Böyük Britaniyada təhsil alan tələbə: “Çətinliklər məni daha çox motivasiya edir” – MÜSAHİBƏ
“Azərbaycan müəllimi” bu dəfə oxuculara “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı “University of Sheffield” ali təhsil müəssisəsində “İnklüziv təhsil” ixtisası üzrə doktorantura səviyyəsində təhsil alan Turanə Abdullayevanı təqdim edir.
Tanıtım: Turanə Madar qızı Abdullayeva ilk təhsilini 1996-2006-cı tədris illərində böyüyüb boya-başa çatdığı Samux rayon, Sərkar kənd orta məktəbində alıb. 2006-cı ildə TQDK-nın keçirdiyi qəbul imtahanında 614 bal yığaraq Azərbaycan Dillər Universitetinin “İngilis dili” ixtisasına qəbul olub. 2010-cu ildə ADU-nu fərqlənmə diplomu ilə bitirərək, Qafqaz Universitetinin (Bakı Mühəndislik Universiteti) “İngilis dili və ədəbiyyatı” ixtisası üzrə magistraturasına daxil olub. 2012-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib, elə həmin ildə Qafqaz Universitetində İngilis dili və ədəbiyyatı kafedrasının “Dünya ədəbiyyatı” ixtisası üzrə doktoranturaya qəbul olub.
2016-2017-ci illərdə Bakı Mühəndislik Universitetinin “İngilis dili və ədəbiyyatı” kafedrasında saathesabı, 2018-2022-ci illərdə həmin universitetin “İngilis dili” kafedrasında tam ştat müəllim kimi fəaliyyət göstərib. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qaliblərindən biri olaraq hazırda Böyük Britaniyanın Şeffild Universitetində ikinci PhD təhsilini davam etdirir.
Beləliklə də “Azərbaycan müəllimi”nin budəfəki müsahibi Turanə Abdullayevadır. Onunla söhbətimizə orta məktəb illərindən körpü salırıq.
Şeffild Universiteti “Azərbaycan tələbə cəmiyyəti”nin prezidenti
– Hələ orta məktəbdən oxumağa və öyrənməyə çox həvəsli olmuşam, “İlin ən yaxşı şagirdi” seçilmişəm, Azərbaycan dili və ədəbiyyat fənnindən rayon olimpiadasında birinci yeri tutmuşam. Sonralar ali təhsil aldığım müddətdə də bir neçə dəfə universitetdə semestr imtahanlarındakı uğurlarıma görə dekanın fərdi mükafatlarını qazanmışam. İlk doktorantura təhsilim dövründə bir neçə elmi konfranslarda məqalələrlə iştirak etmişəm.
Şeffild Universitetində artıq üçüncü ildir ki, təhsil alıram. Bu illər ərzində həm əyani təhsil almış, bir sıra ixtisasımla bağlı kursları tamamlamış, eyni zamanda da bir neçə layihələrdə işləmişəm. Onlar arasında“Research Culture Project” (2022-2023), “Actioning The Accessibility Guide" Project (2023-2024), “UREC Funding Project” (2023-2024) xüsusilə qeyd etmək istərdim. Əldə etdiyim təcrübələr həm ixtisasım baxımdan vacib və əhəmiyyətlidir, həm də gələcəkdə Azərbaycanda tətbiqi vacib olan məsələlərdir.
Bu ilin fevral ayından Şeffild Universitetində asisstant müəllim olaraq işləyir, seminarlar aparır, magistrların elmi rəhbəri vəzifəsini həyata keçirirəm. Hazırda Şeffild Universitetində yenidən fəaliyyətə başlayan “Azərbaycan tələbə cəmiyyəti”nin prezidentiyəm.
Daha sonra bu keçən iki il ərzində dissertasiya mövzumla bağlı “Postcolonial Disability, Childhood and Education Studies Inclusive Education in a Post-Soviet Context: A Case of Azerbaijan” adlı tədqiqat işim “The Routledge Handbook of Postcolonial Disability Studies” nəşr edilmişdir. Bunlardan əlavə olaraq, çoxsaylı elmi konfranslarda, simpoziumlarda öz elmi işlərimlə çıxış etmişəm. Bir neçə gün əvvəl BERA (British Educational Research Association) tərəfindən tədqiqat işim “Highly Commended Abstract” mükafatına layiq görülüb (BERA Conference, Manchester (UK), September 9th-12th, 2024).
