Nazir: Naxçıvanda yeni tədris ilinə hazırlıq işləri yekunlaşıb

14 Sentyabr, 2026 - 13:18
Nazir: Naxçıvanda yeni tədris ilinə hazırlıq işləri yekunlaşıb

“Yeni tədris ilinə biz Muxtar Respublikada zəruri ehtiyac olan Culfa şəhər 3 nömrəli məktəbin təmir işlərini yekunlaşdırmışıq. Nehrəm qəsəbəsində 60 yerlik yeni bağçanın tikintisi yekunlaşıb və artıq yeni tədris ilində istifadəyə veriləcək”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov Təhsil TV-yə müsahibəsində deyib.  

Nazir bildirib ki, uzun müddət təmir-bərpa işləri davam etdirilən Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb də yeni tədris ilindən istifadəyə veriləcək və burada bütün yeni imkanlar yaradılıb:

“Əlavə olaraq, müxtəlif məktəblərdə təmir-təchizat işləri yekunlaşıb. Qeyd edə bilərəm ki, müxtəlif təhsil müəssisələrində bütün digər istiqamətlər üzrə də işlər həyata keçirilib. Beləliklə, yeni tədris ilinə hazırıq və tədris ili ərəfəsində digər təminat və təchizat məsələlərimizi də həll etməklə yeni tədris ilinə uğurlu şəkildə başlayacağıq”.