Texnologiya və ekologiya sahəsində gənclərin gücü bir araya gələndə, insanda gələcəyin daha yaşıl və davamlı olacağına inam artır. Yaşıl SAF24 Festivalında iştirak edən komandalar yalnız öz innovativ layihələri ilə yarışmır, eyni zamanda kənd təsərrüfatından enerji sektoruna qədər geniş sahələrdə ətraf mühitin dostu həllər təklif edirlər. Bu da gənclərin ətraf mühitin qorunması mövzusunda nə qədər duyarlı olduğunu göstərir. Bəzi komandaların üzvləri azyaşlı olsalar da, ideyaları o qədər böyük və geniş, əhatəlidir ki, onların potensialı insana xüsusi bir ilham verir.
Bu gün “Yaşıl SAF24" festivalının ikinci günüdür. Builki festivalın final mərhələsinə ümumilikdə 244 komanda üzrə 900-dən çox iştirakçı qatılıb. Festival çərçivəsində 9 kateqoriya üzrə yarış və sərgi-yarışlar təşkil olunur.
“Azərbaycan müəllimi” yarışda iştirak edən bəzi komandalarla həmsöhbət olub. Onlardan biri Bakı Ali Neft Məktəbinin “AgroWise” komandasıdır. Komandanın elektronika və robotexnika mütəxəssisi Cəbrayıl Qasımlı 4-cü kurs tələbəsidir və Proseslərin avtomatlaşdırılması mühəndisliyi fakültəsində oxuyur. Layihənin NLP startap üzrə mütəxəssisi Aysel Rahimli isə həmin fakültənin 3-cü kurs tələbəsidir.
Aysel qeyd edir ki, layihələrinin əsas məqsədi fermerlərə data əsaslı təminat dəstəyi göstərməkdir: “Fermerlər saniyələr ərzində torpağın analizini əldə edə biləcəklər. Bu məlumatlar isə detallı şəkildə bizim hazırladığımız mobil tətbiqdə əks olunacaq. Real vaxtda verilənlərin emalı nəticəsində yekun məhsul olaraq müxtəlif hesabatlar və torpağın müxtəlif parametrləri üzrə rəngli xəritə əldə olunur. Xəritə vizual olaraq rahat şəkildə ərazi üzrə fərqlilikləri görməyə imkan verəcək. Bununla yanaşı, fermerləri maarifləndirmək, torpaq analizinə maraqlarını artırmaq və xidmətimizi seçmələrini təşviq etmək məqsədi ilə tətbiq daxilində əlavə xidmətlər də təklif olunacaq”.
Komandanın elektronika və robotexnika mütəxəssisi Cəbrayıl Qasımlı əlavə edib ki, mobil tətbiqdə kənd təsərrüfatının müxtəlif sahələri üzrə geniş məlumat, bitkilərdə mövcud problemin tapılması və xəstəliyin erkən xəbərdarlığı, onlayn aqronom xidmətləri var: “Hazırda aktiv şəkildə sensor ilə təchiz olunmuş robot və “AgroWise” tətbiqinin hazırlanması üzərində işlər gedir. Yaxın zamanda sərgidə nümayiş etdirilmək üçün tam işlək prototip hazır olacaq”.
Tələbələr deyir ki, onlar bu layihəni COP29-un Biznes Təşəbbüsləri Pavilionunda da nümayiş etdirəcəklər və inanırlar ki, məhsulları investorlar üçün maraqlı olacaq.
İştirakçılar arasında diqqətimizi çəkən başqa bir komanda isə “Greenery-Balakən” oldu. İki gənc xanımdan ibarət bu komanda yarışa adlarından da məlum olduğu kimi Balakən rayonundan qatılır. Nəsimi adına 2 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdləri Səidə Məmmədova və Sənəm Yetimovanın sərgidə nümayiş etdirdiyi bitki və balıq yetişdirilməsində öz-özünü tənzimləyən ekosistem bir çox insanın diqqətini çəkmişdi.
