Müxtəlif səbəblərdən təhsilini başa vurmayanlara elektron arayış veriləcək
Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası təsdiqlənib.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Bununla əlaqədar “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli Qərarı ləğv edilib.
Yeni qərara əsasən, müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə ( TMİS) “Elektron imza və elektron sənəd haqqında” qanunun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan arayış veriləcək.
Arayışda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu sənədlərdə göstərilən məlumatların EHİS üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulur.
Aşağıdakı şəxslər təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslər hesab edilirlər:
- ümumi orta və tam orta təhsil səviyyələri üzrə hər hansı sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən, yaxud yekun attestasiyada iştirak etməyən ümumi təhsil pilləsinin müvafiq səviyyələrini başa vurmamış şəxslər;
- peşə təhsili pilləsinin hər hansı səviyyəsi üzrə müvafiq ixtisasın təhsil proqramında nəzərdə tutulan tələbləri yerinə yetirməyən və ya yüksək texniki peşə təhsili səviyyəsinə uyğun tədris proqramı üzrə tələb olunan kredit miqdarını tam toplamayan, yaxud ilk peşə və texniki peşə təhsili səviyyəsi üzrə yekun qiymətləndirmədə iştirak etməyən və ya qeyri-müvəffəq qiymət alan, yaxud təhsil müəssisəsindən xaric olunan şəxslər;
- orta ixtisas təhsili pilləsinin müvafiq ixtisası üzrə təhsil proqramında nəzərdə tutulan tələbləri yerinə yetirməyən və ya qanunvericiliyə uyğun olmadan təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişən və müəssisəyə bərpa olunan və ya diplomunda, yaxud diploma əlavədə göstərilən məlumatlarla onun hüquqi əsasını müəyyən edən sənədləri uyğunsuzluq təşkil edən və ya təhsil müəssisəsindən xaric olunan şəxslər;
- ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və ya magistratura (rezidentura) səviyyəsində müvafiq ixtisas üzrə təhsil proqramı ilə müəyyən edilmiş kreditləri toplamayan və ya qanunvericiliyə uyğun olmadan təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişən və müəssisəyə bərpa olunan və ya diplomunda, yaxud diploma əlavədə göstərilən məlumatlarla onun hüquqi əsasını müəyyən edən sənədləri uyğunsuzluq təşkil edən və ya təhsil müəssisəsindən (rezidentura səviyyəsinə münasibətdə ali tibb təhsili və elmi müəssisədən və ya Səhiyyə Nazirliyi tərəfindən rezidentlərin hazırlanması üçün klinik baza kimi müəyyən edilən tibb müəssisəsindən (klinik baza) xaric olunan, eləcə də doktorantura (adyunktura) səviyyəsi üzrə normativ təhsil müddətində dissertasiyanı ilkin müzakirəyə təqdim etməyən və ya fərdi iş planını yerinə yetirməyən şəxslər.


