Nəsillərarası müqayisə: mif və elmi reallıq

20 Fevral, 2026 - 15:01
Nəsillərarası müqayisə: mif və elmi reallıq

Psixologiya və psixometriya sahəsində aparılmış geniş tədqiqatlar göstərir ki, XX əsr boyunca bir çox ölkədə gənc nəslin orta IQ göstəriciləri əvvəlki nəsillərlə müqayisədə yüksəlib. Bu müşahidə - “Flinn effekti” (və ya tərs – yəni invers – effekti) adlandırılır və 1984-cü ildə tədqiqatçı Ceyms R. Flinn tərəfindən sistemli şəkildə təhlil olunaraq elmi ədəbiyyata daxil edilib. Onun araşdırmaları göstərirdi ki, onilliklər ərzində IQ ballarında davamlı artım müşahidə edilir və bu artım təsadüfi deyil.

Həmçinin bu artımı bioloji təkamüllə izah etmək mümkün deyil. Genetik dəyişikliklər bir əsr kimi qısa müddətdə bu qədər sürətlə baş verə bilməz. Harvard Universitetinin psixoloqu Stiven Pinker və digər tədqiqatçılar da qeyd edirlər ki, söhbət genetik sıçrayışdan deyil, mühitin dəyişməsindən gedir. İnsan beyninin quruluşu əsasən eyni qalsa da, onun işləmə konteksti köklü şəkildə dəyişib.

Genetika deyil, mühit: Koqnitiv transformasiyanın sosial əsasları

XX əsr kütləvi və məcburi təhsilin genişləndiyi, orta təhsilin demək olar ki, universallaşdığı dövrdür. Məktəb sistemi uşaqları konkret təfəkkürdən abstrakt düşüncəyə doğru yönləndirdi. Riyazi modellər, ehtimal hesablamaları, qrafik və sxemlərlə işləmək, xəritə məlumatlarını interpretasiya etmək, simvolik dilləri anlamaq gündəlik intellektual tələbat halına gəldi. IQ testlərinin əksəriyyəti də məhz abstrakt - məntiqi düşüncəni ölçür. Məsələn, Raven Matrisləri kimi qeyri - verbal testlər konkret bilikdən çox, simvollar arasında əlaqə qurmaq bacarığını qiymətləndirir. Flinn özü də vurğulayırdı ki, zəka göstəricilərində artım əsasən abstrakt və analitik düşüncə tələb edən tapşırıqlarda müşahidə edilir, lüğət ehtiyatı və ümumi məlumat kimi sahələrdə isə bu yüksəliş eyni səviyyədə və miqyasda deyil.

Bununla paralel olaraq, urbanizasiya, sənayeləşmə və texnologiyanın gündəlik həyata sirayəti insanı daha mürəkkəb və çoxşaxəli qərarvermə mühitində yaşamağa vadar etdi. Əvvəlki əsrlərdə həyat daha çox konkret obyektlər və fiziki əmək üzərində qurulmuşdusa, XX əsrdə iqtisadiyyat faiz, risk, statistika, proqnoz kimi anlayışlar üzərində quruldu. Sosioloq Ulrix Bekin “risk cəmiyyəti” anlayışı bu transformasiyanı izah edir: müasir insan getdikcə daha çox abstrakt sistemlərlə üz-üzə qalır.

Flinn effektinin zəifləməsi: Yeni mərhələ

Son onilliklərdə yeni bir tendensiya da müşahidə edilir. Norveç, Danimarka, Finlandiya və İsveç kimi inkişaf etmiş ölkələrdə IQ göstəricilərində artımın dayanması, hətta bəzi hallarda geriləmə baş verməsi qeydə alınıb. 2018-ci ildə Norveçdə aparılan və böyük əhali bazasına söykənən araşdırma göstərdi ki, eyni ailədə dünyaya gələn daha kiçik yaşlı qardaşların IQ göstəriciləri əvvəl doğulanlarla müqayisədə bir qədər aşağı olur. Bu fakt genetik faktorları arxa plana keçirərək, müşahidə edilən dəyişikliyin daha çox sosial - mədəni amillərlə əlaqəli olduğu qənaətini gücləndirir.

