STEAM Lənkəran Klubunun rəhbəri: Məqsədimiz bu sahədə istedadlı şagirdləri üzə çıxarmaqdır
Lənkəran şəhərində regionun ilk və tək STEAM mərkəzi ilə yanaşı bir də STEAM klubu fəaliyyət göstərir.
“Azərbaycan müəllimi”nin budəfəki müsahibi STEAM Lənkəran Klubunun qurucusu Faiq Şıxəlizadədir.
Faiq Şıxəlizadə 1994-cu ildə Lənkəran rayon Cil kəndində anadan olub. O, Lənkəran Dövlət Universitetində “Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə (2012-2016-cı illərdə) ali təhsil alıb. 2017-ci ildə müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq Lənkəran rayonun ucqar dağ kəndi olan Türkəncil kənd ümumi orta məktəbinə coğrafiya müəllimi kimi işə başlayıb. 2023-ci ildə direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsində uğur qazanaraq Masallı rayon Mollaoba kənd B.Şiriyev adına tam orta məktəbinə direktor müavini təyin edilib. 2019-cu ildə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının yaradılmasında yaxından iştirak edərək Lənkəran üzrə koordinator təyin edilib və hazırda fəaliyyətini AGMA-da davam etdirir.
Artıq STEAM anlayılışını və layihəsini tanımayan məktəb və müəllim yoxdur
"2020-cu ildə STEAM təlimi alandan sonra Lənkəranda şagirdlərə və müəllimlərə bu sahədə təlimlər keçməyə başladım. Azərbaycan Respublikası Təhsil İnstitutunun STEAM layihəsi ilk vaxtlar az sayda məktəbi və şagirdləri əhatə etdiyi üçün bunu rayonun digər məktəblərinə yaymağa və şagirdlərə çatdırmağa başladıq. Beləcə, STEAM Lənkəran Klubunu qurduq. Təlimlərimiz ödənişli və ödənişsiz, əyani və onlayn olaraq geniş miqyası və kütləni əhatə edir. Lənkəranda STEAM mərkəzi qurulduqdan sonra STEAM Lənkəran Klubu rayonun bütün məktəblərində könüllü olaraq şagirdlərə STEAM təlimi keçdi. STEAM müəllimi ilə 80-nə yaxın şagird və müəllimə ödənişsiz təlimlər keçərək bölgədə bu bacarıqların artırılmasına dəstək olduq. 2020-ci ildə Lənkəran məktəblərində STEAM anlayışı nəinki şagird və valideyn, hətta müəllimlər arasında belə az bilinir və məlumatlı olanların sayı barmaqla sayılacaq qədər idi. Hazırda isə demək olar ki, STEAM anlayılışını və layihəsini tanımayan məktəb və müəllimlər yoxdur” - deyə o bildirib.
Masallı təhsilində də STEAM-in rolunu artırmağa çalışacağıq
F.Şıxəlizadə əlavə edib ki, klubu yaratmaqda məqsədlərdən biri də bölgədə STEAM bacarıqları olan şagirdləri tapıb onları beynəlxalq layihələrə hazırlamaq və tanıtmaq idi:
“Buna qədər biz ölkənin müxtəlif bölgələrində, əsasən də paytaxtda bu sahədə uğur qazanan şagirdlər barədə məlumatlar eşidir və sadəcə prosesləri izləyirdik. O proseslərdən sonra Lənkəran şagirdləri bir sıra beynəlxalq STEAM layihələrinin qalibi olublar və olmaqda davam edirlər. Klubun fəaliyyətini Masallıya da yaymağı düşünür və orada da şagirdlərinin STEAM bacarıqlarını artırmaq üçün tədbirlər görürük. Bu məqsədlə Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII Qrant müsabiqəsində ”STEAM Masallı klubu" adında layihə ilə iştirak edərək qalib seçilmişəm. Bu tədris ilində (noyabr ayından) layihə fəaliyyətə başlayacaq və Masallı təhsilində STEAM-in rolunu artırmağa çalışacağıq”.
1 /3
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)