Müəllimlərin məzuniyyət pulu necə hesablanır? – DETALLAR
Müəllimlərin əmək məzuniyyəti ilə bağlı qaydalar hər il, xüsusilə yay tətili yaxınlaşdıqca yenidən müzakirə mövzusuna çevrilir. Ən çox verilən suallar isə dəyişmir: kimə 56 gün düşür, kimə 42 gün, məzuniyyət pulu necə hesablanır, yeni işə başlayan müəllim tam məzuniyyət ala bilərmi və son dəyişikliklər bu sahədə nəyi dəyişir?
Kimə 56, kimə 42 gün məzuniyyət verilir?
Mövzu ilə bağlı əmək qanunvericiliyi üzrə ekspert Kəmalə Yusifova “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 118-ci maddəsinə əsasən, pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətinin müddəti konkret müəyyən edilib.

Belə ki, aşağıdakı kateqoriyaya daxil olan şəxslərə 56 təqvim günü əmək məzuniyyəti verilməlidir:
Təhsil müəssisələrində çalışan və illik iş normasının ən azı üçdə biri həcmində pedaqoji fəaliyyət göstərən rəhbər işçilər, tərbiyəçilər və təlimatçılar, həmçinin dərnək və musiqi rəhbərləri, konsertmeysterlər, akkompaniatorlar, xormeysterlər və digər musiqi sahəsində çalışan pedaqoji heyət bu qrupa daxildir. Bununla yanaşı, bütün ixtisas və adlardan olan müəllimlər (məşqçi müəllimlər istisna olmaqla) da 56 günlük məzuniyyət hüququna malikdirlər.
Eyni müddət uşaq birliyi rəhbərlərinə, praktik psixoloqlara, loqopedlərə və surdopedaqoqlara da şamil olunur. Həmçinin təhsil müəssisələrində çalışan bəzi tərbiyəçilər (müəyyən internat tipli məktəblər istisna olmaqla), eşitmə kabinetlərinin təlimatçıları, dərnək rəhbərləri, hərbi rəhbərlər və bədən tərbiyəsi rəhbərləri də bu kateqoriyaya daxildir.
Bundan əlavə, sosial müdafiə orqanlarında və tibb müəssisələrində birbaşa pedaqoji fəaliyyətlə məşğul olan işçilər, elmi müəssisələrdə və ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrində çalışan, elmlər doktoru elmi dərəcəsi olan əməkdaşlar, onların rəhbərləri, elmi işlər üzrə müavinləri və elmi katibləri də 56 gün məzuniyyət hüququ əldə edirlər. Müvafiq elmi şuranın qərarı ilə müstəqil elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan elmi işçilər də bu qrupa daxildir.
Digər tərəfdən, bəzi kateqoriyalar üçün əmək məzuniyyəti 42 təqvim günü müəyyən edilib. Bu qrupa uşaq evlərində və məktəbəqədər təhsil müəssisələrində çalışan rəhbər işçilər, tərbiyəçilər, tərbiyəçi-müəllimlər, metodistlər, defektoloqlar, loqopedlər, musiqi rəhbərləri və psixoloqlar daxildir.
Eyni zamanda metodika kabinetlərinin və mərkəzlərinin rəhbərləri, metodistləri və təlimatçıları, müxtəlif internat tipli ümumtəhsil məktəblərində çalışan tərbiyəçilər, məktəbdənkənar uşaq müəssisələrində fəaliyyət göstərən dərnək rəhbərləri və digər işçilər də 42 gün məzuniyyət hüququna malikdirlər. Məşqçi müəllimlər, eləcə də elmi müəssisələrdə və ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrində çalışan, fəlsəfə doktoru elmi dərəcəsi olan əməkdaşlar, onların rəhbərləri, elmi işlər üzrə müavinləri və elmi katibləri də bu kateqoriyaya aiddir.
Əvəzçiliklə işləyən müəllimlərə gəldikdə isə burada hər hansı məhdudiyyət tətbiq edilmir. Onlar da digər müəllimlər kimi eyni hüquqlara malikdirlər. Başqa sözlə, əsas iş yerində neçə gün məzuniyyət nəzərdə tutulubsa, əvəzçilik üzrə çalışan müəllim üçün də həmin müddət qüvvədədir.
Məzuniyyət pulu necə hesablanır?
