“Müəllimlərimin motivasiyası ilə uğur qazanıram” – Paralimpiyaçı çempion

31 Mart, 2026 - 10:12
“Müəllimlərimin motivasiyası ilə uğur qazanıram”

"Əsas işim dərs oxumaq və idmanla məşğul olmaqdır. Məktəb müəllimləri də mənə kifayət qədər motivasiya verirlər, bu motivasiyadan ruhlanıram". Bu fikirlər Gürcüstanın paytaxtı Tbilisidə keçirilən parapauerliftinq üzrə Açıq Avropa çempionatında qızıl medal qazanan paralimpiyaçımız İlhamiz Kərimova məxsusdur.

"Azərbaycan müəllimi" Füzuli məktəblisi, paralimpiyaçı İlhamiz Kərimovla həmsöhbət olub.

İ. Kərimov 2009-cu ildə Füzuli rayonunun Əhmədbəyli kəndində anadan olub. Hazırda Məhəmməd Əsədov adına Əhmədbəyli kənd tam orta ümumtəhsil məktəbinin 11-ci sinif şagirdidir.

İlhamiz hələ kiçik yaşlarından idmana maraq göstərir, hər gün idmanla məşğul olur. Əzmkarlıq və inamlılıq nümayiş etdirir. Yarışlara qatılır, birincilik qazanır. Onun idmanla bağlılığında doqquzqat Avropa çempionu olan Azərbaycan paracüdoçusu İlham Zəkiyevin də rolu olub.

"Bəlkə də 3 il əvvəl olar, tam yadımda deyil, İlham Zəkiyevlə tanış oldum. Məşqlərdə hər zaman dəstəyini göstərirdi. Yay tətilində məşqlər Sumqayıtda oldu. Qələbə qazanmaq ruhu ilə hazırlaşırdım yarışlara. Elə bu səbəbdən də qatıldığım bir çox idman yarışlarında yer tutmuşam".

Gənc idmançı 2024-cü ildə Uşaq Paralimpiya Oyunlarında ağırlıq qaldırma üzrə Azərbaycan çempionu adını qazanıb. 5–19 oktyabr 2025-ci ildə isə Misir Ərəb Respublikasının Qahirə şəhərində təşkil olunmuş parapauerliftinq idman növü üzrə Dünya çempionatında ağırlıq qaldırma idman növü üzrə 2-ci yerə çıxaraq gümüş medala sahib olub. Bu ilin mart ayında Gürcüstanın paytaxtı Tbilisi şəhərində təşkil olunmuş parapauerliftinq idman növü üzrə Açıq Avropa çempionatında birincilik əldə edərək qızıl medala layiq görülüb.

İlhamiz deyir ki, bu il orta məktəbdə həm də sonuncu ilidir, qarşıda imtahanları var. Əsas məşğuliyyəti idman və dərsləri olduğundan imtahanlara hazırlaşmaq üçün kifayət qədər vaxtı olur.
Qeyd edək ki, İlhamiz Kərimov (+107 kq, 16 yaş) Tbilisidə Açıq Avropa çempionatı statusu daşıyan yarışda ən yaxşı qaldırmada 115 kq, ümumi qaldırmada isə 330 kq göstərərək hər iki göstərici üzrə qızıl medal qazanıb.