Qiymətləndirmədə 59 bal toplayan müəllim: “Biz şəxsiyyət formalaşdıran memarlarıq” – MÜSAHİBƏ
Məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllimlər və metodistlər üçün keçirilən diaqnostik qiymətləndirmə imtahanında Abşeron-Xızı regionu üzrə ən yüksək nəticə göstərənlərdən biri də Abşeron rayonu Masazır kənd 30 nömrəli körpələr evi-uşaq bağçasında tərbiyəçi-müəllim vəzifəsində çalışan Vüsalə Abbasovadır.
“Azərbaycan müəllimi”nə müsahibəsində V.Abbasova uğurunun sirləri ilə bölüşüb.
– Diaqnostik qiymətləndirmə imtahanında yüksək bal toplamağınız münasibətilə sizi ürəkdən təbrik edirik! Qiymətləndirməyə münasibətiniz necədir?
– Təşəkkür edirəm. Elm və Təhsil Nazirliyi tərəfindən məktəbəqədər pedaqoji işçilərin diaqnostik qiymətləndirilməsini çox müsbət qarşılayıram, nazirliyin bu istiqamətdə fəaliyyətini alqışlayıram.Təhsil işçilərinin savadının yüksək olması olduqca vacib amildir. Diaqnostik qiymətləndirmə, eyni zamanda sertifikasiya qiymətləndirməsinin məqsədi pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılmasıdır. Uşaqlar bizim gələcəyimizdir və onların təhsili ilə məşğul olan şəxslərin pedaqoji bilik və bacarıqları yüksək səviyyədə olmalıdır. Öz peşələrini yüksək səviyyədə bilmələrinə önəm verən insanlar üçün diaqnostik və sertifikasiya qiymətləndirmələri çox gözəl, sevindirici bir addım olmuşdur. Təhsil sahəsində yüksək təhsilli, savadlı şəxslər işləməlidir.Biz şəxsiyyət formalaşdıran memarlarıq. Uşaqların şəxsiyyət kimi formalaşmasının, onların zəruri bilik və bacarıqlarının bünövrəsi məhz məktəbəqədər yaş dövründə qoyulur. Bu səbəbdən tərbiyəçi-müəllimlər ən savadlı, məsuliyyətli, qayğıkeş, uşaqlara sevgi ilə yanaşan insanlar olmalıdır.
– İmtahana necə hazırlaşırdınız?Belə bir uğura necə nail ola bildiniz?
– İmtahana öz üzərimdə çalışaraq hazırlaşmışam. Sahəmi çox sevirəm və bu istiqamətdə bütün yeniliklərlə maraqlanıram, öyrənirəm, biliklərimi artırıram. Mütəmadi olaraq Elm və Təhsil Nazirliyinin təşkil etdiyi təlimlərə qoşulur, uşaq psixologiyası ilə yaxından maraqlanır, pedaqoji nəzəriyyələri oxuyurdum. Daha sonra Təhsil İnstitutunun bağça müəllimləri üçün “Diaqnostik qiymətləndirmə çərçivəsi” ilə tanış olaraq öz üzərimdə işlədim və yüksək nəticə əldə etdim.Qeyd etmək istərdim ki, mən artıq neçə illərdir ki, bu sahə üzrə təlimlərlə məşğulam. Hazırlaşdırdığım müəllimlər diaqnostik qiymətləndirmədə 50-dən yuxarı, tərbiyəçi-müəllim Məryəm Nuriyeva isə 58 bal toplayıb. İlk işə qəbul imtahanları keçirilən vaxtdan məktəbəqədər təhsil müəssisələrinə bağça müdirləri və tərbiyəçilərin işə qəbulu üzrə təlimlərlə məşğul olmuşam. Hazırlaşdırdığım müəllimlər arasında hazırda işləyən tərbiyəçilər və bağça müdirləri var. Onların uğuru mənim uğurumdur. Həm öz, həm müdavimlərim adına çox sevinirəm. Öz bildiklərimi başqalarına öyrətmək, təlim keçərək ətrafımdakı tərbiyəçi-müəllimlərə kömək olmaq mənim üçün böyük motivasiyadır.