Tədqiqatçılar mümkün səbəblər arasında oxu mədəniyyətinin zəifləməsini, uzunmüddətli diqqətin azalmasını, rəqəmsal mühitin düşünmə formasını dəyişdirməsini qeyd edirlər. Ekran mədəniyyəti sürətli vizual-reaktiv cavabları təşviq edir, lakin dərin, analitik və ardıcıl düşüncəni hər zaman dəstəkləmir. Amerikalı neyropsixoloq Meriann Vulfun oxu prosesinə dair araşdırmaları göstərir ki, dərin oxu beyin şəbəkələrini kompleks şəkildə aktivləşdirir və tənqidi düşüncəni gücləndirir. Səthi və parçalanmış informasiya qəbulu isə bu mexanizmi zəiflədir.

Flinn effekti göstərdi ki, insan təbii olaraq daha ağıllı doğulmur; o, getdikcə mürəkkəbləşən bir dünyada yaşamağa uyğunlaşaraq düşünmə mexanizmlərini inkişaf etdirir. Sosial mühit sadələşərsə və ya mürəkkəb qərarvermə prosesləri alqoritmlərə həvalə olunarsa, intellekti ölçmə üsullarımız da fərqli nəticələr göstərə bilər. Bu isə bioloji tənəzzül deyil, kognitiv rejimin transformasiyasıdır.

XXI əsr: İnformasiya bolluğu və koqnitiv davamlılıq problemi

Bu gün qarşımızda duran əsas sual budur: düşünmə proseslərini avtomatlaşdıran sistemlərin hökm sürdüyü bir dövrdə biz dərin təfəkkür bacarığımızı necə mühafizə edəcəyik? Əgər XX əsrin intellektual yüksəlişinin əsas hərəkətverici qüvvəsi kitab, mətn mədəniyyəti, sistematik və pilləli təhsil modeli idisə, XXI əsrin qarşısında duran vəzifə artıq fərqlidir: məsələ sadəcə bilik ötürmək deyil, diqqəti qorumaq, dili zəngin saxlamaq və analitik düşüncəni rəqəmsal mühit fonunda yeni müstəviyə qaldırmaqdır. Çünki bugünkü insan informasiya qıtlığından daha çox, informasiya bolluğundan əziyyət çəkir. Problem - anlamamaq deyil, seçə bilməmək; oxumamaq deyil, dərin oxuya bilməmək; düşünməmək deyil, diqqəti davamlı saxlaya bilməməkdir.

Müasir təhsil sistemi bu reallıqla üz-üzədir. Ötən əsrdə sənaye dövrünün məktəbi standartlaşdırılmış bilik və intizamlı təlim modeli üzərində qurulmuşdusa, rəqəmsal dövrün məktəbi kognitiv davamlılıq, tənqidi düşüncə və informasiya savadlılığı üzərində qurulmalıdır. Artıq təhsilalanlara faktı öyrətmək kifayət deyil; o, məlumatın mənbəyini yoxlamağı, alqoritmik filtrin necə işlədiyini anlamağı, manipulyativ kontenti ayırd etməyi bacarmalıdır. Bu isə sadəcə pedaqoji məsələ deyil, həm də demokratik cəmiyyətin davamlılığı ilə bağlı strateji məsələdir.

