Naxçıvanın idmançıları “Şuşa Kuboku”nda 7 medal və 3 kubok qazanıblar
Sərhədçi İdman Mərkəzində kikboksinq üzrə ənənəvi "Şuşa Kuboku" turniri keçirilib. Yarışda ölkəmizin 20-ə yaxın rayon və şəhərindən 44 klub və ümumilikdə 455 idmançı iştirak edib.
“Azərbaycan müəllimi” xəbər verir ki, Naxçıvanı turnirdə məşqçilər Etibar Qəribov və Elvin Qoçəliyevin rəhbərliyi altında 3 klubdan 12 idmançı təmsil edib. Təmsilçilərimiz 1 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar. İdmançılardan 3-ü döyüş gecəsinin qalibi kimi kuboka layiq görülüb.
“Araz” Kikboksinq Klubundan 12-13 yaş kateqoriyasında çıxış edən idmançılar Mövlan Seyidov (37 kq) və Ülvü Əliyev (44 kq) “low kick” versiyasında kuboka sahib çıxıblar. Rüzgar İbrahimli (32 kq) gümüş, Oğuz Cavadlı (37 kq) və Polad Həsənli (48 kq) bürünc medalçı olublar.
“Ləvənt Bulut” Döyüş Klubundan Hüseyn Behbudov (35 kq) da döyüş gecəsində qalib gələn idmançılardan olub. Turnirdəki yeganə qız təmsilçimiz Zenfira Məmmədova (60 kq) gümüş medal qazanıb. Mirac Qocayev (51 kq) gümüş, Tayfur Əliyev (50 kq) isə bürünc medala layiq görülüb.
“Turan” Döyüş Klubunun təmsilçisi Uğur Əliyev (71 kq) inamlı qələbələri sayəsində qızıl medala sahib çıxıb.