– Diaqnostik qiymətləndirmədə yer alan sualları necə dəyərləndirirsiniz?
– İmtahan sualları tam mənim ürəyimcə olan suallar idi. Sualların tərtibatını çox bəyəndim. Çünki suallar əzbərçiliyə əsaslanmırdı. Mən gördüm ki, imtahan sualları müəllimlərin tək nəzəri biliklərini deyil, eyni zamanda öyrəndiklərini praktikada necə tətbiq etmələrini tələb edirdi. Mən də öz təcrübəmdə eynilə bu cür edirəm. Cəmi 25 dəqiqə ərzində artıq bütün sualları cavablandırmışdım. Ümumiyyətlə, kurikulumun tələbi budur ki, müəllim oxuduğunu anlasın. Kurikulumu əzbərləməklə müəllim olmaq olmaz, siz oxuduqlarınızı təcrübədə tətbiq etməlisiniz. Mövzunun mahiyyətini başa düşməyəndə isə təcrübədə tətbiq etmək mümkünsüzdür. Suallar elə gözəl hazırlanmışdı ki, əzbərçi müəllimlər həmin suallara cavab verə bilməzdi. Mən hər iki məqamın üzərində çox işləmişdim və güman edirəm ki, bu səbəbdən də belə yaxşı nəticə göstərdim.
– Neçə ildir pedaqoji fəaliyyətlə məşğulsunuz?
– Qeyd edim ki, mən ali magistr təhsilli müəlliməm. M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu (indiki BSU) bitirmişəm. Artıq 9 illik pedaqoji fəaliyyətim var, 4 ilə yaxın Bərdə rayonu Qarayusifli kənd tam orta məktəbində rus dili müəllimi işləmişəm. Daha sonra yaşayış yerini dəyişərək Bakı şəhərinə köçmüşəm və Masazır kənd 30 nömrəli körpələr evi-uşaq bağçasında tərbiyəçi-müəllim kimi işə başlamışam, 6 ilə yaxındır orada işləyirəm. Fəaliyyətə başladığım ilk gündən öz sahəmlə dərindən maraqlanıram.Bu sahə üzrə daha çox öyrənib biliklərə sahib olduğumu, öyrəndiklərimi isə işimdə tətbiq etməyi bacardığımı düşünürəm. İşlədiyim bağçanın kollektivi, rəhbərliyi çox mehribandır və hamımız biri-birimizə dəstəyik. Hamı istəyir ki, nəticələri yüksək olsun.
– Nədən məhz bu peşəni seçmisiniz?
– Mən müəllim ailəsində böyümüşəm, atam və anam filoloqdurlar. Hətta bu anımda belə anam həmişə mənim dəstəkçimdir, məni ürəkləndirən birinci şəxsdir. Bu peşəni seçməyimin səbəbi müəllimlik peşəsini sevməyim, bütün peşələrdən yüksək hesab etməyimdir. Eyni zamanda da uşaqları, xüsusilə məktəbəqədər yaşlı uşaqları çox sevirəm. Məktəbəqədər yaşlı uşaqlar bizim gələcəyimizdir və insanların gələcək həyatlarında lazım olacaq bilik və bacarıqların 80 faizindən çoxu məktəbəqədər yaş dövründə formalaşır. Tanınmış pedaqoq Yan Amos Komenskinin çox gözəl sözü var: “Bir yaşımdan beş yaşıma qədər öyrəndiklərimi bütün həyatım boyu öyrənə bilməmişəm”. Bu cümlə artıq məktəbəqədər yaş dövründə öyrənilən bilik və bacarıqların nə dərəcədə əhəmiyyətli olduğunu vurğulayır.Ona görə də məhz məktəbəqədər sahədə işləyən pedaqoji işçilərin peşəkarlıq səviyyəsi çox yüksək olmalıdır. Biz uşaqların gələcəkləri üçün onlara ilk addımlar atdırırıq, onlarda bacarıqlar formalaşdırırıq.
