Natiq Əliyev: Vahid məktəbli geyimi ətrafındakı təxribatlara uymamalıyıq

13 Oktyabr, 2026 - 16:08
Natiq Əliyev: Vahid məktəbli geyimi ətrafındakı təxribatlara uymamalıyıq

Ölkəmizdə həyata keçirilən praqmatik və uzaqgörən siyasət nəticəsində mühüm tarixi nailiyyətlər əldə edilib, dövlət müstəqilliyimizin və milli maraqlarımızın qorunması istiqamətində ardıcıl siyasət yürüdülüb. Bu siyasətin ən mühüm nəticələrindən biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır. Son günlər xarici qüvvələr media vasitələri və sosial şəbəkə platformaları üzərindən zərərli ideoloji təbliğat apararaq Azərbaycan cəmiyyətinə təsir göstərməyə çalışırlar.

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı professor Natiq Əliyev deyib.

O, bəzi qonşu ölkələrdə Azərbaycanda tətbiq edilən şagirdlər üçün vahid geyim forması məsələsinin süni şəkildə siyasiləşdirildiyini və bunun dövlətimiz tərəfindən təsdiqlənmiş “Ümumi təhsil haqqında” Qanuna qarşı təbliğat kampaniyasına çevrilməsinin diqqət çəkdiyini vurğulayıb.

“Ölkə rəhbərliyi İslam dininə hər zaman hörmətlə yanaşır, dini dəyərlərin qorunmasına və inkişafına diqqət yetirir. İstər işğaldan azad edilmiş torpaqlarımızda, istərsə də ölkənin digər regionlarında məscidlərin bərpası və yeni dini ocaqların tikilməsi bu siyasətin mühüm istiqamətlərindən biridir. İdeoloji təsir cəhdlərinin əsas hədəfi yalnız dini məsələlər ətrafında ictimai rəy yaratmaq deyil, həm də milli birliyi zəiflətmək və cəmiyyətin düşüncə istiqamətinə təsir göstərməkdir. Təhsil sistemində, xüsusilə vahid məktəbli forması məsələsinə həssas yanaşılması da təsadüfi deyil. Bütün bunları nəzərə alaraq, vətəndaşlarımızı səbirli olmağa, Vətən müharibəsində “Dəmir Yumruq” ətrafında birləşən xalqımızın birliyinə xələl gətirmək istəyən xarici qüvvələrin təxribatlarına uymamağa çağırırıq”, - deyə Natiq Əliyev qeyd edib.