Nazlı Nəcəfovanın nəticəsi: Nənəmin maarifçilik ruhunu yaşatmağa çalışıram

16 Dekabr, 2025 - 15:13
Nazlı Nəcəfovanın nəticəsi: Nənəmin maarifçilik ruhunu yaşatmağa çalışıram

Bu il tanınmış maarifçi, Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı, Muxtar Respublikanın Əməkdar müəllimi Nazlı Nəcəfovanın anadan olmasının 135 ili tamam olur. Yubileylə bağlı bir sıra tədbirlər keçirilir.

“Azərbaycan müəllimi” Nazlı xanımın nəticəsi, Gənclər üçün Prezident mükafatı laureatı Cabbar Hüseynli ilə söhbətləşib.

Həmin müsahibəni təqdim edirik:

– Əvvəlcə özünüz haqqında məlumat verərdiniz. Sizin təhsil və fəaliyyət yolunuz necə olub?

– 1997-ci ildə Naxçıvan şəhərində anadan olmuşam. Bakalavr təhsilimi Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibat fakültəsində, magistr təhsilimi isə UNEC Biznes Məktəbində və İtaliyanın Boloniya Universitetində almışam. Təhsil aldığım dövrdə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbə rektoru və Böyük Elmi Şurasının səsvermə hüquqlu üzvü olmuşam, bir sıra respublika səviyyəli intellektual oyunların qalibi seçilmişəm, Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclər Mükafatı” ilə təltif edilərək təhsil sahəsində əldə edilən uğurlara görə “İlin gənci” adını qazanmış və Prezident İlham Əliyevin Sərəncamı ilə Gənclər üçün Prezident mükafatına layiq görülmüşəm. Hazırda isə dövlət qulluğunda çalışıram.

– Bu günlərdə Nazlı Nəcəfovanın yubileyi ilə bağlı konfransda iştirak etdiniz. Bu sizdə hansı duyğuları yaşatdı?

– Bəli, bu yaxınlarda Naxçıvan Dövlət Universitetində Nazlı Nəcəfovanın 135 illik yubileyinə həsr olunmuş təntənəli konfrans keçirildi. Fürsətdən istifadə edərək Nazlı xanımın ailəsi adından konfransın yüksək səviyyədə təşkil edilməsində zəhməti keçən hər kəsə və vaxt ayırıb iştirak edən dövlət rəsmilərinə - NDU-nun rektoru Elbrus İsayevə, Naxçıvanın təhsil naziri Elxan Nəcəfova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidovaya, Ali Məclisinin deputatı Əziz Qasımova və digər iştirakçılara minnətdarlığımı bildirirəm. Konfrans çərçivəsində NDU-da müəllimlik ixtisası üzrə oxuyan tələbəyə ilk dəfə təsis olunan “Nazlı xanım Nəcəfova adına tələbə təqaüdü” təqdim edildi və universitetin Pedaqoji fakültəsində Nazlı Nəcəfovanın adını daşıyan auditoriyanın açılışı oldu.

Düşünürəm ki, bu cür yubiley tədbirləri tarixdə qadınların təhsil uğrunda mübarizəsinin önəmini, həm də sosial-mədəni yaddaşı bərpa edir. Tədbir zamanı Nazlı Nəcəfovanın maarifçilik, qadın təhsili, qız məktəblərinin açılması istiqamətində atdığı addımlar, qarşılaşdığı problemlər, sürgün həyatı və s. kimi başına gələn digər hadisələr yada salındı, gördüyü işlər  bugünkü nəsillərə, xüsusilə gənc müəllim və tələbələrə örnək kimi təqdim olundu.

– Nazlı xanımın Naxçıvanda ilk qız məktəbini yaratmaqda əsas məqsədi nə olub və məktəbin açılması zamanı hansı çətinliklərlə qarşılaşıb?

– Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin ilk məzunlarından olan Nazlı Nəcəfova Bakıda təhsilini bitirdikdən sonra Naxçıvana qayıtdıqda onun əsas missiyası cəmiyyətin inkişafını maariflə bağlamaq və qızların təhsil almasına nail olmaq idi. Bu gün qadınların təhsil alması, savadlanması və cəmiyyətdə fəal mövqe tutması Nazlı xanım kimi qabaqcıl ziyalıların yüz il əvvəl müdafiə etdikləri ideyaların reallaşmış formasıdır. O dövrdə ən böyük maneə cəmiyyətin qızların oxumasına qarşı olan stereotipləri idi. O dövrdə qızların məktəbə getməsi “namusa xələl gətirən iş” kimi görülə bilirdi.

Nazlı Nəcəfova bu düşüncədə olan adamların müqavimətinə baxmayaraq, qızların oxuması üçün mübarizə aparır və maarifçilik ideyalarının təbliği istiqamətində əməli işlər görərək, qadının yalnız evdə qalması fikrinə qarşı çıxır, onun ictimai həyatda aktiv iştirakını müdafiə edirdi. O, Naxçıvanda evlərə gedərək valideynlərlə görüşür, qızların oxumasının vacibliyini izah edir və cəmiyyətdəki stereotiplərlə açıq mübarizə aparırdı. Bu kimi fəaliyyətlərin nəticəsində isə o Naxçıvan qızlar məktəbinin şagird qazanmasını və bölgədə qızların təhsil ala bilməsini təmin etdi.

Hətta bir dəfə avara dəstələr Nazlı xanımı öldürmək üçün onun evinə hücum edirlər, lakin xoşbəxtlikdən həmin vaxt Nazlı xanım Bakıda Azərbaycan Müəllimlərinin Qurultayında iştirak etdiyindən evdə olmur deyə ona qarşı olan bu hücumdan fiziki zərər almır, lakin mənəvi olaraq sarsılır. Həmçinin Çar Rusiyası dövrü, ardınca Cümhuriyyət illəri və sovetləşmə prosesi - bütün bu siyasi keçidlər onun maarif işini çətinləşdirirdi. Nazlı Nəcəfova 1930-cu illərdə Azərbaycanın bir çox maarifçi ziyalıları kimi repressiyaya məruz qalır, 1937-ci ildə onun həyat yoldaşı maarifçi və diplomat Nəcəfqulu Nəcəfov həbs olunur və güllələnir. Ardınca Nazlı Nəcəfova da “xalq düşməninin həyat yoldaşı” kimi Qazaxıstana sürgün edilir. 1946-cı ildə ona Azərbaycana qayıtmağa icazə verilsə də, doğma Naxçıvanda qalmağa icazə verilmir və 1949-cu ildə yenidən sürgün həyatı yaşamağa məcbur edilir. Bu dəfə də Göyçaya sürgün edilən Nazlı xanım 1949-cu ildən 1954-cü ilədək Göyçayın Qaraməryəm və Alpout kəndlərində rus dili müəllimi işləyir. Onun sürgün və əzab-əziyyətlərlə dolu həyatı Stalinin ölümü ilə başa çatmış və o, bundan sonra doğulduğu Naxçıvan şəhərinə qayıdaraq ömrünün sonuna qədər burada yaşayıb və müəllimlik fəaliyyəti ilə məşğul olub.

– Bu gün qadınların təhsil alması ilə Nazlı xanımın ideyaları arasında necə bir əlaqə görürsünüz?

