NDU-nun nəzdində Memar Əcəmi adına Yaradıcılıq Mərkəzinin qurulması planlaşdırılır – Elbrus İsayev
“Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında” Sərəncam ali təhsil müəssisələri qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Xüsusilə memarlıq, şəhərsalma və mühəndislik sahələri üzrə kadr hazırlığını həyata keçirən Naxçıvan Dövlət Universitetində bu istiqamətdə kompleks tədbirlərin reallaşdırılması nəzərdə tutulur”.
Bu barədə “Azərbaycan müəllimi”nə müsahibəsində Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib.
Rektor qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyev tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması Azərbaycanın şəhərsalma mədəniyyətinin inkişafında yeni mərhələdir: “Bu Sərəncam 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş bölgələrdə həyata keçirilən genişmiqyaslı şəhərsalma tədbirlərinin davamı kimi qiymətləndirilməlidir. Zəfərdən sonra Qarabağda şəhərsalma və yeni infrastruktur layihələrinin icra olunması, xüsusilə “ağıllı kənd” və “ağıllı şəhər”lərin inşası, dünyanın ən müasir memarlıq-konstruksiya formalarının tətbiqi və şəhərsalma mədəniyyətinə yeni məzmun gətirilməsi ölkə başçısının prioritetlərindən biridir.
Rektor 2026-cı ildə Azərbaycanda keçiriləcək böyük tədbirlər zamanı yeni təklif və layihələrin şahidi olacağımıza əminliyini vurğulayıb.
E.İsayev Azərbaycanın tarixi "İpək yolu" üzərində yerləşən geostrateji bir məkan olduğunu da diqqətə çatdırıb: "Dünya ticarətinin şah damarı sayılan bu ticarət yolunun funksiyası, bütövlükdə, sadəcə, ticarətlə məhdudlaşmayıb, tarixin bütün dövrlərində mədəniyyətlər yolu, hərb yolu kimi kimi də mühüm əhəmiyyətə malik olub. Bu yolun keçdiyi ölkələrdə şəhər mədəniyyəti fərqli inkişaf edib, beləliklə də, daha üstün səviyyəyə çatıb”.
Rektor Elbrus İsayev onu da xüsusi qeyd edib ki, bütün bunlar, o cümlədən şəhər mədəniyyətinin formalaşması, bizim tarixi şəhərlərimizdə memarlıq sənətinin inkişafına da öz töhfəsini verib: "Ölkəmizin hər guşəsi olduğu kimi Naxçıvan da qədim şəhərsalma mədəniyyətinə malik olan, çox qədim tarixlərdən ərazisində, memarlıq məktəbi kimi tanınan coğrafiyalardan biridir. Bilirsiniz ki, bu, Naxçıvan öz memarlığının inkişaf dövrünü Əcəmi memarlığı dövrü ilə, özünün ən yüksək inkişaf səviyyəsinə çatdırıb. Əcəmi memarlıq məktəbinin izlərinə nəinki Azərbaycanda, eləcə də Yaxın və Uzaq Şərqin bir sıra bölgələrində bu gün də rast gəlinir. Biz tarixi mənbələrdən və son dövrlər Azərbaycanın memarlıq tarixi ilə bağlı aparılan araşdırma xarakterli əsərlərdən çox aydın bir şəkildə görə bilərik ki, Naxçıvan memarlıq məktəbi, doğrudan da, ölkəmizin incəsənət tarixində bir nümunəvi bir məktəb olub. Bu məktəbin qurucusu və davamçıları əsrlər boyu Yaxın Orta Şərq xalqlarının mədəni inkişafına öz böyük töhfələrini veriblər. Təbii ki, bu şəhərsalma və memarlıq ilinin Əcəmi, Əbubəkr oğlunun 900 illik yubileyinə təsadüf etməsi də ayrıca, xüsusi bir məsələdir. Ona görə ki, Əcəmi memarlığının izlərinin şöhrəti məhz bu məktəbin yubileyinin UNESCO səviyyəsində qeyd olunmasına qədər gətirib çatdıra bilib. Biz