21 noyabr 2024

Bütün xəbərlər
test
2 oktyabr, 09:30
87

Budəfəki müsahibimiz dünya elmində ən yüksək təltiflərdən (“kiçik Nobel mükafatı”) sayılan Humboldt mükafatının ilk azərbaycanlı laureatı, Almaniyanın Münxen şəhərindəki “Helmholtz” Elmi-Tədqiqat Mərkəzinin Dinamik sistemlər şöbəsinin müdiri, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyevdir.

– Hörmətli Məsud müəllim, uzun illərdir ki, Almaniyada yaşayıb fəaliyyət göstərməyinizə baxmayaraq, Azərbaycanla əlaqələrinizi kəsmir, daim inkişaf etdirirsiniz. Bu əlaqələr əsasən hansı istiqamətdə qurulub?

– 33 ildən artıqdır ki, Almaniyada yaşayıram. Mən bu ölkəyə Aleksandr fon Humboldt Fondu tərəfindən verilən Humboldt mükafatını qazanmış ilk azərbaycanlı alim kimi getmişdim. 1991-ci ildə ilk dəfə Almaniyaya səfərim zamanı bu ölkənin Prezidenti ilə görüşdüm, ona Azərbaycan haqqında məlumat verdim. Həmin vaxtdan etibarən daimi Almaniyada yaşayıram.

Azərbaycana hər gəlişimdə AR Diasporla İş üzrə Dövlət Komitəsi, AMEA və AR Elm və Təhsil Nazirliyinin rəhbər işçiləri, xarici əlaqələr şöbələrinin müdirləri ilə mütəmadi görüşlər keçirir, onlarla fikirlərimi və təcrübələrimi bölüşürəm, birgə müzakirələr aparırıq. Amerikada və Avropanın müxtəlif ölkələrində nüfuzlu konfranslar zamanı hər çıxışımda azərbaycanlı olduğum vurğulanır. Elm sahəsinə dair müasir yanaşmaları həm Azərbaycan, həm də müxtəlif beynəlxalq qurumlardan olan nümayəndələrlə, məsul şəxslərlə bölüşürəm.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ilə də müxtəlif tədbirlərdə bir araya gəlirik. Qeyd edim ki, Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən “Azərbaycanda elmin populyarlaşdırılması modeli” mövzusunda tədbirdə AR elm və təhsil naziri, eləcə də Azərbaycanın tanınmış alim və ziyalıları iştirak edirdilər. Onlar bu tədbirdə elmin populyarlaşdırılmasına dair mühüm təkliflər səsləndirərək vacib məqamlara toxunublar. Mən hər bir təklifi, ortaya qoyulan yanaşmaları yüksək qiymətləndirirəm. Lakin akademik İsa Həbibbəylinin bu tədbirdəki çıxışını, səsləndirdiyi konseptual fikirləri xüsusi qeyd etməliyəm.

Vətənə gəldiyimdə universitet rəhbərləri ilə də görüşlər keçirirəm. Həmçinin Azərbaycanda fəaliyyət göstərən müxtəlif məktəblərə, liseylərə gedir, ibtidai təhsilin vəziyyəti ilə tanış oluram.

Qeyd edim ki, bir müddət öncə Azərbaycan Memarlıq və İnşaat Universitetində təşkil olunan beynəlxalq tədbirlərdən birində əsas məruzəçilərdən biri kimi iştirak etmişəm. Bu tədbirə mənimlə yanaşı, müxtəlif ölkələrdən 30-dan çox alim və mütəxəssis gəlmişdi. Çalışıram ki, hər səfərimin bir mənası olsun, ali təhsil və elm qurumlarına faydam toxunsun, onlara dəstək göstərim.

Azərbaycandan 60-a yaxın elm və təhsil işçisini müxtəlif aylarda tələbələrlə birlikdə Almaniyaya dəvət etmişəm. Onların arasında AMEA-nın müxbir üzvləri, tanınmış alim və mütəxəssislərimiz də var.

