Nilüfər Rəhimova: Hakatondakı layihələr vahid meyarlar əsasında qiymətləndirilib – MÜSAHİBƏ
“Məktəblilərarası Milli Hakaton – 2025” ölkənin müxtəlif bölgələrindən minlərlə məktəblinin iştirak etdiyi, innovasiya və proqramlaşdırma həvəsinin bir araya toplandığı geniş bir platformaya çevrildi. Fərqli ideyaların, yaradıcı həllərin və komanda ruhunun ön plana çıxdığı bu proses həm gənclərin texnologiyaya marağını göstərib, həm də onların gələcək potensialına dair yeni baxış bucaqları açıb.
Yarışdan sonra ictimai məkanda səslənən müxtəlif fikirlər bu prosesin daha dərindən anlaşılmasına ehtiyac yaradıb. Bu səbəbdən hakatonun təşkili, qiymətləndirmə mexanizmi və ümumi məqsədi barədə daha aydın təsəvvür formalaşdırmaq üçün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Keyfiyyət təminatı və nəzarət şöbəsinin müdiri Nilüfər Rəhimova ilə müsahibəmizi təqdim edirik:
– Müsabiqəyə ölkənin 63 regionundan yüz minlərlə məktəblinin qatılması böyük göstəricidir. Bu böyük maraq hazırlıq prosesini necə formalaşdırdı? İlkin mərhələlərdən finala qədər təşkilati işlərin planlaşdırılması, imtahan mərkəzlərinin qurulması və qiymətləndirmə sisteminin hazırlanması hansı mərhələlərdən keçib?
– Müsabiqəyə 63 rayondan yüz minlərlə məktəblinin qatılması hazırlıq prosesinin bütün mərhələlərinin sistemli şəkildə qurulmasını zəruri edib. Həm onlayn mərhələlərin təşkili, həm də əyani imtahanların planlaşdırılması zamanı koordinasiya və resurs bölgüsünün dəqiq aparılmasına səy göstərilib. İlkin mərhələdə platforma böyük yüklənməyə uyğunlaşdırılıb, qeydiyyat prosesi vahid sistem üzrə formalaşdırılıb və iştirakçıların qoşulması üçün texniki şərait təmin edilib.
Əyani mərhələlərdə müsabiqənin mərkəzləşdirilmiş formada keçirilməsi məqsədilə ölkə üzrə imtahan mərkəzləri müəyyən edilib, həmin mərkəzlərin texniki və təşkilati hazırlığı əvvəlcədən yoxlanılıb. Eyni zamanda, texniki imkanları məhdud olan şagirdlərin müsabiqəyə bərabər şərtlərlə qoşulması üçün ümumilikdə 147 Hakaton Mərkəzi fəaliyyət göstərib və iştirakçıların yaşadıqları ərazilərə yaxın müsabiqəyə daxil olması təmin olunub.
Beləliklə, müsabiqənin bütün mərhələləri – ilkin seçimdən finala qədər əvvəlcədən hazırlanmış vahid təşkilati plan əsasında həyata keçirilib, mərkəzlər arasında koordinasiya təmin olunub və geniş iştirakçı kütləsi üçün əlçatan və bərabər şərait yaradılıb.
– İlk mərhələdən finala qədər qiymətləndirmə hansı meyarlar əsasında aparılıb? Final mərhələsində komandaların təqdim etdiyi layihələr – veb-saytlar, tətbiqlər, oyunlar müxtəlif kateqoriyalarda idi. Bu müxtəliflik fonunda qiymətləndirmə necə balanslaşdırılırdı ki, hər layihə ədalətli şərtlərlə dəyərləndirilsin?