Məzuniyyət dövründə müəllimə ödənilən məbləğ onun orta əməkhaqqına əsasən hesablanır və burada əsas prinsip son 12 ayın gəlirinin nəzərə alınmasıdır. Hesablama zamanı işçinin son 12 ay üzrə əldə etdiyi bütün gəlirlər toplanır, alınan məbləğ 12-yə bölünərək orta aylıq əməkhaqqı müəyyən edilir, daha sonra bu rəqəm 30.4-ə bölünərək bir günlük əməkhaqqı hesablanır və sonda həmin məbləğ məzuniyyət günlərinin sayına vurulur.
Məsələn, müəllimin son 12 ay üzrə ümumi gəliri 14 219,52 manat olduqda orta aylıq əməkhaqqı 1184,21 manat təşkil edir. Bu məbləği 30.4-ə böldükdə gündəlik əməkhaqqı 38,95 manat alınır və 56 gün məzuniyyət üçün ödənilən məbləğ 2181,44 manat olur.
Nümunə:
| İl | Ay | Gəlirin tərkibi | Cəmi | |
| əməkhaqqı | məzuniyyət haqqı | |||
| 2025 | İyul | 1223.68 | 1223.68 | |
| Avqust | 986.84 | 986.84 | ||
| Sentyabr | 1200 | 1200 | ||
| Oktyabr | 1200 | 1200 | ||
| Noyabr | 1200 | 1200 | ||
| Dekabr | 1200 | 1200 | ||
| 2026 | Yanvar | 1200 | 1200 | |
| Fevral | 1200 | 1200 | ||
| Mart | 1200 | 1200 | ||
| Aprel | 1200 | 1200 | ||
| May | 1200 | 1200 | ||
| İyun | 1200 | 1200 | ||
| Cəmi | 14 219.52 |
Məzuniyyəti hesablayaq:
14219.52 /12=1184.21manat_ orta aylıq əməkhaqqı
1184.21/30.4= 38.95 manat _ orta günlük əməkhaqqı
38.95x56= 2181.44 manat_ məzuniyyət dövrü üçün orta əməkhaqqı
Bu hesablamada yalnız aylıq maaş deyil, əməkhaqqı anlayışına daxil olan digər ödənişlər də nəzərə alınır. Hətta əvvəlki məzuniyyət dövrləri üçün ödənilmiş məzuniyyət haqları da ümumi gəlirə daxil edilir. Qismən ödənişli sosial məzuniyyətdə və ya işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işlənilməyən və ya tam işlənilməyən aylar yaxın tam işlənilən təqvim ayları ilə əvəz olunur. Əgər müəllim son 12 ayın hamısını işləməyibsə, bu zaman hesablamada yalnız faktiki işlədiyi tam aylar nəzərə alınır.
Yeni işə başlayan müəllim məzuniyyət ala bilərmi?
Qanunvericiliyə əsasən, işçi əmək məzuniyyətindən istifadə hüququnu adətən 6 ay işlədikdən sonra əldə edir. Amma işəgötürənin razılığı olduğu halda müəllim 6 ay tamam olmadan da məzuniyyətə buraxıla bilər. Praktikada bu o deməkdir ki, yeni işə başlayan müəllim yay tətilində tam 56 gün məzuniyyət istifadə edə bilər.
İstifadə olunmayan məzuniyyət “yanırmı”?
Müəllim hər hansı səbəbdən məzuniyyətə çıxmayıbsa, bu hüquq itmir. İşdən çıxarkən istifadə olunmamış məzuniyyət günlərinə görə ona mütləq kompensasiya ödənilir. Əksinə, əgər müəllim ili tamamlamadan artıq məzuniyyət istifadə edibsə, həmin artıq günlərə görə ödənilmiş məbləğ son haqq hesab məbləğindən tutulur.
Müəllimlərin məzuniyyət dövrü artıq yalnız yayla məhdudlaşmır
Son dəyişikliklərə əsasən, müəllimlər artıq məzuniyyətlərini yalnız yay tətilində deyil, işəgötürənin razılığı ilə ilin istənilən vaxtında götürə bilərlər.
Onu da qeyd edək ki, məzuniyyətin verilməsi prosesi də müəyyən qaydalarla tənzimlənir. İşəgötürən məzuniyyətin başlanmasına ən azı 5 gün qalmış müvafiq əmr verməli və işçini bununla tanış etməlidir. Əgər işçi müəyyən edilmiş növbəlilik cədvəlinə uyğun olaraq məzuniyyətə çıxmaq üçün müraciət etməzsə, işəgötürən onu əmrlə məzuniyyətə göndərə bilər.



