Naxçıvan Təhsil Nazirliyi ilə bp arasında əməkdaşlıq sazişi imzalanıb
Aprelin 10-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə bp şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, sazişi Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov və bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində keçirilən görüşdə təhsil naziri Elxan Nəcəfov imzalanan sənədin əhəmiyyətindən danışaraq bildirib ki, bu təşəbbüs dövlət-özəl tərəfdaşlığı çərçivəsində təhsil sahəsində atılan ilk mühüm addımdır. Nazir vurğulayıb ki, bp ilə həyata keçiriləcək əməkdaşlıq istedadlı şagirdlərin erkən aşkarlanması, onların beynəlxalq olimpiadalara hazırlanması, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi baxımından xüsusi önəm daşıyır.
Görüşdə çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə bu sazişi əməkdaşlığın başlanğıc nöqtəsi kimi dəyərləndirib. O qeyd edib ki, sənəd regionda bacarıqların uzunmüddətli inkişafına, təhsil imkanlarının genişləndirilməsinə və yerli prioritetlərə uyğun yeni təşəbbüslərin həyata keçirilməsinə möhkəm zəmin yaradacaq.
Sazişə əsasən, bp tərəfindən muxtar respublikanın bir neçə təhsil müəssisəsində kimya laboratoriyalarının qurulması və mövcud laboratoriyaların zənginləşdirilməsi, peşə təhsili müəssisələrində isə istehsalat emalatxanalarının yenilənməsi və yeni emalatxanaların yaradılması nəzərdə tutulur.
Bununla yanaşı, şirkət tərəfindən ümumtəhsil müəssisələrində çalışan 30 nəfər perspektivli ingilis dili müəlliminin ixtisasartırma və təlim proqramlarına cəlb olunması, eləcə də riyaziyyat, informatika, fizika və kimya fənləri üzrə istedadlı şagirdlərin aşkarlanaraq yerli və beynəlxalq olimpiadalara hazırlığının dəstəklənməsi planlaşdırılır.
Qeyd edək, iki yeni istehsalat emalatxanası Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində, iki yeni laboratoriya isə Heydər Əliyev adına tam orta məktəbdə və Naxçıvan Qızlar Liseyində yaradılacaq.