Qlobal tendensiyalar göstərir ki, inkişaf etmiş ölkələr STEAM (elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat) yanaşmasını genişləndirərək analitik düşüncəni yaradıcılıqla birləşdirməyə çalışırlar. OECD-nin “Education 2030” çərçivəsi artıq yalnız akademik bilikləri deyil, “transformativ kompetensiyaları” – kompleks problemləri həll etmə, müxtəlif perspektivləri inteqrasiya etmə və məsuliyyətli qərarvermə bacarığını önə çəkir. Bu zərurət, ilk növbədə, rəqəmsal mühitin yaratdığı diqqət parçalanmasına qarşı təhsilalanlarda intellektual davamlılıq və şüurlu fokus bacarığının formalaşdırılmasını tələb edir. Belə bir şəraitdə süni intellekt insan təfəkkürünü əvəz edən mexanizm kimi deyil, düşünmə prosesini sistemləşdirən və dərinləşdirən alət kimi dərk olunmalıdır. Başqa sözlə, AI texnologiyaları cavabı hazır şəkildə təqdim edən vasitə deyil, analitik refleksiyanı stimullaşdıran, arqument qurma və məntiqi əlaqələri görmə bacarığını gücləndirən köməkçi funksiyanı yerinə yetirməlidir.

Rəqəmsal transformasiya və təhsilin yeni arxitekturası

Rəqəmsal transformasiya təhsilin yalnız məzmununu deyil, arxitekturasını da dəyişir. Əvvəllər məktəb fiziki məkan idi – sinif otağı, lövhə, dərslik. Bu gün isə təhsil hibrid ekosistemə çevrilib: onlayn öyrənmə platformaları, süni intellekt əsaslı adaptiv öyrənmə və avtomatik qiymətləndirmə sistemləri, açıq resurs bazaları, fərdiləşdirilmiş tapşırıqlar, tədris alqoritmləri. Bu məqamda əsas məsələ texnologiyanın insan təfəkkürünün yerini tutması deyil, onun düşüncəyə dayaq olan bir alətə çevrilməsidir; yəni rəqəmsal vasitələr ağlı kölgədə qoymamalı, əksinə, onu daha uzağı görən bir “optik linza” kimi gücləndirməlidir. Əgər alqoritm təhsilalanların yerinə seçim edirsə, müəllimin vəzifəsi həmin seçimin məntiqini şərh etmək və şüurlu refleksiyanı təşviq etməkdir. Təhsilin arxitekturası - “istehlakçı təhsilalan” modeli yox, “istehsalçı təhsilalan” modeli üzərində qurulmalıdır; yəni məlumatı qəbul edən yox, onu emal edən, sorğulayan və yenidən yaradan fərd yetişdirilməlidir.

Rəqəmsal transformasiya yalnız texniki yenilənmə kimi deyil, həm də idarəetmə modelinin yenidən qurulması kimi başa düşülməlidir. Prezident İlham Əliyevin fevralın 11-də “Azərbaycanın yeni rəqəmsal arxitekturası” ilə bağlı müşavirədə səsləndirdiyi fikirlər təkcə texnoloji modernləşmə çağırışı deyil, həm də təhsilin idarə olunması və təlim-tərbiyə prosesinin yeni mərhələyə keçidi üçün strateji istiqamət kimi qiymətləndirilməlidir. Çıxışda vurğulandığı kimi, hər bir qurumda rəqəmsallaşma və süni intellekt üzrə məsul strukturun müəyyənləşdirilməsi artıq strateji zərurətdir. Bu yanaşmanın təhsil müəssisələrinə də şamil olunması təklifyönümlüdür. Təhsil müəssisələrində rəqəmsal transformasiya üzrə koordinatorun fəaliyyət göstərməsi, tədris prosesinin analitik əsaslarla idarə olunması və süni intellekt alətlərinin tətbiqinin sistemli şəkildə planlaşdırılması təhsilin yeni arxitekturasının institusional dayağına çevrilə bilər. Əks halda, rəqəmsal vasitələr epizodik layihə xarakteri daşıyar və sistemli inkişaf təmin olunmaz.

