“Müharibəyə qədər də müəllim idim, hələ də müəlliməm və bununla qürur duyuram”

11 Noyabr, 2025 - 10:43
“Müharibəyə qədər də müəllim idim, hələ də müəlliməm və bununla qürur duyuram”

Qəhrəman təhsil işçiləri bu günlərdə özlərinin zəfər gündəliklərini tez-tez vərəqləyirlər. Dedim axı, xatirələri canlıdır hələ. Hər biri zəfəri dünən kimi xatırlayır.

Məsələn, Bakı məktəblərindən birində - 274 nömrəli tam orta məktəbdə müəllim olan Azər Abbasov Zəfərin elan olunduğu gün Tərtərdə hərbi hissədə olub. Deyir ki, zəfərin ilk sorağı gələndə, sadəcə sevinməyib, bir gözü sevincdən işıldayıbsa, o biri gözü kədər ifadə edib: “Komplektləşmədən sonra növbəti tapşırığı yerinə yetirmək üçün hərəkətə başlayacaqdıq. Komandirlərimiz, əsgərlərimizlə birlikdə idim. Şuşanın azad olunması xəbəri həmin vaxt gəldi. Bizim üçün hədd-hüdudu olmayan bir sevinc idi. İndi o günü həm sevinclə, həm də kədərlənərək xatırlayıram. Elə o gün də bu cür qarışıq hisslər içərisində idim. Sevincli idi, çünki qələbəyə gedən bu yolun iştirakçısı idim. Uğurla həmin yolun sonuna gəlmişdik. Amma həm də kədərlənirdim ki, o gün yanımızda olmayanlar, bu sevinci bizimlə bölüşməyin xəyalını qurub, amma bunu edə bilməyənlər vardı. Hər şeyə rəğmən bu gün, yəni 5 il sonra zəfərimizin elan olunduğu günü qürurlandığım bir gün kimi xatırlayıram. Çünki illər sonra torpaqlarımızı azad etmişdik”.

Azər müəllimin döyüş yolu elə zəfərin sorağını aldığı Tərtər torpaqlarından başlayıb, Suqovuşan, Qubadlı, Laçından keçib: Axırda yenə Qubadlıya qayıtdıq və oradan da tərxis olundum”.

Azər Abbasov “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Müharibədən medalla qayıdan müəllimin günü bu gün də ən böyük qürur qaynağı müəllimlikdir. Dediyinə görə döyüşlərə qatılana qədər də müəllim idi, ondan sonra da müəllimdir: “Döyüşlərə Bakı şəhərindəki 312 nömrəli məktəbin müəllimi kimi getdim. Qayıdanda da həmin məktəbdə fəaliyyətimi davam etdirdim. 2023-cü ildən yerdəyişmə ilə şəhid Etibar Şirəliyev adına  274 nömrəli tam orta məktəbin komandasına qatıldım. İndi bu məktəbdə fiziki tərbiyə müəllimiyəm. Bir sözlə, müharibəyə qədər də müəllim idim, hələ də müəlliməm və bununla qürur duyuram”.