Naxçıvanın orta ümumtəhsil müəssisələrinə 2255 kompüter verilib
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın “Təhsil müəssisələrində şagird-kompüter nisbətinin yaxşılaşdırılması” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinə 2255 kompüter təqdim edilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, kompüterlər şagird sayı çox olan Naxçıvan şəhəri və rayon mərkəzlərində yerləşən orta ümumtəhsil müəssisələrinə paylanılıb.
Qeyd edək ki, bu addım təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, rəqəmsal təhsil imkanlarının genişləndirilməsinə və şagird-kompüter nisbətinin ölkə üzrə orta göstəriciyə (6:1) uyğunlaşdırılmasına xidmət edir.




