Naxçıvanda təhsilin inkişafı və AİB ilə əməkdaşlıq müzakirə edilib
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Ovni Muradov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal arasında görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, görüşdə təhsil infrastrukturunun inkişafı, müasir texnologiyaların tətbiqi, elmi-tədqiqat imkanlarının genişləndirilməsi və beynəlxalq əməkdaşlıq perspektivləri müzakirə olunub.
Təhsil naziri Ovni Muradov nazirliyin tabeliyində 20 məktəbəqədər, 211 ümumtəhsil, 3 peşə və 36 məktəbdənkənar təhsil müəssisəsinin fəaliyyət göstərdiyini bildirib. Təhsil naziri məktəblərin elektron lövhə və müasir avadanlıqlarla təchiz olunmasının, eləcə də Prezident İlham Əliyevin 12 avqust tarixli Sərəncamına əsasən, beş məktəbəqədər təhsil müəssisəsinin tikintisinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Ticarət Nazirliyi arasında imzalanmış Naxçıvan Muxtar Respublikasına “İnteraktiv təhsil yardımı” layihəsi çərçivəsində data mərkəzi və idarəetmə otağı yaradılıb, nazirliyə tabe müəssisələrdə isə müvafiq texniki infrastruktur qurulmaqla vahid elektron platforma istifadəyə verilib. STEAM Mərkəzi və təhsil müəssisələrinin hər birində 2 smart lövhə quraşdırılıb, 2300 planşet şagirdlərin istifadəsinə verilib.
Həmçinin cari tədris ilində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın “Təhsil müəssisələrində şagird-kompüter nisbətinin yaxşılaşdırılması” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinə 2255 kompüter verilib.
Rektor Elbrus İsayev universitetin 60 illik inkişaf yolundan, təhsil və elmi-tədqiqat potensialından, beynəlxalq əlaqələrindən və gələcək hədəflərindən danışıb.
Görüşdə rəqəmsallaşmaya dair təlimlərin təşkili, laboratoriyaların müvafiq avadanlıqlarla təmin olunmasına dəstək göstərilməsi və biotexnologiya laboratoriyalarının fəaliyyətinin inkişaf etdirilməsi imkanları da müzakirə olunub.
Sonda təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqat və innovasiya fəaliyyətinin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb.




