Sertifikatlaşdırmanın PISA-ya təsiri olacaq? - Nazir açıqladı
"Oxu savadlılığı üzrə ciddi problemimiz var".
“Azərbaycan müəllimi xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev PISA 2025- Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələrinin təqdimatı zamanı deyib.
Onun sözlərinə görə, oxu savadlılığı istiqamətində müəyyən müsbət dəyişikliklər olsa da, göstəricilər hələ də qənaətbəxş səviyyədə deyil:
"Oxu savadlılığı üzrə yüksək nəticə göstərən şagirdlərin payında artım müşahidə olunur. Yüksək nəticə göstərənlərin payı ölkə üzrə 0,2 faiz, Bakı üzrə isə 1,2 faizə yüksəlib, bu əhəmiyyətli dinamikadır. Bununla belə, oxu savadlılığı üzrə aşağı nəticə göstərən şagirdlərin sayı hələ də yüksəkdir. Əsas məqsədlərdən biri aşağı nəticə göstərən şagirdlərin payını azaltmaqdır".Nazir qeyd edib ki, bu istiqamətdə göstəricilərin yaxşılaşdırılması ümumi nəticələrə də müsbət təsir göstərəcək:
"Təhsil nəticələrinin yaxşılaşması uzunmüddətli prosesdir və həyata keçirilən islahatların nəticələrinin tam şəkildə görünməsi üçün müəyyən müddət tələb olunur. Biz sertifikasiyanın gücünə inanırıq və bu günlər üçün çox inamlıyıq. Çünki sertifikasiya ilk dəfə olaraq təhsildə bütün müəllim heyətimizi əhatə edən prosesdir.
E.Əmrullayev vurğulayıb ki, sertifikatlaşdırmanın tədrisə təsirinin PISA nəticələrində tam şəkildə özünü göstərməsi üçün 2030-2035-ci illərə qədər gözləmək lazım gələ bilər:
"2024-cü ildən 2030-2035-ci ilə qədər işlərimizi davam etdirsək, həmin dövrdəki nəticələr sertifikasiyanın nəticəsi olacaq. Oxu və oxuduğunu anlama bacarığının zəif olması digər fənlər üzrə nəticələrə də birbaşa təsir göstərir. Oxuyub-anlamaq barədə bizim hələ ki, ciddi problemimiz var, bu birbaşa bizə digər fənlərdə də mane olur".