– Onun fəaliyyəti nəticəsində Naxçıvanda ilk qızlar məktəbinin şagird qazanması bölgədə qız təhsilinin legitimləşməsini təmin etdi. Nazlı Nəcəfova müəllim, maarifçi və ictimai fiqur olaraq qadının yalnız “ev rolu” ilə məhdudlaşmadığını nümayiş etdirdi. Nazlı Nəcəfova XX əsrin əvvəllərində qadınların təhsil hüququ uğrunda çıxış edir, onların məktəblərə qəbul olmasını və pedaqoji fəaliyyətə qoşulmasını dəstəkləyirdi. Bu gün Azərbaycanda qadınların təhsildə yüksək iştirak səviyyəsi onun kimi maarifçilərin yaratdığı ideoloji təməlin nəticəsidir. Nazlı Nəcəfovanın fəaliyyəti yalnız bir maarifçi kimi tarixi xidmət deyil, bu gün Azərbaycan qadınlarının təhsildə, elmdə, müəllimlikdə və ictimai həyatda yüksək iştirak səviyyəsinin ideya və praktik bazasını yaradan proseslərin başlanğıcıdır. Bu gün təhsil dövlət siyasətinin prioritetidir və qadınların təhsili sosial inkişafın əsas komponenti sayılır. Nazlı Nəcəfovanın ideyaları da bu düşüncənin formalaşmasına xidmət edib.

– Ailənizdə nənənizin fəaliyyətinə aid hansı əfsanəvi və ya maraqlı hadisələri eşitmisiniz? Onun haqqında sizə nələr danışıblar?

– Az əvvəl qeyd etdiyim maarifçilik fəaliyyəti ilə bağlı olan təhdidlər, yaşadığı repressiya, sürgün və qadağalarla yanaşı, şəxsi həyatında da maraqlı və çətin anlar olub.

Bizə həmişə deyiblər ki, Nazlı xanım Nəcəfovanın insani keyfiyyətləri yüksək olub. Onun xeyriyyəçiliyi, kimsəsiz uşaqları evə gətirib öz övladları ilə birgə böyütməsi bu gün də xatirələrdə yaşayır. Sizə maraqlı bir məlumatı da verim ki, sürgünlük illərində küçəyə atılmış Zərri adlı bir qızı ölümdən xilas edərək evlərinə gətirib, böyüdüb boya-başa çatdırıb.

Həmçinin sovet rejiminin sərt qanunlarına baxmayaraq, o, ömrünün sonuna kimi qardaşı, erməni terrorçularının qurbanı olan Yusif bəy Tahirovun (Tiflis müsəlman xeyriyyə cəmiyyətinin katibi, Araz Türk Respublikasının yaradıcılarından biri) qızlarını Nərgiz və Mehrəngizi gizlin də olsa axtarıb.

Bundan başqa, Milli Azərbaycan Tarixi Muzeyində qorunan fotoneqativin - Nazlı xanımın məşhur portretinin orijinalını Azərbaycanın ilk realist fırça ustası, görkəmli rəssam Bəhruz Kəngərli işləyib. O, 1916-cı ildə rəsmin altında öz əlyazısı ilə tarix qeyd edərək Nazlı xanıma toy hədiyyəsi kimi təqdim edib.

– Nazlı Nəcəfovanın fəaliyyətinin qiymətləndirilməsi, o cümlədən xatirəsinin əbədiləşdirilməsi ilə bağlı hansı işlər görülüb?

– Nazlı xanım Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin 5 və 6-cı çağırışının deputatı olub, “Xalq maarifliyi sahəsində səmərəli fəaliyyətinə görə” Naxçıvan MSSR-nin Ali Soveti Rəyasət Heyətinin 13.11.1957-ci il tarixli Fərmanı ilə "Əməkdar müəllim" adı verilib, ümumilli lider Heydər Əliyev tərəfindən imzalanan 1999-cu il 12 fevral tarixli Sərəncama əsasən, 2002-ci ildə dərc edilən nüfuzlu "Naxçıvan Ensiklopediyası"nda onun da bioqrafiyasına yer verilib, xatirəsinə Naxçıvan MR Televiziyası tərəfindən “Zülmətdə nur” adlı sənədli filmi, İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən qısametrajlı bioqrafik çarx, o cümlədən “Belə belə işlər” layihəsi tərəfindən videoçarx hazırlanıb, NDU-da müəllimlik ixtisası üzrə təhsil alan tələbəyə “Nazlı xanım Nəcəfova adına tələbə təqaüdü” təqdim olunub, NDU-nun Pedaqoji fakültəsində Nazlı Nəcəfovanın adını daşıyan auditoriya açılıb, Naxçıvan şəhərində 100, 110 və 135 illik yubileyləri keçirilib. Ona aid arxiv materialları və digər eksponatlar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Azərbaycan Tarixi Muzeyində və Elm və Təhsil Nazirliyinin Azərbaycan Xalq Təhsili Muzeyində qorunur və sərgilənir.

