Naxçıvanda direktor namizədlər üçün yenidən imtahan keçiriləcək
Direktor vəzifəsi üzrə ötən ilin 30 oktyabr – 11 noyabr tarixlərində baş tutan elektron ərizə qəbulu mərhələsinin nəticələri elan edilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, ️sözügedən mərhələdə 3036 namizədin müraciəti qeydə alınıb. Həmin namizədlərdən 20-si Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinə iştirak edən namizədlərdir. Müsabiqə şərtlərinə əsasən, ali təhsili, pedaqoji stajı, sertifikatlaşdırma nəticələri, müəllimlərin işə qəbulu müsabiqəsi və ya diaqnostik qiymətləndirmə göstəriciləri, eləcə də müraciət etdikləri təhsil müəssisəsindəki şagird sayı uyğun hesab edilən 941 (Naxçıvan Muxtar Respublikası üzrə 11namizəd) namizədin müraciəti müsbət dəyərləndirilib. Həmin namizədlərin şəxsi səhifələrinə bu barədə məlumat göndərilib.
Bununla yanaşı, bildiririk ki, müsabiqəyə müraciət etmiş şəxslər arasında ali təhsili və pedaqoji stajı tələblərə uyğun olan, lakin əvvəlki qiymətləndirmə nəticələri olmayan və ya tələblərdən aşağı olan 627 (Naxçıvan Muxtar Respublikası üzrə 9 namizəd) direktor və direktor müavini var.
Müsabiqə şərtlərinin tələblərinə uyğun olaraq, daha öncə qiymətləndirmə nəticəsi olmayan və ya tələblərdən aşağı olan namizədlər üçün ixtisas istiqamətləri üzrə imtahanın keçirilməsi nəzərdə tutulub. İştirakçılara fənn üzrə 50, metodika və təlim strategiyaları üzrə ümumi olaraq 10 test tapşırığı təqdim ediləcək. İmtahanın 24 yanvar 2026-cı il tarixində keçirilməsi planlaşdırılır. Sözügedən namizədlərin şəxsi səhifələrinə bu imtahanda iştirak imkanları barədə məlumat göndərilib.



