Naxçıvan məktəblisi Avropa çempionatında medal qazanıb
Türkiyənin Trabzon şəhərində keçirilən boks üzrə U-15 Avropa çempionatında Azərbaycan millisinin üzvü, Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin idmançısı Sadiq Xəlilov bürünc medala layiq görülüb.
“Azərbaycan müəllimi” xəbər verir ki, ölkəmizi 54 kq çəki dərəcəsində təmsil edən idmançı 1/8 finalda ukraynalı Mixaylo Tatsii üzərində 3:2, növbəti mərhələdə isə rusiyalı Yaroslav Mikolauskas üzərində 5:0 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.
Finala vəsiqə uğrunda görüşdə şotlandiyalı Cey Şeridana məğlub olan boksçumuz Sadiq Xəlilov çempionatı bürünc medalla başa vurub. Məşqçi Elnur Kərimlinin yetirməsi ilk dəfə qatıldığı Avropa çempionatında medal qazanmaqla uğurlu nəticəyə imza atıb.
Qeyd edək ki, o, bu il həmyaşıdları arasında ölkə birinciliyinin və kubokunun qalibi olub. Sadiq Xəlilov Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin şagirdidir.