Dövlət Proqramı bütün bacarıqlı və həvəsli tələbələrin xaricdə təhsil almaq üçün bərabər imkanlara malik olmasını təmin edir
– Gənclərimizin xaricdə təhsilə marağı güclənib. Siz ölkəmizdə xaricdə təhsil dövlət proqramlarının əhəmiyyəti barədə nə deyərdiniz?
– İlk növbədə, xaricdə təhsil proqramı qlobal rəqabətədavamlı işçi qüvvəsinin formalaşmasına kömək edir. Gənclərimiz xarici ölkələrin nüfuzlu universitetlərində yüksək keyfiyyətli təhsil almaq imkanı əldə etməklə Azərbaycanın iqtisadiyyatına və sosial inkişafına fayda verə biləcək yeni bilik, bacarıq və təcrübələrlə qayıdırlar. Bu, ölkəmizin tərəqqisi üçün vacib olan texnologiya, tibb, elm, sosial sahə və s. kimi vacib əhəmiyyətli sektorlardakı boşluqları aradan qaldırmağa kömək edəcəkdir.
İkincisi, dövlət təqaüdü ilə təhsil alan gənclər geri qayıtmaq və öyrəndiklərini vətənlərinin rifahı naminə tətbiq etmək üçün daha böyük məsuliyyət hiss edirlər. Bu, beyin axını ilə mübarizə aparmağa və Azərbaycanın ən yaxşı və ən parlaq gənclərinin milli inkişafa töhfə verməsini təmin edə bilər.
Bundan əlavə, bütün tələbələrin beynəlxalq təhsil almaq üçün maddi imkanı yoxdur, eyni ilə mənim kimi. Dövlət Proqramı bütün bacarıqlı və həvəsli tələbələrin xaricdə təhsil almaq üçün bərabər imkanlara malik olmasını təmin edir. Bu, bərabərsizliyi azaldır və daha inklüziv cəmiyyət yaratmağa kömək edir. Xaricdə təhsil alan azərbaycanlı tələbələr dünyanın hər yerində öz yaşıdları, professorları və digər peşəkarlarla dəyərli əlaqələr qururlar. Bu əlaqələr sonradan qlobal miqyasda ölkəmizə fayda verən əməkdaşlıq layihələri, tərəfdaşlıqlar və imkanlar yarada bilər.
Yekun olaraq qeyd etmək istərdim ki, xaricdə təhsil proqramı Azərbaycanın gələcəyi üçün vacib əhəmiyyət kəsb edir, gələcəyə bacarıqlı mütəxəssislər, liderlər və novatorlar yetişdirməklə ölkəmizin gələcək inkişafı üçün qoyulmuş sərmayə hesab edirəm.
Böyük Britaniyada təhsil almaq mənim liderlik bacarıqlarımı inkişaf etdirdi
– Konkret olaraq “2019-2023 Dövlət Proqramı” sizə nə verdi? Hansı təcrübə və səriştələri qazandırdı?
–Doktorantura bir sahədə bizə daha çox bilik əldə etməyimizə səbəb olur, yəni seçmiş olduğun ixtisas barəsində sən dörd ilə yaxın tədqiqat aparırsan, oxuyursan, keçmiş və yeni məlumatları əldə edib, müqayisə edirsən. Bu yolda sənə ən yaxından köməkliyi sənin elmi rəhbərin edə bilər və seçimi əvvəldən düzgün etməlisən. Buna görə də mən universitetdən əvvəl işləyə biləcəyim, yeniliklərə açıq olan, öz sahəsində həqiqətən peşəkar olan bir elmi rəhbər tapmalı idim, bu elə də asan olmadı. Məlumdur ki, belə insanlar çox məşğul olur, onlarla əlaqə saxlmaq, onlardan geridönüş almaq bir az vaxt aparır. Yəni Şeffildi seçməyimə əsas elmi rəhbərim olan professor Daniyel Qudli olmuşdu. Daha sonra, əlbəttə, universitetin prestiji, şəhərin multikultural olması kimi səbəblər də vardı.