– Azərbaycan elminin və diasporunun inkişafındakı xidmətlərinizə görə “Əməkdar elm xadimi” fəxri adı ilə təltif edilmisiniz. Eyni zamanda, Dünya Azərbaycanlı Alimlər Birliyinin sədrisiniz. Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi istiqamətində nəzərdə tutulan işlər barədə məlumat verə bilərsinizmi?

– 2022-ci ildə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər qurultayının Şuşada keçirilməsi ilə bağlı xəbər aldıq. Biz Şuşada çox doğma, isti münasibət gördük. Oraya çatana yaxın artıq dövlət qurumlarından, yaxın insanlardan ünvanıma təbriklər gəlməyə başladı. Mənə məlumat verdilər ki, dövlət başçısının Sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşəm. Bu qərardan tamamilə xəbərsiz idim. Yalnız Şuşaya ayaq basanda belə bir xəbər almağım əlbəttə ki, mənim üçün böyük rəmzi məna daşıyır.

Eyni zamanda, ötən il Nazirlər Kabinetinin, Elm və Təhsil Nazirliyinin, Diasporla İş Üzrə Dövlət Komitəsinin və Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə “Biologiya, ekologiya, fizika və mexanikada qeyri-xətti təzahür” mövzusunda beynəlxalq konfrans çərçivəsində 70 illik yubileyim Azərbaycanda dövlət səviyyəsində qeyd edildi. Bütün bunlar dövlətimizin, ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan elminə və elm adamlarına göstərdiyi yüksək diqqət və qayğının təzahürüdür. Müşahidələrimə əsasən deyə bilərəm ki, Azərbaycanda elm və təhsilin milli inkişafda müstəsna rolu hər zaman yüksək qiymətləndirilir.

Dünya Azərbaycanlı Alimlər Birliyinin fəaliyyətinə gəldikdə, 2022-ci il dekabrın 8-də Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə xaricdə yaşayan bir qrup ziyalı İstanbulda toplaşdı. Həmin gün xaricdə yaşayan azərbaycanlı ailmlərlə birgə İstanbulda Dünya Azərbaycanlı Alimlər Birliyinin yaranmasını bəyan etdik. Bu birlik Azərbacanda elm sahəsində gedən bütün prosesləri yaxından izləyir, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Diasporla İş üzrə Dövlət Komitəsi, AMEA, eləcə də Elm və Təhsil Nazirliyinin təşkil etdiyi müxtəlif tədbirlərdə xaricdə yaşayıb fəaliyyət göstərən azərbaycanlı alimlərin bir araya gəlməsinə imkan verir. Onların elmi problemlərə dair müzakirələr aparmaları, bilik və təcrübə mübadiləsini həyata keçirə bilmələri üçün şərait yaradır.

Bundan başqa, Dünya Azərbaycanlı Alimlər Birliyinin İdarə heyətinin üzvləri hər ay müxtəlif səpkili görüşlər keçirirlər. Birliyin İdarə Heyətində hazırda 10 nəfər təmsil olunur, alimlərin ümumi sayı isə 250-ni keçib. Əsas məqsədimiz öz biliklərimizlə, gördüyümüz işlərlə Azərbaycan elminin inkişafına dəstək verməkdir. Biz, elm adamları Azərbaycanda prioritet istiqamətləri əhatə edən aktual elm sahələrini qabartmağa çalışırıq. Xaricdə yaşayan azərbaycanlı alimlərin iştirakı ilə elmimizin səviyyəsinin yüksəldilməsi, müasir dövrün tələblərinə uyğun kadrların yetişdirilməsi son dərəcə vacibdir. Onu da vurğulayım ki, bizim Qarabağ Universiteti ilə bağlı böyük planlarımız var. Yəqin ki, bu barədə müəyyən vaxt keçdikdən sonra məlumat veriləcək.

– Məsud müəllim, cari ilin sentyabr ayında Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu keçirildi. Forumla bağlı fikirlərinizi öyrənmək istərdik. Tədbir hansı əlamətdar məsələlərlə yadda qaldı?

