaqoji təcrübələrini, tədris etdikləri fənlərlə bağlı maraqlı və maarifləndirici məzmuna yer verməlidirlər. Müəllim cəmiyyətdə yalnız bilik ötürən şəxs deyil, həm də örnək olan, düşüncə tərzinin formalaşmasına təsir göstərən və insanları maarifləndirən bir şəxsiyyətdir. Bu baxımdan, onun sosial şəbəkələrdəki fəaliyyəti də peşəsinə, nüfuzuna və ictimai məsuliyyətinə uyğun olmalıdır”.

Ceyhun müəllim qeyd edir ki, müasir dövrdə sosial şəbəkələr təhsilverənlər üçün öz bilik və bacarıqlarını nümayiş etdirmək, şagirdlərə və valideynlərə faydalı məlumatlar çatdırmaq, təhsil sahəsindəki yenilikləri bölüşmək və peşəkar fəaliyyətlərini daha geniş auditoriyaya təqdim etmək baxımından mühüm platformadır. Müəllim dərs prosesindən maraqlı nümunələr, tədris metodları, motivasiyaedici fikirlər və ixtisası ilə bağlı faydalı məlumatlar paylaşmaqla öz peşəkarlığını nümayiş etdirə bilər.

Onun fikrincə, müəllim şagirdləri üçün davranışı, şəxsiyyəti və peşəkarlığı ilə nümunə olmalıdır: “Cəmiyyətdə müəllimin xüsusi statusu var. Müəllimin şəxsi həyatı onun özünə məxsusdur və insanların müzakirə obyektinə çevrilməməlidir. İnsanlar sosial şəbəkələrdə müəllimin gündəlik şəxsi həyatından daha çox onun biliklərindən, təcrübəsindən, dünyagörüşündən və peşəkar fəaliyyətindən faydalana bilərlər”.

Tarix müəllimi mütəmadi olaraq tarixə dair məqalələrlə çıxış etdiyini və bu paylaşımların izləyicilər tərəfindən böyük maraqla qarşılandığını bildirir. O, hətta şagirdlərinin təqdim etdiyi tarixi faktlar ətrafında müzakirələr və fikir mübadiləsi apardıqlarını da qeyd edir. Deyir ki, bu cür müzakirələr şagirdlərin tarixi mövzulara marağının artırılması, fərqli yanaşmaları müqayisə etməsi, tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsi və müstəqil araşdırmaya təşviq olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Ceyhun Məmmədov sosial şəbəkələrin tədris prosesini zənginləşdirmək imkanlarına da xüsusi diqqət çəkir: “Biz müəllimlər, adətən, öyrənməyə və mütaliəyə həvəs göstəririk, amma bildiklərimizin, demək istədiklərimizin hamısını 45 dəqiqə ərzində şagirdlərə çatdıra bilmirik. Əgər müəllimlər sosial şəbəkələrdə hər gün heç olmasa bir saat dərsləri ilə bağlı maraqlı çıxışlar etsələr, əlavə faktlar və videogörüntülər paylaşsalar, bu, şagirdlərdə maraq və motivasiya yaradar”.  

“Müəllim sosial şəbəkələrdə peşəkarlığını nümayiş etdirməlidir”

Şəmkir rayonu Qasımalılar kənd tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Şəhla Ələsgərova sosial şəbəkələrdən, əsasən, maarifləndirmə, milli-mənəvi dəyərlərin təbliği və tarixi irsimizin tanıdılması məqsədilə istifadə edir.

O, tədris prosesində müasir yanaşmalara və informasiya-kommunikasiya texnologiyalarından istifadəyə üstünlük verir. Müəllim hesab edir ki, gənc nəslin mədəni irsimizə və dövlətçilik ənənələrimizə sadiq, milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər ruhda yetişməsində hər bir təhsilverənin üzərinə mühüm məsuliyyət düşür: “Bir müəllim kimi gənc nəslin mədəni irsimizə, dövlətçilik ənənələrinə sadiq, milli-vətənpərvərlik ruhunda böyüməsində dəstəyimi əsirgəmirəm. Sosial şəbəkələrdə də bu missiyamı davam etdirərək milli-mənəvi dəyərlərin, Azərbaycan mədəniyyətinin, dövlətçilik ənənələrinin və vətənpərvərlik tərbiyəsinin təbliğinə xüsusi önəm verirəm”. 

Müəllim səyahət etdiyi bölgələrin tarixi, təbii sərvətləri və müasir həyatı ilə bağlı araşdırmalar aparır, hazırladığı videoçarxları izləyiciləri ilə bölüşür. Onun sözlərinə görə, bu paylaşımların müsbət rəylərlə qarşılanması yaradıcılıq həvəsini daha da artırır.
Şəhla Ələsgərova, eyni zamanda, qiraətçi kimi şeirlər səsləndirir. O, bu fəaliyyətin dünyagörüşünə, yeni düşüncələrin formalaşmasına və yaradıcılıq imkanlarının genişlənməsinə müsbət təsir göstərdiyini qeyd edir: “Düşünürəm ki, müəllim sosial şəbəkələrdə şəxsi həyatını deyil, peşəkarlığını nümayiş etdirməlidir. Yəni təqdim etdiyi məzmun izləyici auditoriyasına zövq verməli, onlarda maraq və müsbət təəssürat yaratmalıdır”.

Şəhla Ələsgərovanın “TikTok” platformasında 16 min izləyicisi var. Müəllim hesab edir ki, bu auditoriyanın formalaşmasında paylaşımlara sərf etdiyi zəhmət, hazırladığı maarifləndirici materiallar, canlı təqdimatlar və konfranslar mühüm rol oynayır.
Pedaqoq hesab edir ki, müəllimlərin virtual məkandakı fəaliyyəti etik prinsiplərə əsaslanmalı, qərəzlilikdən və hər hansı sui-istifadə hallarından uzaq olmalıdır. Onun fikrincə, müəllimin sosial şəbəkələrdəki fəaliyyəti də peşəkarlığının, dünyagörüşünün və mənəvi dəyərlərə bağlılığının göstəricisi olmalıdır.