Bildiyimiz kimi, Şeffild Universiteti müstəqil tədqiqata və tənqidi düşüncəyə böyük diqqət yetirir. Mənə mürəkkəb problemləri təhlil etmək, qiymətləndirmək və həll yolları haqqında tənqidi düşünmək bacarığımı inkişaf etməyə kömək etdi. Bu, Azərbaycanda həm peşəkar, həm də akademik şəraitdə əvəzolunmaz olacaq əsas bacarıqdır. Böyük multikultural mühit olan Britaniyada təhsil mənə dünyanın hər yerindən gələn tələbələrlə ünsiyyət qurmağa imkan verir. Bu təcrübə bizə beynəlxalq problemlər və mədəni müxtəliflik haqqında anlayışımızı zənginləşdirərək daha geniş qlobal perspektiv verdi. Mən müxtəlif mədəniyyətdən olan insanlarla əməkdaşlıq etməyi öyrəndim, bunun qlobal biznesdə və ya beynəlxalq münasibətlərdə, Azərbaycanın digər ölkələrlə əlaqələrinin gücləndirilməsində faydalı olacağını düşünürəm. Böyük Britaniyada yaşamaq və təhsil almaq mənim liderlik bacarıqlarımı inkişaf etdirdi. Yeni mühitə uyğunlaşmaq, akademik çətinliklərin öhdəsindən gəlmək və mədəni fərqləri idarə edərək maneələri dəf etmək qabiliyyətimi gücləndirdi. Bu keyfiyyətlər Azərbaycana qayıtdıqdan sonra üzərimə götürəcəyim istənilən liderlik rolu üçün vacibdir.
İnklüziv təhsil və müəllim hazırlığı böyük potensiala malik mövzudur
– Bir neçə kəlmə seçdiyiniz ixtisasın ölkəmizə verə biləcəyi dividendlər barədə..
– Bu sual ətrafında o qədər ətraflı danışmaq olar ki… Mən qısaca olaraq onu demək istərdim ki, inklüziv təhsil və müəllim hazırlığı proqramı Azərbaycanın təhsil sisteminin gələcəyini formalaşdırmaq üçün böyük potensiala malik mövzudur. Sinifdə bərabərliyi müdafiə edəcək, bütün tələbələrin ehtiyaclarını bərabər şəkildə ödəyəcək müəllimlər hazırlamaqla və milli təhsil islahatlarına töhfə verməklə mən daha da inklüziv, çiçəklənən və sosial cəhətdən mütəşəkkil Azərbaycan cəmiyyəti görürəm.
– Şeffild Universitetində sizin tədqiqatlarınız üçün nə kimi imkanlar var?
– Tədqiqat layihələrində iştirak etmək mənə ciddi akademik tədqiqatlar aparmaq, Azərbaycanda real dünya çağırışlarına tətbiq oluna bilən metodologiyaları öyrənmək təcrübəsi qazandırdı. Bu, mənə öz ixtisasım sahəsində, sözün əsl mənasında, öz peşəkərları olan, dünyada əlillik və inklüziv təhsil sahəsində öz sözünü demiş professorlarla ünsiyyət qurmaq və onların təcrübəsindən öyrənmək imkanları yaradır.
– İnklüziv təhsil sizin üçün nə dərəcədə əhəmiyyətli və cəlbedicidir. Bunu necə izah edərdiniz? Bu sahəyə artan maraq nə ilə bağlıdır?
– İnklüziv təhsildə əsas məsələ bütün tələbələrin keyfiyyətli təhsilə bərabər çıxışının təmin edilməsidir. Mənim tədqiqatım əlilliyin və inklüziv təhsilin Azərbaycan akademik mühitində necə anlaşıldığını tədqiq edib, müsbət və mənfi tərəflərini diqqətə çatdırmaq, onların aradan qaldırılması üçün təkliflər hazırlamaq, eləcə də gələcək inklüziv siniflərdə dərs keçə biləcək və inklüzivliyi effektiv şəkildə idarə etmək üçün müəllim hazırlığını təkmilləşdirməyə yönəlib.
Bu sahəyə artan maraq bərabərlik və insan hüquqları uğrunda qlobal təkandan irəli gəlir. Daha çox ölkə, o cümlədən Azərbaycan etiraf edir ki, inklüziv təhsil təkcə fərdlərə fayda vermir, həm də sosial inteqrasiyanı təşviq etməklə, ayrı-seçkiliyi azaltmaqla və daha bacarıqlı, müxtəlif işçi qüvvəsi yaratmaqla cəmiyyəti gücləndirir. Çətinliklərindən asılı olmayaraq bütün fərdləri əhatə edəcək təhsil sistemlərinin müasirləşdirilməsi zərurəti bu marağı şərtləndirir deyə düşünürəm.