– Müsabiqənin bütün mərhələlərində qiymətləndirmə əvvəlcədən müəyyən edilib və tətbiq olunan vahid meyarlar əsasında aparılıb. İlkin mərhələdə şagirdlərin məntiqi təfəkkürünü, alqoritmik düşünmə və proqramlaşdırma bacarıqlarını ölçən standartlaşdırılmış test və tətbiqi xarakterli proqramlaşdırma tapşırıqları istifadə edilib. Bu tapşırıqlar informasiya texnologiyalarının müxtəlif bölmələrini əhatə etməklə qiymətləndirmənin obyektiv və ölçülə bilən göstəricilər üzrə həyata keçirilməsinə imkan verib.
Final mərhələsində komandalar tərəfindən təqdim olunan layihələrin müxtəlif formalarda – veb-sayt, mobil tətbiq və oyun kimi hazırlanmasına baxmayaraq, qiymətləndirmə bütün işlərə tətbiq edilən vahid meyarlar əsasında həyata keçirilib. Bu meyarlar layihənin texniki düzgünlüyü və funksionallığı, ideyanın məqsədəuyğunluğu və innovativliyi, dizayn və istifadəçi təcrübəsi, həmçinin təqdimatın məzmunu və komanda işi kimi əsas komponentləri əhatə edib. Beləliklə, layihələrin strukturu və forması fərqli olsa da, dəyərləndirmə yalnız məzmun, texniki göstəricilər və həllin keyfiyyəti ilə bağlı obyektiv meyarlara əsaslanıb, bu da qiymətləndirmə prosesinin ədalətli və balanslı şəkildə aparılmasını təmin edib.
– Münsiflər heyəti necə formalaşdırılmışdı?
– Final mərhələsində qiymətləndirməni həyata keçirən münsiflər heyəti müxtəlif sahələr üzrə peşəkar mütəxəssislərdən formalaşdırılıb. Heyətin tərkibinə informasiya texnologiyaları, proqramlaşdırma, mühəndislik, məhsul inkişafı, innovasiya və təhsil sahəsində təcrübəyə malik mütəxəssislər daxil edilib. Bu yanaşma layihələrin texniki, yaradıcı və tətbiqi xüsusiyyətlərinin hərtərəfli qiymətləndirilməsi üçün zəruri olan çoxşaxəli ekspertizanın təmin edilməsinə xidmət edib.
Heyətin formalaşdırılması prosesində əsas məqsəd mürəkkəb və müxtəlif kateqoriyalı final layihələrinin obyektiv dəyərləndirilməsi üçün müstəqil və fərqli sahələri təmsil edən ekspertlərin cəlb edilməsindən ibarət olmuşdur. Məhz bu səbəbdən münsiflər heyəti geniş tərkibdə müəyyənləşdirilmiş və layihələrin məzmununa, texniki səviyyəsinə və tətbiq potensialına uyğun şəkildə professional yanaşma təmin edilib.
– İmtahan və final mərhələsində nəticələrə, münsiflərin qərarlarına təsir edə biləcək hər hansı subyektivlik şansı varmı? Bu riskləri sıfıra endirmək üçün hansı texniki və təşkilati tədbirlər görülmüşdü?
İlkin və final mərhələlərində bu risklərin minimuma endirilməsi təşkilati yanaşmanın əsas prinsiplərindən biri olub. İmtahan mərhələsində bunun üçün mərkəzləşdirilmiş model tətbiq edilib, bütün iştirakçılar eyni vaxtda, eyni məzmunlu tapşırıqlar əsasında, əvvəlcədən müəyyən edilmiş mərkəzlərdə imtahan veriblər. Tapşırıqların standartlaşdırılmış olması, şəraitin bütün mərkəzlərdə eyni qaydada təşkil edilməsi və nəticələrin elektron qaydada qeydə alınması şagirdlərin biliyinin yalnız göstərdikləri nəticə əsasında dəyərləndirilməsinə xidmət edib.