fəxr edirik ki, Naxçıvanın Orta əsrlər dövrünün belə bir görkəmli şəxsiyyətinə UNESCO səviyyəsində yubiley keçirilir. Əlbəttə ki, Naxçıvanda belə bir tarixi ənənəni yeni mərhələdə inkişaf etdirmək üçün, mühüm işlər həyata keçirilir. Biz bir daha minnətdarıq ki, ölkə başçısının imzaladığı müvafiq Sərəncamda Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf proqramı qəbul olunub və bu inkişaf proqramında nəzərdə tutulan məsələlərdən biri də muxtar respublikanın ərazisində yerləşən tarixi öz əksini tapıb. Artıq Naxçıvan ərazisindəki memarlıq abidələrinin bərpası, eyni zamanda Naxçıvan şəhərinin Baş planının hazırlanması, şəhərin planlı şəkildə inkişafı və Sərəncam çərçivəsində Naxçıvan ərazisində yerləşən bir sıra tarixi abidələrin bərpasına başlanılıb. O cümlədən ölkə başçısının müvafiq Sərəncamı ilə Əcəmi Əbubəkr oğlu Naxçıvaninin şah əsəri sayılan Möminə xatun türbəsində bərpa işləri həyata keçirilir. Biz əminik ki, bu işlər 2026-cı il ərzində uğurla yekunlaşacaq. Əlbəttə ki, abidələrin bərpa olunması, onların qorunması yüksək peşəkarlıq tələb edir. Dövlətimizin yüksək qayğısı ilə bu abidələrin bərpasında yerli memar və mütəxəssislərlə yanaşı, xarici mütəxəssislərin də cəlb olunması əminlik yaradır ki, bizim tarixi abidələrimiz elmi əsaslandırmalar çərçivəsində bərpa olunacaq, onların orijinallığı qorunacaq və gələcək nəsillərə biz öz tarixi mirasımız haqqında orijinal, obyektiv məlumatlar ötürə biləcəyik”.
Rektor sərəncam çərçivəsində universitetdə görüləcək işlər barədə də danışıb: “Əlbəttə ki, bu genişmiqyaslı dövlət tədbirləri Naxçıvan Dövlət Universiteti qarşısında yeni imkanlar açır. Bilirsiniz ki, Naxçıvan Dövlət Universitetində 250-yə yaxın ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Bu istiqamətdə köklü fakültələrimizdən biri də Memarlıq və mühəndislik fakültəsidir. Bu fakültə təkcə ölkəmizin və muxtar respublikamızın tələbələri yox, o cümlədən əcnəbi tələbələr üçün də cəlbedici ixtisaslardan birinə çevrilib.
Qeyd etməliyəm ki, hazırda memarlıq ixtisasında təhsil alanlar arasında dünyanın müxtəlif ölkələrindən olan tələbələrimiz var.
Bu da onu göstərir ki, dünya miqyasında memarlıq ixtisasının, əmək bazarında yeri və rolu günbəgün artır və bu amil də qarşımızda yeni vəzifələr qoyur. Memarlıq ixtisasında təhsil alan məzunlarımız bu gün ölkəmizin müxtəlif dövlət qurumlarında, o cümlədən özəl təşkilatlarda müvəffəqiyyətlə təmsil olunular. O cümlədən Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarında və özəl sahədə Memarlıq ixtisası tələbələrimiz uğurla fəaliyyət göstərirlər. Bununla yanaşı, memarlıq sahəsində tədqiqatlarımız da mövcuddur. Biz yeni Naxçıvan tarixi abidələri kitabını təqdim etdik. Əlbəttə ki, Naxçıvan memarlıq məktəbini və memarlıq abidələrini öyrənmək üçün tədqiqatçılar da yetişdirmək vəzifəsi də üzərimizə düşür. Bu baxımdan, bizim hazırda müvafiq memarlıq kafedrasının tabeliyində doktorantura və dissertantura səviyyəsində, elmi tədqiqatlarını davam etdirən gənc əməkdaşlarımızın da bu ilin verdiyi imkanlardan geniş faydalanıb, daha uğurlu tədqiqatlar aparacağına ümidliyik.
Əlbəttə ki, bu Sərəncamın işığında 2026-cı ildə bütün ölkəmizdə olduğu kimi, Naxçıvanda, Naxçıvan Dövlət Universitetində memarlıq və şəhərsalma ilə bağlı müxtəlif tədbirlər planlaşdırılır”.
Rektor qeyd edib ki, 2026-cı il ərzində Naxçıvan Dövlət Universitetinin nəzdində Memar Əcəmi adına Yaradıcılıq Mərkəzinin yaradılması planlaşdırılır: “Eyni zamanda növbəti ildə memar Əcəminin 900 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi də nəzərdə tutulur. Bu beynəlxalq əhəmiyyətli tədbirdə dünyanın müxtəlif ölkələrindən alimlərin, tədqiqatçıların və məruzəçilərin iştirak edəcəyi gözlənilir. Bununla yanaşı, Naxçıvan Dövlət Universiteti ilə İstanbul Memar Sinan Universiteti arasında əməkdaşlığa başlanılıb. İnanırıq ki, “Şəhərsalma və Memarlıq İli”ndə bu əməkdaşlıq öz bəhrəsini verəcək. Biz bu tərəfdaşlığın imkanlarından həm tələbə və akademik mobillik proqramlarında, həm də birgə tədqiqatlarda geniş faydalanacağıq.
Onu da qeyd etmək istərdim ki, “Memarlıq” ixtisasının bir tələbəsi Memar Əcəmi adına adlı təqaüd alır ki, bu da universitetimizin Elmi Şurasının bizim, tələbələrimizə və gənclərimizə motivasiya, habelə böyük memarımızın, mütəfəkkirimizin irsinin qorunması məqsədi daşıyan bir qərardır. Təbii ki, 2026-cı ili əhatə edəcək Tədbirlər Planında şəhərsalma və memarlıq sahəsində universitetimiz üzərinə düşən işləri layiqincə yerinə yetirəcək”.
Rektor əlavə edib ki, universitetdə bakalavriat səviyyəsi ilə bərabər magistratura pilləsində də şəhərsalma və memarlıqla əlaqəli ixtisaslar üzrə də mütəxəssislərin hazırlığı həyata keçirilir: “İnanıram ki, “Şəhərsalma və Memarlıq İli” gənc mütəxəssislərin bu sahəyə olan marağını daha da artıracaq və ölkə rəhbərliyimizin müəyyənləşdirdiyi proqramlar üzrə bu sahədə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması yolunda görülən işlərə, xüsusilə də yeni inkişaf mərhələsinə öz töhfəsini verəcək.
Mən bir daha bütün ziyalılar adından, Naxçıvan Dövlət Universiteti kollektivi adından, Naxçıvan ziyalıları adından ölkə başçısına dərin minnətdarlığımızı bildirəm ki, Prezident cənab İlham Əliyev bütün sahələrə olduğu kimi, bu sahənin də inkişafına da hər zaman böyük qayğı ilə yanaşaraq çox mühüm Sərəncam imzalayıb. Bu Sərəncamın işığında Azərbaycanın əsaslı, köklü ənənəsi olan şəhərsalma və memarlıq mədəniyyətinin yenidən öyrənilməsi və araşdırılması gündəmə gətirilib.
İnanıram ki, 2026-cı ildə ali təhsil və elmi-tədqiqat müəssisələrində məhz bu mövzuda çox sanballı elmi tədqiqatlar, əsərlər meydana gələcək”.


