Naxçıvanın ucqar kənd məktəbi qəbul imtahanında 100%-lik nəticə göstərib

27 Avqust, 2025 - 17:04
Naxçıvanın ucqar kənd məktəbi qəbul imtahanında 100%-lik nəticə göstərib
Naxçıvanın ucqar kənd məktəbi qəbul imtahanında 100%-lik nəticə göstərib

Yeni tədris ili yaxınlaşdıqca abituriyentlərin ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanır. Hər bir kənddən, hər bir məktəbdən sevindirici xəbərlər eşidirik. O xoş xəbərlərdən biri də Ordubad rayonunun ucqar kəndi Unusdan gəldi. Belə ki, kənd tam orta məktəbinin 4 məzunu bu il ali təhsil müəssisələrinə yüksək nəticə ilə qəbul olunub. Səhərin erkən çağında biz də Unus kənd məktəbinə yollandıq. Qeyd edək ki, bu təhsil ocağı hər il qəbul göstəriciləri, müxtəlif sahələrdə qazandığı uğurlarla seçilir. Burada şagirdlər yalnız bilik və bacarıqla deyil, həm də intellektual qabiliyyət, geniş dünyagörüşü, milli-mənəvi dəyərlərə bağlılıq və vətənpərvərlik ruhunda yetişdirilirlər.

Unus kənd tam orta məktəbinin direktoru Məsmə Mirzəyeva ilə söhbətləşirik. O sanki öz övladlarının uğurundan danışır: “Bu nəticə təsadüfi deyil. Məktəbimiz hər zaman ilk onluqlarda yer almışdır. Bu da onunla bağlıdır ki, məktəbdə şagirdlərə yüksək təhsil vermək üçün hərtərəfli şərait yaradılıb”. Direktor qeyd edir ki, 2017-2018-ci tədris ilində məktəb 100 faiz nəticə göstərmişdi. Belə ki, həmin il məzun olan 5 şagirdin hamısı ali məktəbə qəbul olunmuşdu. Sonrakı illərdə nəticəmiz 100 faiz olmasa da, hər zaman muxtar respublikanın orta göstəricisindən yüksək nəticə əldə etmişik. Ən əsası isə hər il bir məzunumuz 500-dən yuxarı bal toplayıb. Bu gün məktəbimizin tarixində qürurverici gündür. 100 faiz nəticə ilə çıxış etmək, bütün məzunlarımızın uğur qazanması hər birimizi sevindirir. Bu nəticə bütün müəllim kollektivimizin zəhmətinin bəhrəsidir.

Məktəbə gəlmişkən məzunlarında təəssüratlarını öyrənirik. Xeyrənsə Quliyeva deyir: “Uşaqlıqdan oxumağa, öyrənməyə, xüsusilə də ədəbiyyata böyük marağım olub. Bu gün isə çox sevincliyəm ki, qəbul imtahanında 412 bal toplayaraq Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına qəbul olmuşam. Əldə etdiyim nəticə heç də asan başa gəlməyib. Buraxılış imtahanından 196 bal, blok imtahanından isə 216 bal topladım. Düzünü desəm, öz gücümdən tam istifadə etmədim, daha yüksək nəticə göstərmək imkanım var idi. Amma mənim üçün əsas odur ki, qarşıma qoyduğum məqsədə çatdım. Bu uğurda valideynlərimin mənə verdiyi dəstək, müəllimlərimin əziyyəti danılmazdır. Onların hər birinin zəhməti nəticəsində bu gün tələbə adını qazanmışam. Mən inanıram ki, universitet illəri həyatımın ən maraqlı, ən məhsuldar dövrü olacaq”.

Gələcək planları haqqında danışan Xeyrənsə bildirdi ki,universiteti bitirdikdən sonra magistratura təhsili almağı düşünür. Çünki Azərbaycan dili və ədəbiyyatı sahəsində özünü daha dərindən inkişaf etdirmək, həm elmi işlərlə məşğul olmaq, həm də gələcək nəsillərə faydalı bir şəxs olmaq istəyir.

Qurban Abdullayev: “326 bal toplayaraq Naxçıvan Dövlət Universitetinin Coğrafiya ixtisasına qəbul olmuşam. Məktəbdəki dərslər, həm də əlavə hazırlıq kurslarında sərf etdiyim vaxt və əzmkarlığım sayəsində istədiyim ixtisasa qəbul olmaq imkanı qazandım. Coğrafiya ixtisasını seçməyimdə marağım əsas rol oynadı. Gələcəkdə bu biliklərdən istifadə edərək həm öz ölkəmizi, həm də dünyanın fərqli bölgələrini daha yaxından tanımaq istəyirəm. Məqsədim coğrafi məlumatlardan istifadə edərək xəritələr hazırlamaq, təbiət və ətraf mühitlə bağlı layihələrdə iştirak etmək, turistlərə və tələbələrə ətrafımızdakı yerləri daha yaxşı təbliğ etməkdir. Sadəcə, dərsliklərdə öyrənmək deyil, həm də real həyatda bu bilikləri tətbiq etmək mənim üçün önəmlidir”.

Naxçıvan Dövlət Universitetinin Kimya müəllimliyi ixtisasına qəbul olan Rüstəm Salmanlıda öz fikirlərini bizimlə bölüşdü: “Məktəb illərində, etiraf etməliyəm ki, öz potensialımın fərqində deyildim. Ancaqburaxılış imtahanından rahatlıqla 238 bal topladım. Bu nəticə mənim üçün asanlıqla əldə olundu. Blok imtahanında da yüksək nəticə əldə etdim.  Valideynlərimin və müəllimlərimin mənə olan sonsuz inamı və dəstəyi sayəsində çətinliklərin öhdəsindən gəldim. İndi Naxçıvan Dövlət Universitetinin tələbəsi olaraq bu uğurun təməlində mənim potensialımla yanaşı, dəstəkçilərimin də rolu olduğunu bilirəm və bunu yüksək qiymətləndirirəm. Gələcək hədəflərimə gəlincə, təhsildə qazandığım biliklərlə həm də xaricdə təhsilimi davam etdirmək istəyirəm”.

Azərbaycan Texniki Universitetinin Marketinq ixtisasına qəbul olan Ayhan Qənbərli: “Gələcək planım universiteti bitirdikdən sonra magistratura təhsili almaq və fəaliyyətimi Bakıda davam etdirməkdir. Kəndin təbiəti qədər saf və təmizdir bu yaşadığım sevinc hissi. Onu da deyim ki, müəllimlər fədakar əməyin əsl qəhrəmanlarıdır. Müəllimlərimə dərin minnətdarlğımı bildirirəm”.

Müsahibə zamanıda şahid oluruq ki, Ordubad rayonunun ucqar kəndi olan Unusun məktəb kollektivi şagirdlərinə biliklə yanaşı, milli-mənəvi dəyərlərin də qorunub saxlanmasını aşılayır, gənclərin həm savadlı, həm də vətənpərvər ruhda böyüməsinə çalışır. Bizdə yüksək nəticə qazanmış məzunlara gələcək həyat yollarında daha böyük nailiyyətlər arzulayırıq.

Mənbə: “Şərq qapısı” qəzeti