NDU-da Yıldız Texniki Universitetinin dəstəyi ilə Biotexnologiya Mərkəzi qurulur

18 Fevral, 2026 - 15:50
NDU-da Yıldız Texniki Universitetinin dəstəyi ilə Biotexnologiya Mərkəzi qurulur

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev fevralın 13-də Yıldız Teknik Üniversitesinə səfər edib. 

Universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, səfər çərçivəsində o, universitetin rektoru professor Eyüp Debik ilə görüş keçirib. Görüş zamanı iki ali təhsil müəssisəsi arasında biotexnologiya və tətbiqi elmlər sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər Naxçıvan Dövlət Universitetində Yıldız Texniki Universitetinin elmi-metodiki və texniki dəstəyi ilə Biotexnologiya Mərkəzinin yaradılması barədə razılığa gəliblər.

Bildirilib ki, Yıldız Texniki Universiteti biotexnologiya istiqaməti üzrə Türkiyənin qabaqcıl ali təhsil müəssisələrindən biridir. Universitetin güclü mühəndislik məktəbi, beynəlxalq indeksli elmi nəşrlərdə yüksək aktivliyi və inkişaf etmiş texnopark infrastrukturu onu regionun aparıcı tədqiqat mərkəzlərindən birinə çevirir. Bu sahədə formalaşmış elmi baza, müasir laboratoriya infrastrukturu və güclü kadr potensialı yeni mərkəzin effektiv fəaliyyətinə mühüm töhfə verəcək.

Mərkəzin müasir avadanlıqlarla təchiz olunması, birgə elmi-tədqiqat layihələrinin icrası, doktorant və magistrantların tədqiqat imkanlarının genişləndirilməsi əsas prioritetlər kimi müəyyənləşdirilib.

Bununla yanaşı, texnopark və startap fəaliyyətləri, innovasiya layihələri, universitet–sənaye əməkdaşlığı sahəsində təcrübə mübadiləsi aparılıb. “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə magistratura səviyyəsində ikili diplom proqramının hazırlanması, tələbə və professor-müəllim heyətinin mübadilə proqramlarının təşkili istiqamətində də fikir mübadiləsi aparılıb.

Görüşün yekununda tərəflər mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi, Biotexnologiya Mərkəzinin yaradılması ilə bağlı konkret fəaliyyət planının hazırlanması, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və beynəlxalq qrant proqramlarında ortaq iştirak barədə razılığa gəliblər.

Qeyd edək ki, universitetlər arasında ikitərəfli əməkdaşlıq müqaviləsi 2021-ci ildə imzalanıb.