Naxçıvanda XI sinif şagirdləri üçün monitorinq qiymətləndirmə imtahanı keçirilib
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə XI siniflər üçün ödənişsiz əsaslarla ali məktəblərə qəbul imtahanının II mərhələsinin blok fənləri üzrə monitorinq qiymətləndirmə imtahanı keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, imtahan Naxçıvan Dövlət Universiteti ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi arasında imzalanan Əməkdaşlıq Memorandumu əsasında təşkil olunub.
İmtahanda Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəblərinin XI sinif şagirdləri iştirak edib.
Əvvəlcə abituriyentlər Naxçıvan Dövlət Universiteti kampusunu gəzərək fakültələrlə tanış olublar. Şagirdlərə ali təhsil müəssisəsindəki tədris prosesi, universitetin maddi texniki bazası, ikili diplom proqramları, beynəlxalq əməkdaşlıqları ilə bağlı ətraflı məlumatlar verilib.
Monitorinq qiymətləndirmə imtahanında Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəblərindən 1000-dən artıq abituriyent iştirak edib.
Qeyd edək ki, bu gün Naxçıvan şəhəri ilə yanaşı muxtar respublikanın digər ümumtəhsil məktəblərində təhsil alan XI siniflər üçün ödənişsiz əsaslarla ali məktəblərə qəbul imtahanının II mərhələsinin blok fənləri üzrə monitorinq qiymətləndirmə imtahanı keçirilib. Rayon mərkəzlərində təşkil olunan monotorinqdə 2 mindən artıq abituriyent iştirak edib.