Final mərhələsində müxtəlif sahələr üzrə mütəxəssislərdən ibarət münsiflər heyəti formalaşdırılıb və komandaların təqdim etdiyi layihələr əvvəlcədən müəyyən olunan vahid meyarlar əsasında qiymətləndirilib. Layihələrin texniki səviyyəsi, funksionallığı, ideyanın məzmunu və təqdimat keyfiyyəti kimi komponentlərin nəzərə alınması, həmçinin fərqli sahələrdən olan mütəxəssislərin paralel şəkildə prosesə cəlb edilməsi qərarların tək bir şəxsin subyektiv rəyinə deyil, kollektiv ekspert yanaşmasına əsaslanmasına şərait yaradıb.
– Bəzən belə irimiqyaslı müsabiqələrdə təsadüfi texniki səhvlər belə narazılıq yarada bilir. Builki hakatonda da elə hallar oldumu? Oldusa, şagirdlərin nəticələrinə etiraz və ya apellyasiya etmək mexanizmi mövcud idimi?
– Belə miqyaslı müsabiqələrdə bəzi texniki çətinliklərin yaranması tamamilə istisna olunmur. Hakatonun keçirilməsi zamanı da müəyyən lokal texniki və təşkilati xarakterli problemlərlə rastlaşılıb, lakin bu situasiyalar operativ şəkildə aradan qaldırılıb. Mərkəzlərdə aparılan monitorinq və koordinasiya nəticəsində prosesin fasiləsiz davam etməsi təmin olunub, şagirdlərin imtahan iştirakına və ya tapşırıqların icrasına təsir edə biləcək risklər idarə olunub.
Nəticələrlə bağlı etiraz halları üçün ümumi müraciət çərçivəsi var. Əgər hər hansı iştirakçı nəticəsi ilə bağlı narazılıq bildirirdisə, müraciət əsasında həmin şagirdə dair məlumatlar yenidən təhlil edilir, elektron qeydlər və icra göstəriciləri nəzərdən keçirilirdi. Müraciət əsaslı hesab olunduğu halda müvafiq düzəliş aparılması mümkün olub. Bu yanaşma həm nəticələrin obyektivliyinin qorunmasına, həm də müsabiqəyə etimadın möhkəmləndirilməsinə xidmət etmişdir.
– Ümumiyyətlə, hakaton boyunca texniki infrastruktur, sistemlər, serverlər, yoxlama alətləri hansı standartlara uyğun qurulmuşdu?
– Hakatonun keçirilməsi zamanı texniki infrastrukturun sabit və etibarlı şəkildə işləməsi əsas təşkilati tələblərdən biri idi. Müsabiqənin həm onlayn, həm də əyani mərhələlərinin miqyası nəzərə alınaraq istifadə edilən sistemlərin yüksək yüklənmə şəraitində dayanıqlığı, məlumatların təhlükəsiz emalı və iştirakçıların bərabər texniki imkanlarla prosesə qoşulması təmin edilib.
Əyani mərhələlər üzrə yaradılmış mərkəzlərdə, o cümlədən imtahan mərkəzlərində avadanlıqların və şəbəkə infrastrukturunun əvvəlcədən yoxlanılması həyata keçirilib, kompüterlərin, proqram təminatının və əlaqə kanallarının imtahan prosesini dəstəkləyə biləcək səviyyədə işləməsi təmin olunub. Təhsilalanların texniki imkanlarının məhdud olduğu yaşayış məntəqələrində isə əlavə Hakaton mərkəzlərinin fəaliyyət göstərməsi onların prosesə fasiləsiz qoşulmasına şərait yaradıb.
Onlayn mərhələlərdə istifadə olunan platforma əvvəlcədən test edilmiş, sistemə daxil olan böyük iştirakçı axınının idarə olunması, tapşırıqların emalı və nəticələrin qeydə alınması elektron şəkildə həyata keçirilmişdir. Bu texniki çərçivə müsabiqənin bütün mərhələlərinin təhlükəsiz, sabit və nəzarətli şəkildə icrasına imkan verib.
