Nazirlik rəsmisi: Məqsəd rəqəmsal immunitetli gənc nəsil formalaşdırmaqdır
“Rəqəmsal vətəndaşlıq anlayışı müasir dövrdə klassik vətəndaşlıq modelinin davamına çevrilib. Çünki uşaqlar və gənclər artıq paralel olaraq həm fiziki, həm də rəqəmsal cəmiyyətdə yaşayırlar. Təhlükəsiz rəqəmsal vətəndaş modeli yalnız məktəbin deyil, ailə, dövlət və cəmiyyətin birgə məsuliyyəti əsasında formalaşmalıdır".
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini, Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorunun müdiri Ayla Həsənova-Məmmədova “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən 3-cü Forumun panel sessiyasında söyləyib.
O bildirib ki, burada ailənin rolu xüsusilə vacibdir, çünki rəqəmsal alətlər tədris prosesindən sonra da uşaqlarla birlikdədir: "İlk rəqəmsal davranış modeli evdə formalaşır. Valideyn nəzarəti ilə yanaşı, uşaqlarda tənqidi düşüncə və məsuliyyət hissinin formalaşdırılması çox vacibdir. Çünki bugünkü risklər yalnız texniki deyil, psixoloji və informasiya xarakterlidir".
Sektor müdiri bu prosesdə dövlət qurumlarının vəzifəsindən danışaraq qeyd edib ki, onların əsas vəzifəsi qoruyucu və inkişaf etdirici rəqəmsal ekosistem yaratmaq, hüquqi mexanizmləri gücləndirmək və bütün alətlər üzərindən vahid mesajlarla strateji kommunikasiya aparmaqdır: "Təhsil sisteminin rolu isə uşaqlarda rəqəmsal etik davranış, media savadlılığı və təhlükəsiz kommunikasiya bacarıqları formalaşdırmaqdır ki, biz burada qadağa mərkəzli yanaşmadan maarifləndirmə əsaslı yanaşmaya keçirik.
Təhsil müəssisələrində keçirilən layihələr, tədris proqramlarından alınmış biliklərin bacarıq və davranış modelinə çevrilməsi üçün rəqəmsal məzmunlu festival və müsabiqələrin rolu böyükdür".
A.Həsənova-Məmmədova həmçinin bildirib ki, bu müsabiqələr mühitində şagirdlərin öz layihələrini təqdim etməsi, texnoloji həllər üzərində işləməsi və ictimai şəkildə çıxış etməsi onların rəqəmsal və sosial kompetensiyalarının paralel inkişafını təmin edir: "Keçirilən müsabiqə və festivalların qaydaları çərçivəsində kibertəhlükəsizlik, informasiya etikasına dair minimodulların və ya tematik çağırışların əlavə edilməsi ilə şagirdlərin yalnız texnoloji deyil, həm də məsuliyyətli rəqəmsal vətəndaş kimi formalaşmasına dəstək verir".
Nazirlik rəsmisi həmçinin vurğulayıb ki, əsas məqsəd texnologiyadan qorunan deyil, texnologiya qarşısında hazırlıqlı, düzgün manevrlər etməyi bacaran və rəqəmsal immunitetli gənc nəsil formalaşdırmaqdır.



