Müəllimlərin sertifikasiya imtahanı üzrə apellyasiya nəticələri AÇIQLANDI

8 Avqust, 2025 - 19:10
Müəllimlərin sertifikasiya imtahanı üzrə apellyasiya nəticələri AÇIQLANDI
Müəllimlərin sertifikasiya imtahanı üzrə apellyasiya nəticələri AÇIQLANDI

18-20, 24 və 25 iyun tarixlərində təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətləri barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Bu barədə “Azərbaycan müəllimi”nə İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla apellyasiya nəticələri ilə tanış ola bilərlər.

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı müraciətlər araşdırılıb və bütün qiymətləndirmə vasitələri apellyasiya prosesi çərçivəsində təkrar yoxlanılıb. Nəticədə ibtidai sinif (rus bölməsi) üzrə 47-ci sırada təqdim edilmiş test tapşırığının şərtində xəta aşkar edilib. Azərbaycan dili və ədəbiyyat (Azərbaycan bölməsi) üzrə isə 1, 42 və 49-cu sırada təqdim edilmiş test tapşırıqlarının iştirakçıların bilik və bacarıqlarının müəyyən edilməsi istiqamətində effektiv olmadığı təyin edilib. Bu səbəbdən qeyd olunan test tapşırıqları üzrə nəticələr iştirakçıların xeyrinə nəzərə alınmaqla yenidən hesablanıb.