Mütəxəssis: Peşə hazırlığı zəif olan müəllim təhsilin keyfiyyətini aşağı salır
Təhsilin keyfiyyətinin artırılması məqsədilə həyata keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesi son illərdə təhsil sisteminin ən mühüm islahatlarından biri kimi qiymətləndirilir. Proses müəllimlərin bilik və peşə bacarıqlarının obyektiv qiymətləndirilməsinə xidmət etsə də, onun nəticələri ilə bağlı bəzən haqsız iradlar səsləndirilir.
Belə ki, minlərlə müəllim nə ilk, nə də ikinci cəhddə tələb olunan nəticəni toplaya bilib. Nəticədə sertifikatlaşdırmanın hər iki mərhələsində uğursuz olan 9 334 müəllimin əmək müqaviləsinə xitam verilib ki, bu da prosesdə iştirak edən müəllimlərin təxminən 9 faizini təşkil edir.
Bəs sertifikatlaşdırmadan keçə bilməyən müəllimlərin yenidən məktəbə qayıdaraq müəllim kimi fəaliyyət göstərməsi nə dərəcədə məqsədəuyğundur? Peşə hazırlığını təsdiq edə bilməyən müəllimlərin tədris prosesində iştirakı təhsilin keyfiyyətinə necə təsir göstərə bilər?
Son illər geniş müzakirə olunan bu məsələ ilə bağlı təhsil mütəxəssisi Məzahir Məmmədli "Azərbaycan müəllimi"nə açıqlamasında mövcud qaydaları və onların mahiyyətini izah edib.
Mütəxəssis bildirib ki, ümumitəhsil məktəblərində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesində 115 mindən artıq müəllim iştirak edib:
“Sertifikatlaşdırma həm cəmiyyətdə, həm də müəllimlərin özündə rahatlıq yaradır, onlara özünəinam verir. Artıq tədris keçən hər bir müəllim sertifikatlı müəllimlidir, valideyn də bilir ki, övladlarına belə müəllimlər dərs keçir”.
M.Məmmədlinin sözlərinə görə, əvvəl bu proses bir qədər düzgün qarşılanmırdı:
“Müəllimlər elə düşünürdülər ki, bu onları sistemdən kənarlaşdırmaq üçün olan bir vasitədir. Ancaq onlar əldə edilən nəticələrə görə əməkhaqlarına əlavələrin edildiyini gördükdə müəyyən qədər həvəsləndilər”.
Mütəxəssis qeyd edib ki, hər bir şəxsin savadlı, sertifikasiyadan keçmiş müəllim tərəfindən təhsil alması arzuolunandır:
“O baxımdan artıq müəllimlərin hamısının sertifikasiyadan keçməsi, uğursuz nəticə göstərən müəllimlərə əlavə şansın verilməsi müsbət haldır. Növbəti dəfə də uğursuz nəticə göstərən müəllimlər təhsil sistemindən kənarlaşdırılacaq. Ancaq bu o demək deyil ki, onların müəllimlik səlahiyyətləri alınır. Sadəcə onlar yenidən müəllimlərin işə qəbulu imtahanından keçərək tədrisə geri qayıda bilərlər. Sertifikasiyadan keçə bilməyənlərin çoxu ibtidai sinif müəllimidir. Sertifikatlaşdırmada uğur əldə edə bilməyən bu müəllimlərin əksəriyyəti pedaqoji kolleclərin məzunlarıdır. Onlar ikinci cəhddən belə yaxşı nəticə göstərə bilmədiklərinə görə bu proseslərdən kənarda qaldılar. Kifayət qədər peşə hazırlığı olmayan belə müəllimlərin fəaliyyəti şagirdlərin keyfiyyətli təhsil almasına və təlim nəticələrinə mənfi təsir göstərir, nəticədə təhsilin keyfiyyətini aşağı salır. Bu baxımdan onların əmək fəaliyyətinə xitam verilməsini düzgün qiymətləndirirəm”.