– Diasporla İş üzrə Dövlət Komitəsinin və Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə yadda qalan ən mühüm hadisələrdən biri Prezident İlham Əliyevin forum iştirakçılarına müraciəti oldu. Bu, artıq Azərbaycanda elmin inkişafının dövlətin prioritetlərindən biri olduğunun, ölkə rəhbərinin elm sahəsinə dəstəyinin göstəricisi demək idi. Tədbirdə 23 ölkədən 80-dən çox azərbaycanlı alim iştirak etdi.

Forum çərçivəsində işğaldan azad olunmuş ərazilərin bərpası prosesində alimlərimizin bilik və təcrübəsindən yararlanmaq məqsədilə Şuşa və Xankəndi şəhərlərinə səfər edildi, Qarabağ Universitetinin müəllim heyəti ilə müzakirələr aparıldı. Biz həmin ərəfədə Qarabağ Universitetinin rektoru ilə görüşdük, onunla birlikdə Şuşada ziyalılarla bir araya gəldik. Həmin gün hər birimiz üçün unudulmaz, gözəl xatirəyə çevrildi. Forumun öz işini Qarabağda yekunlaşdırması isə tarixi hadisə idi. Həmçinin Xankəndi şəhərində xaricdə yaşayan azərbaycanlı alimlər adından Prezident İlham Əliyevə müraciət etdik, həmin mətni mən səsləndirdim.

Azərbaycan hazırda iqlim dəyişiklikləri üzrə dünyanın mötəbər tədbirlərindən biri hesab olunan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a hazırlaşır. Artıq bu mötəbər tədbirin keçirilməsinə sayılı günlər qalır. Düşünürəm ki, COP29 Azərbaycan hökümətinin, diplomatiyasının çox böyük zəfəridir.

Onu da qeyd edim ki, 11-ci sinifdə oxuyan İlknur Məmmədova adlı şagirdlə birgə həyata keçirdiyimiz layihəmiz var. Layihə Azərbaycandakı su hövzələri, gələcəkdə su probleminin qarşısının alınması məsələlərinə həsr olunub. Mən COP29 tədbiri çərçivəsində görülən işlərlə yaxından tanışam və bu prosesə töhfə verməyə çalışıram.

– Hazırda Azərbaycan elminin inkişaf tempini necə qiymətləndirirsiz?

– Məlumdur ki, hər bir dövlətin gələcəyi, hərbi qüdrəti, iqtisadi və siyasi gücü onun elmi potensialı ilə bilavasitə bağlıdır. Azərbaycanda son illərdə elmin inkişafına xüsusi diqqət ayrılmağa başlanılıb. Dövlət başçısının elmə münasibəti artıq konseptual və sistemli xarakter daşıyır. Ölkədə elmin bir neçə istiqamətində gözəçarpan inkişaf müşahidə olunur. Fikrimcə, bu gün respublikada həm klassik elm xadimləri, həm də gənc və orta nəsil elm adamları arasında balans yaranıb. Müasir dövrün tələblərinə uyğun olaraq gənc nəsil süni intellektə, informasiya texnologiyalarına və onun müxtəlif sahələrdə tətbiqinə daha çox üstünlük verir. Orta nəsil elm adamları Azərbaycan elminə mühüm töhfələr vermiş klassik alimlərimizin təcrübəsindən yaralanır, tez-tez onların yaradıcılığına müraciət edirlər.

Hər dəfə Bakıya gələndə apardığım müşahidələrimə əsasən deyə bilərəm ki, AMEA və Elm və Təhsil Nazirliyi Azərbaycan elminin inkişafı, bu sahədə ciddi nailiyyətlərin əldə olunması və alimlərimizin dünya elminin tələblərinə uyğun tədqiqatlar aparması üçün birgə çalışır, məqsədyönlü tədbirlər həyata keçirir.

– Ölkəmizdə elmin gələcək inkişafı ilə bağlı təklif və tövsiyələrinizi eşitmək istərdik.

