Nazir müavini: Birgə təhsil təşəbbüsləri gələcək nəsillərin inkişafına töhfə verir

31 Oktyabr, 2025 - 13:03
Nazir müavini: Birgə təhsil təşəbbüsləri gələcək nəsillərin inkişafına töhfə verir

Son illərdə təhsil sahəsində maddi-texniki bazanın gücləndirilməsi, infrastrukturun yenilənməsi, müasir tədris proqramlarının tətbiqi və müəllim nüfuzunun artırılması istiqamətində mühüm addımlar atılıb.

"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə “Bilim Bakı” mərkəzinin “Deneyap” proqramının məzuniyyət mərasimində çıxışı zamanı səsləndirib.

“Son 20 ildə dövlət proqramları çərçivəsində 3600-ə yaxın təhsil müəssisəsi ya yenidən tikilib, ya da əsaslı şəkildə bərpa olunub. Məktəblər rəqəmsal tədris resursları, kompüterlər və sürətli internetlə təmin edilir. Bu gün artıq 1,5 milyon şagirddən 500 mini Scratch və Python kimi proqramlaşdırma dillərini öyrənir”.

Nazir müavini vurğulayıb ki, bu cür layihələr gənclərin gələcək əmək bazarına daha hazırlıqlı daxil olmasına imkan yaradır.

“Bu uğurlu layihənin gerçəkləşməsi Türkiyə tərəfinin dəstəyi olmadan mümkün deyildi. Bu, hər iki ölkənin rəhbərlərinin təhsil və elm sahəsinə yönəltdiyi böyük sərmayənin bariz nümunəsidir”, – deyə Kənan Kərimzadə qeyd edib. Nazir müavini bildirib ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə genişmiqyaslı islahatlar həyata keçirilir: “İstər siyasi, istər iqtisadi, istərsə də sosial sahədə aparılan islahatların əsas istiqamətlərindən biri elm, təhsil və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, innovasiyaların tətbiqi və yeni təşəbbüslərin dəstəklənməsidir”.

O əlavə edib ki, Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlıq bu gün ən yüksək səviyyədədir: “Sentyabr ayında elm və təhsil sahəsində yeni protokollar imzaladıq və əminəm ki, bu əməkdaşlığın əhatə dairəsi gələcəkdə daha da genişlənəcək”.

Tədbirdə, həmçinin “Bilim Bakı” mərkəzinin rəhbəri, “TEKNOFEST”in Azərbaycandakı rəsmi nümayəndəsi Ahmet Köse də çıxış edərək gənclərin texnologiya və innovasiyaya marağının artırılmasının önəmini vurğulayıb.