– Gənc tədqiqatçı kimi elmi konfranslarda iştirak edirsiniz. Mövzularınız və çatdırmaq istədiyiniz mesajlar barədə nə deyə bilərsiniz?
– Konfranslar tədqiqatçıların peşəkar inkişafında mühüm rol oynayır. Onlar bizə dünyanın hər yerindən olan həmkarlarımızla əlaqə yaratmaq, fikir mübadiləsi etmək və gələcək layihələrə səbəb olan əməkdaşlıqlara təşviq edə bilirlər. Bundan əlavə, konfranslarda iştirak etmək, bizi müxtəlif perspektivlərlə və sahəmizdəki ən son yeniliklərlə tanış olmağımıza səbəb olur.
Seçdiyim ixtisas və dissertasiya mövzusuna uyğun konfranslarda iştirak etdiyim üçün onlar tədqiqat işimin tənqidi qiymətləndirilməsində mühüm rol oynayır. Tədqiqatçı yoldaşlarla əlaqə qurmaq və auditoriyadakı təcrübəli həmkarlardan rəy almaq mənim tədqiqat yanaşmamı təkmilləşdirməyə kömək edir. İştirakçılar tərəfindən verilən konstruktiv məsləhətlər və suallar mənim düşüncəmə və tədqiqat səhəmdə növbəti addımlara doğru istiqamətlənməyimə kömək edir. Bu məsləhətlər bir gənc tədqiqatçı kimi işimin həm keyfiyyətini, həm də təsirini artırmaqda əvəzsizdir deyə düşünürəm.
Karyera yönümlü təhsilə daha çox diqqət yetirməlidirlər
– Hazırda dünyada ali təhsil sahəsində hansı trendləri qeyd edə bilərsiniz? Sizcə, biz ali təhsildə hansı yeniliklərə hazır olmalıyıq?
– Düşünürəm ki, ali təhsildə mövcud qlobal tendensiyalar arasında rəqəmsallaşma, onlayn öyrənməyə, hibrid dərslər, rəqəmsal infrastrukturun möhkəmləndiriməsi daha vacibdir. Universitetlər praktik təcrübə vasitəsilə akademik proqramları əmək bazarının tələblərinə uyğunlaşdıraraq karyera yönümlü təhsilə daha çox diqqət yetirməlidirlər. Azərbaycan üçün rəqəmsal öyrənmə sahəsində yeniliklərə hazırlaşmaq, çevik proqram strukturlarını qəbul etmək, sənaye tərəfdaşlıqlarını gücləndirmək və qlobal təhsil mənzərəsində rəqabətədavamlı qalmaq üçün süni intellekt alətlərini inteqrasiya etmək çox vacibdir.
İnsan öz istəyindən asılı olaraq zamanı idarə edə bilər
– Daim öyrənmə həvəsi. Sizcə, şəxsi inkişaf və yaradıcılıq arasında sərhəd varmı? Özünüzü necə motivasiya edirsiniz?
– Daim öyrənmə həvəsi mənim üçün şəxsi inkişafın ən vacib hissəsidir. Orta məktəbdən öyrənməyi sevmişəm. İnsanın öz bilik və bacarıqlarını daim genişləndirməsi ona yeni perspektivlər açır və yaradıcılığı artırır. Tək təhsil sahəsində deyil, həyatın hər sahəsində bu belədir. Şəxsi inkişaf və yaradıcılıq arasında sərhəd olduğuna inanmıram, yəni düşünmürəm elə bir sərhəd var, əksinə onlar bir-birini tamamlayır deyərdim. İnsan öz istəyindən asılı olaraq zamanı idarə edə bilər. Hazırda Britaniyada 8 yaşlı oğlumla birlikdə oxuyuram. Məlumdur ki, uşaqla zamanı idarə etmək daha çətindir, başqa bir ölkədə heç bir yaxının və ailə üzvün olmadan yaşayırsan. Müəyyən mərhələlərdə qarşıya çıxan çətinliklər məni daha da irəli aparmağa sövq edir, çünki hər yeni problem yeni bir fürsət yaradır. Mən adətən çətinliyə düşdükdə həlli yolunu axtarmağa daha çox fokuslanıram nəinki, onun problem olmağını xatırlayıram. Qısacası baş verən neqativ hallar, çətinliklər məni daha çox motivasiya edir.
