NDU-da Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan konsert keçirilib

21 Noyabr, 2025 - 16:05
NDU-da Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan konsert keçirilib
NDU-da Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan konsert keçirilib
NDU-da Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan konsert keçirilib
NDU-da Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan konsert keçirilib
NDU-da Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan konsert keçirilib

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində “Xalq çalı alətləri” kafedrasının müəllimi, Prezident mükafatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aynurə Quliyevanın Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş solo konserti baş tutub.

Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, konsert Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 fevral 2025-ci il tarixində imzaladığı “Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi haqqında” Sərəncama əsasən təşkil edilib.

 “Xatun” qanun çalan qızlar və “Xarı bülbül” instrumental ansambllarının müşayiəti ilə keçirilən konsert proqramı izləyənlərdə xoş ovqat yaradıb.

Belə ki, Qənbər Hüseynlinin “Ay işığında”, Elza İbrahimovanın “Gecələr bulaq başı”, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operasından parçalar, Ramiz Mirişlinin “Bir könül sındırmışam” və digər tanınmış bəstəkarların əsərləri səsləndirilib. Konsert boyu ifalar alqışlarla qarşılanıb.

Tədbirin sonunda Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək Prezident İlham Əliyevin dahi bəstəkar “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının xüsusi əhəmiyyətini diqqətə çatdırıb. Rektor bildirib ki, sərəncamın icrası məqsədilə universitetdə cari il ərzində müxtəlif tədbirlər təşkil edilib. Bu gün keçirilən konsert də sərəncamın icrası, milli musiqi irsinin yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Elbrus İsayev qeyd edib ki, Üzeyir bəyin yaratdığı klassik musiqi məktəbi yaşayır və yeni istedadların yetişməsinə ilham verir. Sonda rektor konsertin hazırlanması və yüksək səviyyədə təşkili üçün kollektivə təşəkkürünü bildirib.

Qeyd edək ki, dəfələrlə solo konsert proqramı ilə çıxış edən Aynurə Quliyeva Azərbaycanda ilk dəfə professional çoxlinkli türk qanununun ifaçısı kimi tanınır.