Professor Fərrux Rüstəmov: Fənnini bilməyən müəllim şagirdin gələcəyini əlindən alır
Sertifikatlaşdırma prosesinin hər iki cəhdində uğur qazana bilməyən 9 334 müəllimin əmək müqaviləsinə xitam verilib. Bu qərar təhsildə keyfiyyət standartlarının qorunması baxımından vacib addım kimi qiymətləndirilsə də, proses ətrafında müzakirələr davam edir.
Belə olan halda sual yaranır: Sertifikatlaşdırmanın hər iki mərhələsində uğur qazana bilməyən müəllim öz şagirdinə hansı biliyi verə bilər? Onların yenidən məktəblərdə dərs demək istəyi nə dərəcədə əsaslıdır? Eyni zamanda, sertifikatlaşdırmadan uğurla keçmiş müəllimlərlə eyni statusda fəaliyyət göstərmək tələbi peşəkar rəqabət və ədalət prinsipləri baxımından necə qiymətləndirilməlidir?
Sertifikatlaşdırma ümumi təhsil sistemində keyfiyyət təminatının mühüm nəzarət mexanizmidir
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə verdiyi müsahibəsində ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov deyir ki, müəllimlərin sertifikatlaşdırılması prosesi ümumi təhsil sistemində keyfiyyət təminatının mühüm nəzarət mexanizmidir. Bu proses, ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin real elmi-metodoloji səviyyəsini şəffaf şəkildə diaqnostika etməyə imkan verir:
“Müasir rəqəmsal dövrün çağırışları fonunda müəllimin funksiyası sadəcə bilik ötürməkdən ibarət deyil, həm də prosesi idarə etmək, yəni pedaqoji bələdçilik missiyasını yerinə yetirməkdir. Bu səbəbdən, müəllimin öz ixtisasına dair yenilikləri davamlı mənimsəməsi, innovativ metodikalara yiyələnməsi və kurikulumun tələblərinə mükəmməl bələd olması müasir təhsil mühitinin strateji və həyati zərurətidir. Öz peşəkarlığını artırmayan və sertifikasiyadan keçə bilməyən müəllimlərin pedaqoji fəaliyyətini davam etdirməsi təhsilin gələcəyinə ciddi təhlükə yaradır. Gənc nəslin taleyini yalnız öz üzərində davamlı işləyən, müasir və humanist dəyərlərə sahib peşəkarlara etibar etmək mümkündür. Sertifikasiya imtahanında illərlə dərs dediyi öz fənnindən və onun metodikasından minimal keçid balını toplaya bilməyən müəllimlərin sayı bu prosesdə iştirak edənlərin 9%-ni təşkil edir ki, bu rəqəm də cəmiyyətdə real həyəcan təbili çalır”.

Uşaqlarımızı peşəkarlığı zəif, öz fənnini bilməyən, emosiyalarını idarə edə bilməyən müəllimlərə etibar edə bilərikmi?
Fərrux müəllim onu da qeyd edir ki, sertifikasiyanın birinci mərhələsində uğursuz nəticə göstərən müəllimlərə çatışmazlıqlarını aradan qaldırması üçün kifayət qədər bir vaxt verilir, bu müddət ərzində dəstək kursları təşkil olunur, müəllimin öz üzərində işləməsi üçün zəruri metodiki resurslar təqdim edilir:
“Sertifikasiyanın ikinci mərhələsində də uğursuz olan müəllimlərlə bağlı belə bir sual yaranır: Uşaqlarımızı, gələcəyimizi peşəkarlığı zəif, öz ixtisasını bilməyən, emosiyalarını idarə edə bilməyən müəllimlərə etibar edə bilərikmi? Təbii ki, yox! Çünki verilən ikinci şansı və dövlətin yaratdığı metodiki dəstək imkanlarını dəyərləndirməyib sertifikasiyadan keçə bilməyən müəllimlərin pedaqoji fəaliyyətlərini davam etdirməsi həm hüquqi, həm də elmi-pedaqoji baxımdan tamamilə qeyri-mümkündür”.
Müsahibimizin sözlərinə görə, bu kateqoriyadan olan şəxslərin sinif otaqlarında qalması, ilk növbədə, şagirdlərin keyfiyyətli təhsil almaq hüququnun pozulmasıdır. Öz ixtisasını dərindən bilməyən, metodikası zəif olan müəllimlər şagirdin intellektual inkişaf potensialını və gələcəyini onun əlindən almış olurlar. Xüsusilə ibtidai sinif şagirdlərinin təhsilində müəllimlərin yol verdikləri qüsurlar çox ciddi fəsadlar və dərin psixoloji travmalar yaradır:
“Təhsil müəssisələri sosial məşğulluq agentliyi deyil, millətin intellektual potensialının təməlinin qoyulduğu strateji məkandır. Burada ancaq yalnız yüksək intellektə, peşəkarlığa və humanist dəyərlərə sahib müəllimlər işləməlidir”.




