NDU-da innovasiya və davamlı inkişafla bağlı elmi konfrans keçiriləcək
Oktyabrın 1-2-də Naxçıvan Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dillər Universiteti, İstanbul Universiteti – Cərrahpaşa, Gümüşhanə Universiteti, Ərzurum Texniki Universiteti (Türkiyə), Cənub Universiteti ( Rusiya), Buxara Dövlət Texniki Universiteti (Özbəkistan) və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə “İnnovasiya və davamlı inkişaf: yeni ideyalar və həllər” I Beynəlxalq Elmi Konfransı keçiriləcək.
NDU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, konfrans üz-üzə və onlayn formatda təşkil ediləcək.
Ölkədə innovativ fəallığın genişləndirilməsinin əsas tələblərindən biri milli innovasiya siyasətinin yaradılması və innovasiyanı dəstəkləyici ekosistemin qurulmasıdır. Yüksək innovativ potensiala malik ölkələrin təhlili göstərir ki, milli innovasiya siyasətinin həyata keçirilməsində universitetlər və tədqiqat institutları əhəmiyyətli rol oynayırlar. Yeni və innovativ ideyalar universitetlərdə yaradılmış yeni bilik və tədqiqatların transferi yolu ilə reallaşdırılır. Bunun üçün bilgi mübadiləsi, kommunikasiya və yeniliklərin həm ölkə daxili, həm də beynəlxalq məcrada yayılması əsas şərtlərdən biridir. Bu məqsədlə “İnnovasiya və davamlı inkişaf: yeni ideyalar və həllər” mövzusunda keçiriləcək konfrans müxtəlif elm sahələri üzrə innovativ biliklərin elmi cəmiyyətə çatdırılmasına, Azərbaycanda süni intellektin inkişafına yönələn yeni tendensiyaların, elmi tədqiqatların aparılmasına təkan verəcək.
Konfransla bağlı ətraflı məlumatı konfrans.ndu.edu.az saytından və ya bu linkdən əldə edə bilərsiniz.



