MÜTDA rəsmisi: Qiymətləndirməyə müxtəlif sahə mütəxəssislərinin cəlbi çoxşaxəli ekspertizanı təmin edib

3 Dekabr, 2025 - 17:20
MÜTDA rəsmisi: Qiymətləndirməyə müxtəlif sahə mütəxəssislərinin cəlbi çoxşaxəli ekspertizanı təmin edib

""Məktəblilərarası Milli Hakaton – 2025”in final mərhələsində qiymətləndirməni həyata keçirən münsiflər heyəti müxtəlif sahələr üzrə peşəkar mütəxəssislərdən formalaşdırılıb. Heyətin tərkibinə informasiya texnologiyaları, proqramlaşdırma, mühəndislik, məhsul inkişafı, innovasiya və təhsil sahəsində təcrübəyə malik mütəxəssislər daxil edilib".

Bu fikirləri "Azərbaycan müəllimi"nə müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Keyfiyyət təminatı və nəzarət şöbəsinin müdiri Nilüfər Rəhimova söyləyib.

Şöbə müdiri qeyd edib ki, bu yanaşma layihələrin texniki, yaradıcı və tətbiqi xüsusiyyətlərinin hərtərəfli qiymətləndirilməsi üçün zəruri olan çoxşaxəli ekspertizanın təmin edilməsinə xidmət edib: "Heyətin formalaşdırılması prosesində əsas məqsəd mürəkkəb və müxtəlif kateqoriyalı final layihələrinin obyektiv dəyərləndirilməsi üçün müstəqil və fərqli sahələri təmsil edən ekspertlərin cəlb edilməsindən ibarət olmuşdur. Məhz bu səbəbdən münsiflər heyəti geniş tərkibdə müəyyənləşdirilmiş və layihələrin məzmununa, texniki səviyyəsinə və tətbiq potensialına uyğun şəkildə professional yanaşma təmin edilib".