
Bəşər tarixinin inkişafında ictimai inkişafın dinamikası qlobal miqyasa çatır. Aydındır ki, müasir dövrün qlobal problemləri çoxdur. Onlardan; istilik-nüvə müharibəsi problemi, təbii ehtiyatlardan düzgün istifadə olunmaması, demoqrafik siyasətin doğru və düzgün qurulmaması, ekoloji fəlakətlər və s. kimi problemləri göstərmək olar. Əlbəttə, bu gün müasir cəmiyyətdə dünyanı təhdid edən bu problemlərin ümüdverici həlli həyata keçirilməyə çalışılır. Məlumdur ki, bu problemlərin həlli bir ölkədən asılı deyil, ümumdünya miqyasında əməkdaşlıq və ölkələr arasında sıx əməli qarşılıqlı fəaliyyətə əsaslana bilər.
Müstəqil Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi qlobal böhranın həllinə öz tövhəsini verir. Belə ki, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində məqsədyönümlü işlər həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutularaq, iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edildi.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası COP-29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yeni qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan Respublikasına böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli regional və qlobal səviyyədə ekoloji problemin həllinə bariz nümunəsidir. Azərbaycan Respublikası 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf götürülüb. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.
İnsan öz dünyagörüşünə müvafiq olaraq sadəcə təbiət üzərində hökmranlıq yox, onun üzərində cəmiyyət və təbiətin harmonik vəhdətini təmin etməlidir. İnsanın vəzifəsi bu harmoniyanı saxlamaqla, yeni biosfer yaratmağa səy göstərməlidir. Bununla da, təbiətin mühafizəsi mənəvi tərəqqinin zəruri şərtinə çevriləcək.
Məsələ burasındadır ki, bəşəriyyət ictimai inkişafın elə bir mərhələsinə qədəm qoymuşdur ki, Erix Fromm “Azadlıqdan qaçma” əsərində yazıldığı kimi, artıq bu əsrdə insan ölümü qarşıda durur. Avropa alimlərindən O.Şpenqlər, K.Yaspers, A.Toynbi, E.Fromm, H.Markuze, habelə, “Roma klubu” üzvləri müasir dünyanın daxili ziddiyyətlərini, getdikcə dərinləşməkdə olan böhranlı anlarını, dünyanın mənəvi cəhətdən dəyişilməsi zərurətini göstəriblər. Noosfera nəzəriyyəsinin yaradıcılarından biri, akademik V.N.Vernadski qlobal-ekoloji problemlərin optimal həlli üçün bəşəriyyətin vəhdəti məsələsini irəli sürüb və noosferin formalaşdırılması üçün beynəlxalq münasibətlərin noosferləşdirilməsini mühüm mənbə kimi qeyd edib.
Bəşəriyyət artıq birinci dəfə deyil ki, kardinal dəyişikliklərin şahidi olur. Əgər əvvəllər belə dəyişikliklər dünyanın yalnız bir hissəsində (əvvəlcə Avropada, daha sonra ABŞ-də) baş verirdisə, indi bu proses bütün dünya ölkələrini əhatə edib və onlar sosial sıçrayışlar yoluna qədəm qoyub. Belə ki, müasir dünyamızın inkişafı bu mənada vahid bir sosial orqanizmi xatırladır.
XXI əsrin adamları ictimai - siyasi, mənəvi həyatın bütün sahələrində mühüm uğurlar əldə edib. Atom enerjisi ram edilib, canlıların irsiyyət daşıyıcılarının maddi əsasları öyrənilib, insan beynini təqlid etməyə çalışan kompüter və robort avadanlıqları yaradılıb və nəhayət, insanlar əmin olublar ki, onlar Günəş sistemində yeganə şüurlu məxluqdurlar. Bu gün bəşəriyyət əldə etdiyi elmi-texniki nailiyyətləri təbiətlə mübarizə apararaq qazanıb və hər an belə düşünüb ki, o, təbiətə qalib gəlir və onu ram edir. Lakin əsrin sonunda insanlar dərk etməyə başladılar ki, təbiətlə mübarizə aparmaq əbəsdir, onunla ancaq dostluq etmək lazımdır və bu dostluğun açarı dünya dövlətlərinin birliyindədir.
Son 30 ildə Azərbaycanın erməni faşistləri tərəfindən işğal edilmiş torpaqlarının ekosistemi dağıdılıb, ətraf mühit və su ehtiyatları çirklənməyə məruz qalıb, meşə və qiymətli ağac növləri kütləvi şəkildə məhv edilib. Hələ onu demirik ki, Qarabağ və Şərqi Zəngəzurda mina təhdidi davam edir. “Yaşıl dünya naminə həmrəylik ili”nin elan olunması ilə dünya ölkələrini birliyə çağıran Azərbaycan Respublikası işğaldan azad etdiyi əzəli torpaqlarında dinc quruculuq işlərini həyata keçirməklə “yaşıl dünya”ya öz möhtəşəm töhfəsini verməyə çalışır. Azərbaycanın qlobal müstəvidə olan bu çağırışı əslində bütün dünyaya olan çağırışıdır. Bunu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev öz çıxışlarının birində qətiyyətlə bildirir ki, Azərbaycan neft-qaz sahəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz “Yaşıl enerji” ilə bağlıdır”.
Məlumdur ki, Müstəqil Azərbaycan Respublikası beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəyə malikdir. Zəngin mədəni irsi və dinamik enerjisi olan ölkəmiz dünya ictimaiyyətinin aktual problemlərinin həlli istiqamətində mühüm bir mərhələnin həyata keçirilməsində öz töhfəsini verəcək.
Şasəddin Mikayılov,
ADPU-nun Şamaxı filialının müəllimi, fəlsəfə doktoru
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər