NDU 20 əcnəbi tədqiqatçı ilə ortaq elmi-tədqiqatlar aparıb
"Son illərdə NDU-da tələbə sayı artıb. 2020–2021-ci tədris ilində 6008 nəfərdən ibarət olan tələbə kontingenti 2025–2026-cı tədris ilində 11693 nəfərə çatıb".
"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri NDU-nun rektoru Elbrus İsayev media üçün keçirdiyi brifinqdə səsləndirib.
O bildirib ki, NDU il ərzində kadr potensialı və beynəmiləlləşmə sahəsində də mühüm nailiyyətlər əldə edib. Dünyanın müxtəlif ölkələrindən fərqli ixtisasları əhatə edən 50 əcnəbi professor tədris prosesinə cəlb olunub, 20 əcnəbi tədqiqatçı ilə ortaq elmi-tədqiqatlar aparılıb. Əcnəbi tələbələrin qəbul edildiyi ölkələrin sayı 14-dən 22-yə çatıb, 1800-ə yaxın xarici tələbə ilə universitet ölkə üzrə liderlik mövqeyini qoruyub.
Bununla yanaşı, magistratura səviyyəsində 8 yeni ixtisaslaşma üzrə qəbul aparılıb. 2024–2025-ci tədris ilində 1645 bakalavr, 230 magistr və 21 rezident məzunu olub.
Elbrus İsayev 2025-ci ildə bir sıra yeni mərkəzlərin istifadəyə verilməsindən bəhs edib: Bunlar arasında Süni İntellekt Mərkəzi, Dayanıqlı İnkişaf Mərkəzi, Akademik Yusif Məmmədəliyev adına Tədris-Tədqiqat Mərkəzi, İnnovasiya Mərkəzi, İnkluziv Təhsil Mərkəzi, Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzi, Ömürboyu Təhsil və Futorologiya Mərkəzi və Konservatoriyada Elektron Filarmoniya (LOLA) Mərkəzinin açılmasını xüsusilə qeyd edib.