– Final layihələrinin qiymətləndirilməsi zamanı hər münsifin verdiyi bal son nəticəyə necə təsir edirdi? Yekun bal necə hesablanırdı?
Final mərhələsində təqdim olunan layihələrin qiymətləndirilməsi zamanı hər bir münsif öz sahəsi üzrə ekspert rəyinə əsaslanaraq layihələri ayrıca qiymətləndirib. Münsiflər üçün əvvəlcədən müəyyən edilmiş vahid meyarlar tətbiq olunduğundan verilən bütün ballar eyni çərçivə daxilində formalaşmışdır. Bu, layihələrin texniki səviyyəsi, funksionallıq, ideya və təqdimat keyfiyyəti kimi komponentlər üzrə fərdi şəkildə dəyərləndirilməsinə imkan verdi.
Yekun bal isə münsiflərin verdiyi fərdi balların ümumi ortalaması əsasında hesablanmışdır. Bu yanaşma hər hansı bir fərdi rəyin nəticəyə təsirini minimuma endirmiş, qərarın kollektiv ekspert dəyərləndirməsinə əsaslanmasını təmin etmişdir. Beləliklə, yekun nəticə təkcə bir münsifin qiymətləndirməsi deyil, müxtəlif sahələri təmsil edən mütəxəssislərin ortaq yanaşması əsasında formalaşdırılıb.
– Nəticələrlə bağlı etiraz edən iştirakçıların müraciətlərinə baxılması üçün apellyasiya mexanizmi var?
– Müsabiqə çərçivəsində iştirakçıların nəticələri ilə bağlı etirazlarını bildirə bilməsi üçün ümumi hüquqi və prosedur çərçivə nəzərdə tutulmuşdur. İştirakçı nəticəsi ilə razılaşmadığı halda rəsmi müraciət edə bilər və müraciət daxil olduqdan sonra həmin şagirdə aid nəticələr, elektron qeydlər və digər faktiki məlumatlar yenidən təhlil olunur. Zərurət yarandığı halda əlavə yoxlama aparılır və müraciət əsaslı olduğu təqdirdə müvafiq düzəliş edilir. Bu yanaşma həm şəffaflığı, həm də iştirakçıların hüquqlarının qorunmasını təmin edir.
Eyni zamanda qeyd etmək istərdim ki, müsabiqənin metodoloji əsasları uzun illərdir ki, əməkdaşlıq etdiyimiz, beynəlxalq səviyyədə tanınan “Alqoritmika” şirkətinin təcrübəsinə söykənir. Bu əməkdaşlıq qiymətləndirmə modelinin beynəlxalq standartlara uyğun şəkildə qurulmasını təmin edir və nəticələrin obyektivliyini möhkəmləndirir. Bildiyiniz kimi, ölkəmizdə rəqəmsal təhsil sahəsində 2021-ci ildən həyata keçirilən “Kod saatı: Rəqəmsal gələcəyə addım” təşəbbüsü də qlobal “Kod saatı” hərəkatının bir hissəsi kimi formalaşıb və ümumi təhsildə rəqəmsal bacarıqların inkişafına davamlı töhfə verir. Məktəblilərarası Milli Hakaton isə bu fəaliyyət xəttinin daha inkişaf etmiş mərhələsi olaraq həm əhatə dairəsi, həm də tətbiqyönümlü tapşırıqları ilə şagirdlərin real texnoloji bacarıqlarını üzə çıxarmağa xidmət edir.
– Bu müsabiqənin məqsədi istedadlı məktəbliləri üzə çıxarmaqdır. Sizcə, builki nəticələr həmin məqsədə hansı dərəcədə çatdı?