– Müasir dövrdə elm və texnologiyanın cəmiyyətə təsiri, bəşəriyyətin bu günü və gələcəyində rolu elə bir səviyyəyə çatıb ki, biz hər yerdə onun inkişafının əhəmiyyətli nəticələrini görürük. Əlbəttə ki, ilk növbədə, sağlam elmi mühitin formalaşdırılması vacib məsələdir. Bu mühiti formalaşdırmaq üçün hələ bağça yaşlarından hər bir valideyn övladının təlim-tərbiyəsinə diqqətlə yanaşmalı, onunla səmərəli vaxt keçirməli, sonra isə məktəb illərində - ibtidai və yuxarı siniflərdə keyfiyyətli təhsil alması üçün çalışmalıdır. Bir sözlə, uşaqda erkən yaşlardan elmə, təhsilə maraq oyadılmalıdır.

Hazırda fundamental elm sahələri bütün dünyada olduğu kimi, Azərbaycanda da böyük aktuallıq kəsb edir. Lakin qeyd etməliyəm ki, müəyyən mərhələlərdə humanitar elmlər xüsusi əhəmiyyət kəsb edir və bu sahəyə diqqəti azaltmaq olmaz. Çünki, hər bir elmin arxasında humanitar elm sahələrində fəaliyyət göstərən alimlərin daha yaxşı bildiyi, tədqiq etdiyi insan faktoru dayanır.

Nərgiz QƏHRƏMANOVA,
AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri

1 /1

https://muallim-edu-az.s3.eu-north-1.amazonaws.com/muallimeduaznews_slider/1728019854152%7Cp%C3%84%C2%B1liuio.jpg

Xəbər lenti

21 noyabr, 14:06
2

İqlim Bəyannaməsi uşaq hüquqlarının qorunması istiqamətində mühüm addım olacaq – Kəmalə Aşumova

21 noyabr, 13:47
8

COP29-un media koordinatoru yaradılan şərait haqda danışıb

21 noyabr, 13:16
14

Mehdiabad məktəbi "Yaşıl dəyişikliklər" fotomüsabiqəsində birinci yeri tutub

21 noyabr, 13:15
8
21 noyabr, 12:43
18

Məktəblərin xarici qiymətləndirilməsi necə aparılır? – Avropa ölkələrinin təcrübəsi

21 noyabr, 12:37
10

“Müasir metodik xidmətin təşkili” layihəsi çərçivəsində metodistlik fəaliyyətləri davam edir

21 noyabr, 12:12
9

Elm və təhsil naziri Balakəndə vətəndaşları qəbul edəcək

21 noyabr, 11:03
13

İqlim Elm Olimpiadasının mükafatlandırma mərasimi keçirilib

21 noyabr, 11:03
51

Azərbaycan universitetləri "Times Higher Education" reytinqində TOP 500-də yer alıb

21 noyabr, 10:51
35

Emin Əmrullayev: “60 manatı 80 və ya 90 manat etsək, elmimiz 20-30 faiz irəli getməyəcək”

21 noyabr, 10:09
14

Pakistan universitetinin nümayəndələri AzTU-da olublar

21 noyabr, 09:42
36

Bayıldakı Zəngilan məktəbi Reza Deqatinin vəsaiti hesabına tikilib

21 noyabr, 09:22
26

Reza Deqati: Mən fotoqraf kimi tanınmışam, amma əslində müəlliməm

21 noyabr, 09:08
11

Azərbaycanda “Silicon Vadisi” bazası əsasında yeni İT Akademiyası fəaliyyətə başlayır

21 noyabr, 09:04
15

ADNSU-da Birləşmiş Ərəb Əmirlikləri Universiteti ilə birgə simpozium keçirilib

20 noyabr, 23:24
20

Nazir: 4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır, rasionallaşmaya getməliyik

20 noyabr, 23:10
19

Dövlət sifarişi ilə oxuyan tələbələr üçün ayrılan təhsil xərcləri artırılır

20 noyabr, 22:57
16

35 ölkədən 100 nəfər "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”na layiq görülüb

20 noyabr, 22:48
23

Gələn il daha çox tələbə təhsil krediti ala biləcək

20 noyabr, 22:36
22

Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti üçün 10 milyon manat ayrılacaq

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.