Dövlət Proqramı vasitəsilə ən çox arzuladığım ölkədə və istədiyim universitetdə təhsil alıram
– Xaricdə təhsil almaq istəyən gənclərə nə kimi tövsiyələr verərdiniz?
– İlk əvvəl tövsiyə etmək istərdim ki, heç vaxt bu arzularından imtina etməsinlər. Öz vaxtlarımı xatırlayıram, gecələr işıqlarımız olmasa da, yanan çırağın işığında olsa da, dərslərimə əzmlə çalışırdım. Çünki məqsədim universitetə qəbul olmaq idi. Ona görə düşünürəm ki, bu gün şərtlər və şərait bizim keçdiyimiz vaxtdan daha yaxşıdır, daha əlçatandır, ona görə də hər bir gənc kiçik, yaxud böyük, fərq etmir, əsas qarşısına məqsəd qoymalı və o yolda əzmlə çalışmalıdır.
Əgər ilk cəhddə bu mümkün olmayıbsa, bu, onun heç vaxt alınmayacağı mənasına gəlmir. O vaxtlar bu hədəf mənə də əlçatan görünmürdü, hətta kənddən çıxıb Bakıda təhsil almaq belə mənə əlçatmaz gəlirdi. Ancaq insanın bu yolda ehtiyacı olan ən vacib şey əzmkarlıqdır. Ona görə də gənclərə daha çox əzmli və iradəli olmalarını tövsiyə edirəm. Səmimi şəkildə etiraf etməliyəm ki, bugünkü uğurlarıma görə məhz bu xüsusiyyətlərimə borcluyam. Əzmkarlıq və çox çalışmaq sayəsində bu gün mən Dövlət Proqramı vasitəsilə ən çox arzuladığım ölkədə və istədiyim universitetdə təhsil alıram. Bu təcrübə mənə göstərdi ki, əgər insan öz hədəflərinə inanır və onlara çatmaq üçün əzmlə çalışırsa, ən böyük arzular belə reallaşa bilər.
Əlavə olaraq təhsil aldıqları müddətdə daim axtarışda olmağı, tək dərslərlə deyil, ictimai işlərdə, könüllülük proqramında, eyni zamanda tələbə cəmiyyətlərində aktivlik göstərərək təcrübə qazanmalarını tövsiyə edərdim.
Azərbaycanın təhsil sistemində, xüsusən də inklüziv təhsil sahəsində inkişaf üçün böyük potensial var
– Gələcək hədəfləriniz barədə nə deyərdiniz?
– Üçüncü kurs tələbəsi olaraq, hazırda kritik bir mərhələdəyəm. Bu il dissertasiya işim üçün xüsusilə vacibdir. Topladığım məlumatların təhlili ilə məşğulam və aşkar etdiyim nəticələr əsasında araşdırmalarımı davam etdirməyi planlaşdırıram. İnanıram ki, Azərbaycanın təhsil sistemində, xüsusən də inklüziv təhsil sahəsində inkişaf üçün böyük potensial var. Mənim tədqiqatım təkcə akademik töhfə verməklə bağlı deyil, həm də təhsil sistemimizi daha inklüziv etmək üçün Azərbaycanda həyata keçirilə biləcək praktiki addımları müəyyən etməkdir. Bu sahədə hələ çox görüləsi işlər var və mən bu sahənin bir hissəsi olmaqdan çox məmnunam.
Doktorluq dərəcəmi əldə etdikdən sonra əldə etdiyim bilik və təcrübəni Azərbaycan akademik ictimaiyyətindəki həmkarlarımla bölüşməyə can atıram. İnanıram ki, digər pedaqoqlar və tədqiqatçılarla əməkdaşlıq etməklə biz Azərbaycanın təhsil sistemindəki problemləri həll edən daha böyük, daha təsirli layihələr həyata keçirə bilərik. Məqsədim tələbələrə, müəllimlərə və bütövlükdə cəmiyyətə fayda verəcək inklüziv təhsil siyasəti və təcrübələrinin inkişafına mənalı töhfə verməkdir.
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)