– Müsabiqənin məqsədi istedadlı məktəblilərin üzə çıxarılması və onların rəqəmsal bacarıqlarını real praktik mühitdə nümayiş etdirmələri üçün şərait yaradılmasıdır. Builki nəticələr göstərir ki, bu məqsədə yüksək səviyyədə nail olunub. Mərhələlər üzrə iştirakın genişliyi, müxtəlif regionlardan olan şagirdlərin fəallığı və finalda təqdim edilən layihələrin keyfiyyəti ölkəmizdə rəqəmsal düşüncə və yaradıcı yanaşma bacarıqlarının sürətlə inkişaf etdiyini təsdiq edir.
Bu il təqdim edilən layihələr yalnız texniki bilikləri deyil, həm də şagirdlərin analitik düşünmək, situasiyaları qiymətləndirmək və innovativ həllər təklif etmək bacarıqlarının əhəmiyyətli dərəcədə gücləndiyini göstərdi. Region və paytaxt məktəblərinin nümayəndələrinin eyni səviyyədə uğur göstərməsi isə müsabiqənin inklüzivliyinin və ümumi təhsil sistemində rəqəmsal bacarıqların balanslı şəkildə formalaşdığını göstərən mühüm indikator oldu. Ümumilikdə, builki nəticələr ölkəmizdə istedadlı məktəblilərin aşkar olunması, dəstəklənməsi və gələcək inkişaf istiqamətlərinə yönləndirilməsi baxımından ciddi irəliləyişə nail olunduğunu açıq şəkildə ortaya qoyur.
– Hakatonun gələn il də keçirilməsi planlaşdırılırmı? Planlaşdırılırsa, gələn il üçün nəzərdə tutulan dəyişikliklər varmı? Məsələn, seçmə mexanizmlərinin daha da sadələşdirilməsi, onlayn izlənmə, avtomatik qiymətləndirmə alətlərinin tətbiqi kimi addımlar düşünülürmü?
– Hakaton ümumi təhsil sistemində rəqəmsal bacarıqların inkişafını dəstəkləyən və şagirdlərin tətbiqyönümlü fəaliyyətə çıxış imkanlarını genişləndirən mühüm layihələrdən biridir. Bu təşəbbüs məktəblilərin real situasiyalarda problem həll etmə, innovativ yanaşmalar formalaşdırma və texnoloji düşüncələrini nümayiş etdirmələri baxımından praktik dəyərə malikdir. Hakatonun bu ilki təşkilati strukturu və mərhələlərin geniş əhatəsi göstərdi ki, layihə ümumi təhsildə tətbiqi öyrənmənin gücləndirilməsində əhəmiyyətli rol oynayır.
Bu fəaliyyət istiqaməti ölkəmizin dövlət səviyyəsində müəyyən edilmiş strateji hədəfləri ilə də tam üst-üstə düşür. Azərbaycan Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda təhsilalanların rəqəmsal bacarıqlarının artırılması, proqramlaşdırma üzrə biliklərinin gücləndirilməsi və innovativ təhsil mühitinin inkişafı xüsusi prioritetlər kimi göstərilir. Bu baxımdan Hakaton mövcud dövlət strategiyalarının praktik təzahürü kimi qiymətləndirilir.
Bu il ilk dəfə olaraq hakaton prosesinin mərhələlər üzrə qiymətləndirilməsi və ümumiləşdirilmiş təhlilin hazırlanması agentliyin Keyfiyyət təminatı və nəzarət şöbəsi tərəfindən həyata keçiriləcək. Şöbə tərəfindən aparılacaq bu qiymətləndirmə layihənin təşkilati, metodik və tətbiqi tərəflərinin obyektiv şəkildə analiz edilməsinə, məlumat bazasının formalaşdırılmasına və növbəti mərhələlər üçün inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə imkan verəcək. Hakatonun gələn il keçirilməsi və formatı ilə bağlı qərar məhz bu təhlilin nəticələri əsasında müəyyən ediləcək və layihənin təhsil sisteminin strateji hədəflərinə daha effektiv xidmət etməsi üçün zəruri addımlar atılacaq.