Gənc təşəbbüskarlar öz layihələri haqda qeyd edirlər ki, əsas ideya bitkilərin təbii yolla gübrələnmə sistemini yaratmaqdır: “Biz SAF2024 yarışlarının "Yaşıl Təşəbbüslər" kateqoriyası üçün bitki və balıq yetişdirilməsində istifadə edilə bilən öz-özünü tənzimləyən ekosistem layihəsi yaratdıq. Layihəmiz hazırda insanların istifadəsinə yararlıdır. Bu layihəni gələcəkdə biznesə çevirməyi düşünürük. Layihə üzərində işləyib, onu daha da təkmilləşdirəcəyik”.
Onlar deyir ki, layihədə bitkilərin yetişdirilməsi zamanı yaranan gübrə və su probleminə xüsusi diqqət yetiriblər: “Çünki yaşıl bitkilər bizə həyat verir. Onları qorumalıyıq. Həm də bu layihə kənd təsərrüfatının inkişafına təkan verəcək. Bilirik ki, bitkilərin yetişdirilməsi zamanı su və gübrənin rolu böyükdür və bu maddələrin çatışmaması halları bitkilərin məhsuldarlığını aşağı salır. Belə olan halda, süni gübrələrin verilməsi zərurəti yaranır və bu gübrələr də sağlamlığımıza zərər yetirir. Hesab edirik ki, süni yolla hazırlanmış gübrələr insan sağlamlığı və ətraf mühit üçün zərərlidir”.
Komanda üzvlərinin maraq doğuran ideyası isə balıq tullantılarının bitkilər üçün gübrəyə çevrilməsini təmin edən sistemdir. Səidə Məmmədova deyir ki, Balakəndə olan çoxlu çaylar bu sistem üçün ideal imkanlar yaradır: “Layihə ideyasını formalaşdıranda araşdırmalar apararaq müəyyən etdik ki, bu gübrələri təbii yolla təmin edə bilərik. Balıqların ifrazat məhsullarının azotlu birləşmələrlə zəngin olduğunu öyrəndik və iki ekosistemi bir-biri ilə əlaqələndirərək, qarşılıqlı fayda əldə edəcəyimizi düşündük. Yəni, balıqların ifrazat məhsulları bitkilər üçün gübrə olacaq, balıq olan su hövzələrindəki su isə filtirdən süzülüb təmizlənərək geri hövzəyə qayıdacaq. Suyun filtirdən dövr etməsi üçün lazım olan enerjini isə biz alternativ enerji mənbələrindən əldə edəcəyik”.
Növbəti həmsöhbətimiz “TikTitans” komandasının üzvləri, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdləri Həsən Əliyev və Hüseyn Abdullayevdir. Onlar özlərinin hazırladığı robot üçün sıfırdan proqram da tərtib ediblər. “TikTitans” komandasının hazırladığı robot xüsusi platforma üzərində hərəkət edir və proqram vasitəsilə müxtəlif əmrləri yerinə yetirir. Bu robot müəyyən trayektoriya üzrə təyin olunan nöqtələrə çatır və platforma üzərində qurulmuş evləri "yaşıl enerji" ilə təmin edir. Külək pərlərinin işə düşməsi və toplanan enerjinin evlərə ötürülməsi, yaşıl enerjinin praktik istifadəsinə diqqət çəkmək üçün uğurlu təşəbbüsdür.
Komanda üzvü Həsən Əliyev deyir ki, öz layihələrinin uğurlu olacağına inanırlar.
Qeyd edək ki, festival çərçivəsində yarışlar “Yaşıl Təşəbbüslər”, “Yaşıl Kodlaşdırma”, “Hidrogen Maşınların Yarışı”, “Dron Texnologiyaları”, “Bizim Peykimiz”, “Robotların Mübarizəsi”, “Gələcəyin Mühəndisləri” və s. mövzuları əhatə edir.
Bütün kateqoriyalar üzrə mübarizə aparan gənclərə uğurlar arzulayırıq. İnanırıq ki, onların təşəbbüsləri gələcəkdə böyük layihələrin əsasını təşkil edəcək. Bu layihələr ekoloji təmiz, sağlam və davamlı biznes obyektlərinin yaranmasına xidmət göstərəcək.
Yetər Kərimli
Foto: Kənan Qafarov
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)