Dil və düşüncə: Struktur və dərinlik məsələsi

Bu məqamda dil məsələsi ayrıca diqqət tələb edir. Dil yalnız kommunikasiya vasitəsi deyil; o, düşüncənin daxili strukturunu formalaşdıran əsas matriksdir. Lüğət ehtiyatının kasadlaşması və ifadə imkanlarının məhdudlaşması nəticə etibarilə təfəkkürün də sadələşməsinə gətirib çıxarır. Sosial media diskursunun qısa, fraqmentar və emosional xarakteri uzun məntiqi zəncirləri də zəiflədir. Bu baxımdan müasir təhsil sistemi dərin oxu mədəniyyətini, “mətnlə uzunmüddətli və diqqətli təmas bacarığını” şüurlu şəkildə qoruyub inkişaf etdirməlidir. Kitab artıq yeganə informasiya mənbəyi olmasa da, o, hələ də kompleks və sistemli düşüncənin ən effektiv intellektual məşq vasitəsi olaraq qalır.

Etik ölçü: Süni intellekt dövründə məsuliyyət

XXI əsrin çağırışı yalnız intellektual deyil, etik xarakter də daşıyır. Süni intellekt böyük verilənlər və avtomatlaşdırılmış qərar sistemləri insanın kognitiv yükünü azaldır, lakin bununla yanaşı məsuliyyət yükünü də artırır. Gələcəyin təhsili texnoloji savadlılıqla yanaşı, rəqəmsal etikaya, məlumat təhlükəsizliyinə və insan mərkəzli dizayna əsaslanmalıdır. Əks halda, texnologiya insanı gücləndirən alət yox, onu passivləşdirən mexanizmə çevrilə bilər. 

Bu kontekst rəqəmsal mühitdə məsuliyyət məsələsini də aktuallaşdırır. Rəqəmsal məkan yalnız informasiya imkanları deyil, həm də risklər daşıyır. “Kibertəhlükəsizlik” anlayışı rəqəmsal sistemlərin və məlumatların kiberhücumlardan qorunması mexanizmi kimi izah olunsa da, onun mahiyyəti artıq sırf texniki çərçivəni aşır. Bu anlayış həm də mədəni və pedaqoji məsələdir. Təlim-tərbiyə prosesi təhsilalanlarda informasiya təhlükəsizliyi, rəqəmsal etik davranış və məsuliyyətli istifadə mədəniyyəti formalaşdırmalıdır. Təhsil müəssisələrində bu istiqamətdə pilot layihələrin tətbiqi, müəllimlər üçün AI savadlılığı üzrə təlimlərin təşkili və tələbələrə süni intellektin etik istifadəsi barədə biliklərin aşılanması aktual tədbirlər ola bilər.

Nəticə: Daha çox bilmək yox, daha dərindən düşünmək

Flinn effekti göstərdi ki, intellekt sabit bioloji göstərici deyil; o, sosial mühitin mürəkkəbliyi ilə əlaqəlidir. XX əsr insanı mürəkkəb dünyaya uyğunlaşmaq üçün abstrakt düşünmə bacarığını kütləvi şəkildə inkişaf etdirirdisə, XXI əsrin çağırışı isə həmin bacarığı rəqəmsal səs-küy, informasiya bolluğu içində qorumaq və onu daha yüksək səviyyədə yenidən təşkil etməkdir. 

Artıq dövlət rəqəmsal infrastruktur qurur, data mərkəzləri yaradır və süni intellekt texnologiyalarına investisiya edirsə, təhsil sistemi də paralel olaraq həmin infrastrukturun mənəvi və intellektual dayağı olan insan kapitalını formalaşdırmalıdır. Bu gün əsas sual daha çox məlumat toplamaq deyil, həmin məlumatı dərk etmək, təhlil və məsuliyyətlə tətbiq etmək bacarığıdır. Təhsilin gələcəyi texnologiya ilə təfəkkür, sürət ilə dərinlik, informasiya ilə hikmət arasında incə və strateji bir tarazlıq qurmaqdan asılı olacaq. Bu incə tarazlıq pozularsa, texnologiya insanı irəli aparmaq əvəzinə onu səthiliyə sürükləyə bilər; qorunarsa, o zaman rəqəmsal dövr insan zəkasının yeni inkişaf mərhələsinə çevrilə bilər.

Simuzər Qafarova,  
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin metodisti