– Sizin şəxsi həyatınıza, eləcə də karyera seçiminizə nənənizin ideyaları təsir edib?

– Bəli, nənəmin ideyaları şəxsi həyatımda və karyera seçimimdə mühüm rol oynayıb. Ailəmdən eşitdiyimə görə, o, hər zaman biliyin, zəhmətin və dürüstlüyün insanı irəli apardığını deyib. Təhsilə, xüsusilə də qadınların savadlanmasına verdiyi önəm mənim dünyagörüşümün formalaşmasına ciddi təsir göstərib. Bu gün verdiyim qərarlarda, seçdiyim peşə yolunda nənəmin maarifçilik ruhunu və həyat fəlsəfəsini yaşatmağa çalışıram.

Nənəm təkcə ailəmiz üçün təkcə maarifçi ziyalı deyil, həm də əxlaq, zəhmət və vətənpərvərlik nümunəsi olub. Nazlı Nəcəfova ömrü boyu “elmli qadın güclü cəmiyyət deməkdir” prinsipinə sadiq qalıb və bu düşüncəni ailəsinə, yəni bizlərə də aşılayıb. Onun maarifçilik yolu bu gün də ailəmizin həyat fəlsəfəsinə çevrilib və onun ideyaları nəsildən-nəslə ötürülür.

– Sizcə, onun ideyaları günümüzdə necə yaşadılır?

– Alman mütəfəkkiri Artur Şopenhauerin fikirlərinə görə, adını xatırlayan son insan öldükdə sən bu həyatda heç doğulmamış olacaqsan. Bu, həqiqətən elədir. Hər gün həyatdan minlərlə insan köçüb gedir. Və onların içərisində tarixdə iz qoyanlar istisna olmaqla, əksəriyyəti qısa zamanda yaddaşlardan silinir. Nazlı xanım xoşbəxt insanlardandır ki, vəfatından 50 ilə yaxın müddət keçməsinə baxmayaraq, adı bu gün də yad edilir, həyatı tədqiq edilir, haqqında məqalələr yazılır, mediada onun həyat-fəaliyyəti işıqlandırılır, xatirəsinə yubiley tədbirləri keçirilir və gələcək nəsillərə örnək kimi təqdim olunur.

– Sonda təhsil sahəsində gənclərə nə mesaj vermək istərdiniz?

– Gənclərə demək istərdim ki, təhsil heç vaxt sadəcə diplom demək deyil. Təhsil insanın düşüncəsini, xarakterini və gələcəyini formalaşdırır. Özünüzə inanın, daim öyrənməyə açıq olun və çətinliklərdən qorxmayın. Xüsusilə gənc qızlar bilməlidirlər ki, elm və bilik onlara azadlıq və güc verir. Maarifçilik yolu uzun və zəhmətlidir, amma bu yol cəmiyyətin inkişafına aparan ən etibarlı yoldur.
Nazlı Nəcəfovanın zəngin həyat yolu, maarifçilik fəaliyyəti və Azərbaycanın təhsil tarixindəki xidmətləri gənc nəsil üçün də mühüm mesaj daşıyır: savad, elm və bilik cəmiyyətin tərəqqisinin əsas dayağıdır.

Bəli, bu gün də maarifçi qadın Nazlı Nəcəfovanın xatirəsi ehtiramla anılır, onun ideyaları və fəaliyyəti Azərbaycan maarifçiliyinin dəyərli səhifələrindən biri kimi yaşadılır.