Naxçıvan Musiqi Kolleci beynəlxalq konqresdə təmsil olunub
Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Musiqi Kollecinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Məhəbbət Babayeva Qazaxıstanın Almatı şəhərində keçirilən 13-cü Beynəlxalq EMI Sahibkarlıq və Sosial Elmlər Konqresində ölkəni və təhsil ocağını təmsil edib.
Kollecdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, 27 ölkə, 131 ali təhsil qurumu və 283 tanınmış akademikin qatıldığı bu mötəbər elmi platformada Məhəbbət Babayevanın müəllifi olduğu "Maarifçilikdən Modernliyə: Naxçıvanda Ədəbi və Mədəni Həyatın Təkamülü" adlı elmi tədqiqat işi konqres rəhbərliyi tərəfindən xüsusi təşəkkür sertifikatı ilə rəsmiləşdirilib.
Eyni zamanda Məhəbbət xanım hakimlər heyətinin yekdil qərarı ilə "Ən yaxşı məqalə" (Best Paper Award) mükafatına layiq görülüb, konqresdə xüsusi "Dəvət ulunmuş məruzəçi" (Guest Speaker) statusu ilə qatılaraq uğurlu çıxışına görə isə xüsusi fəxri plaketlə təltif edilib.
Sonda isə ev sahibi qurum olan Turan Universitetinin Rektoru, professor Rakhman A.Alshanov tərəfindən Məhəbbət Babayevaya Naxçıvanın zəngin mədəni irsini qlobal səviyyədə uğurla təbliğ etdiyinə və beynəlxalq elm dünyasına verdiyi fundamental töhfələrə görə şəxsi möhür və imzalı ali "Təşəkkürnamə" (Alğïs Hat / Certificate of Appreciation) təqdim olunub.
Qeyd edək ki, bu uğurlar Naxçıvan Musiqi Kollecinin və Naxçıvan Dövlət Universitetinin beynəlxalq arenada artan elmi nüfuzunun rəsmi təsdiqidir.