– Tədris zamanı hansı yeniliklərdən istifadə edirsiniz?
– Tərbiyəçi-müəllim, ilk növbədə uşaqlara sevgi verməyi bacarmalıdır. Biz 1-6 yaş arası uşaqlarla işləyirik, bu isə uşaqların sevgiyə ən çox ehtiyac duyduqları bir dövrdür. Məktəbəqədər təhsil proqramı məktəb proqramından fərqlidir. Məktəbəqədər təhsil müəssisələrində keçilən məşğələlər uşaqların yaşlarına və maraqlarına uyğun şəkildə qurulmalıdır. 1-6 yaş elə bir dövrdür ki, uşaqları parta arxasında əyləşdirərək onlara dərs keçmək nəinki düzgün, heç mümkün deyil. Bu yaş dövründə onların diqqət səviyyəsi, otura bilmək qabiliyyətləri fərqlidir. Mən məşğələləri oyun şəraitində keçməyi sevirəm. Əslində kurikulumun tələbi elə budur. Uşaqlara maksimum maraqlı tərzdə məşğələlər keçməyə çalışıram ki, onlar üçün heç nə darıxdırıcı olmasın. Bağça uşaq üçün darıxdırıcı olsa, o bağçaya gəlmək istəməyəcək. Maksimum maraqlı dərslər keçərək uşaqların əqli və fiziki inkişafına nail olmalıyıq. Mən kurikulumun təsdiq etdiyi yeni pedaqoji nəzəriyyələrdən maksimum ən maraqlı, əyləncəli şəkildə öyrənmə tətbiq edən strategiyanı götürüb ondan istifadə edirəm. Son zamanlar istər maddi-texniki bazanın möhkəmləndirilməsi, istərsə də lazımi vəsaitlərlə təmin edilməsi ilə bağlı çox irəliləyişlərə nail oluruq. Mənim çox bəyəndiyim Montessori təliminə uyğun didaktik oyuncaqlarla təmin olunmuşuq ki, bu da uşaqların beyin inkişafına çox gözəl formada təsir edən bir oyun vasitələridir.
– Müəllimin inkişafını nədə görürsünüz?
– Müəllimin inkişafını öz üzərində işləməyində, oxumağında, öyrənməyində görürəm.İstənilən peşə sahibi öz üzərində işləmirsə, meydana gələn yenilikləri öyrənmirsə və yeniliklərdən istifadə etmirsə, demək o şəxsin həmin sahə üzrə yaxşı mütəxəssis olduğunu söyləmək olmaz. Dövrümüzdə sürətli dəyişikliklər baş verir və müasir tələblərə uyğunlaşmaq lazımdır. Dövrümüz bizdən daim yenilənməyi, öyrənməyi tələb edir. Hesab edirəm ki, məktəbəqədər müəssisədə çalışan işçilər, müəllimlər hamısı uşaqları sevən şəxslər olmalıdır. Eyni zamanda da yüksək mənəvi keyfiyyətlərə sahib olan insanlar olmalıdır, çünki mənəvi xüsusiyyətlərə sahib olmayan insan uşaqlara da həmin keyfiyyətləri ötürə bilməz. Özümü bu sarıdan çox şanslı hesab edirəm və öyrəndiklərimi təcrübəmdə uşaqlara tətbiq etməyə çalışıram.
Vüsalə Abbasova kimi imtahanda uğur qazanan digər tərbiyəçi-müəllimlərin timsalında görürük ki, sadəcə öz üzərində çalışmaqla hər bir müəllim diaqnostik qiymətləndirmədə, eyni zamanda qarşıdan gələn tərbiyəçi-müəllimlərin sertifikasiya imtahanında yüksək nəticə əldə etməyə qadirdir. Bu yolda bütün müəllimlərə müvəffəqiyyətlər arzulayırıq.
1 /1
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)