5 dekabr 2024

Bütün xəbərlər
test
4 noyabr, 11:54
1276

Günel müəllimi sosial şəbəkələrdən tanıyırsınız. O, mütəmadi olaraq peşəsi, tədrisdə istifadə etdiyi metodlar, yeni yanaşmalar ilə bağlı paylaşımlar edir. Paylaşımlarından da görünür ki, şagirdlər onu sevir. 7 yaşlı uşaqların sevgisini isə həqiqi qayğı göstərmədən qazanmaq, yəqin ki, mümkün deyil. 

“Azərbaycan müəllimi” Nizami rayonu Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Günel Məmmədova ilə müsahibəni təqdim edir:

– Sizi müəllim olmaq üçün ilhamlandıran bir şəxs və ya hadisə varmı?

Əslində həyat elə gətirdi ki, mən ibtidai sinif müəllimi oldum. Lakin praktikamın ilk günü anladım ki, mən bu peşə üçün doğulmuşam. Həmçinin bütün məktəb illərim boyu özümü şanslı şagird hesab etmişəm. Çünki çox dəyərli müəllimlərim olub. İndi anlayıram ki, bu gün mövcud olan şəxsiyyyətimi təşkil edən o, müəllimlərdir. Hər müəllimimdən bir xüsusiyyəti götürmüşəm; Birindən ədaləti, birindən disiplini, birindən dürüstlüyü, birindən qayğını. 

Hansı məktəbi bitirmisiniz?

Nərimanov rayonunda 82 nömrəli məktəbi bitirmişəm. Bizim məktəbdə davamlı olaraq pilot layihələr icra edilirdi. 2005-ci ildə kurikulum ilə tədris aparılan ilk siniflərdən biri də bizim sinfimiz olub. O zaman üçün yeni sayılan qabaqcıl tədris metodları biz şagirdləri də həyəcanlandırır, dərsə daha maraqla, həvəslə yanaşmağımızı təmin edirdi. 

– Müəllimlərin işə qəbulu imtahanı və sertifikatlaşdırma nəticəniz maraqlıdır. Bizimlə bölüşə bilərsiniz?

2016-cı ildə MİQ imtahanında iştirak etdim. 51 bal topladım və 322 nömrəli məktəbə təyinat aldım. İki il sonra Türkiyədə “Təhsilin qiymətləndirilməsi və monitorinqi” üzrə magistratura təhsili almaq üçün işdən ayrıldım. Magistratura təhsilimi tamamladıqdan sonra 2021-ci ildə yenidən MİQ imtahanında iştirak etdim. 60 baldan 59 bal topladım və Kamail Əyyubov adına tam orta məktəbdə ibtidai sinif müəllimi kimi çalışmağa başladım. 2023-cü ildə isə müəllimlərin sertifikatlaşdırılmasında iştirak etdim və 56 bal topladım. Mən düşünürüəm ki, müəllim də daim özü özünü qiymətləndirməlidir. 

İlk iş təcrübələriniz barədə danışardınız.

Müəllim olaraq ilk pedaqoji təcrübəmə 322 nömrəli məktəbdə başlamışam. 21 yaşım vardı. Orada da şanslı idim, çünki çox peşəkar pedaqoji mühit var idi. 

– Sizin üçün müəllimlikdə ən dəyərli motivasiya nədir?

– İşini sevən müəllim motivasiyanın xarici mənbələrdən gəlməsinə ehtiyac duymur. Lakin zaman-zaman, əgər müəllimin də motivasiyaya ehtiyacı olursa, bu ehtiyac şagirdlərin gülüşləri, onları qucaqlayan uşaqlar və ya valideynlərdən gələn xoş sözlər vasitəsilə təmin olunur. 

Bir gününüzü necə planlayırsınız? 

Mən günümü yox, həftəmi planlayıram. Cümə günündən önümüzdəki həftənin dərsləri ilə bağlı həm valideynlərə, həm uşaqlara məlumat verirəm. Gələn həftə hansı mövzuları işləyəcəyik, dərslərimiz hansı standartlar üzərində qurulacaq… Adətən günüm səhər saat 6-da başlayır və artıq saat 7-də məktəbdə oluram. “Aslanlarım”ı qarşılamaq üçün sinfin qapısı açılır. Dərsə başlamazdan əvvəl uşaqların yuxusunu dağıtmaq üçün musiqi müşayiəti ilə isinmə xarakterli idman hərəkətləri edirik. Onlar ikinci sinifdir, balacadırlar. Bu formada günə başlamaq onlara sonrakı dərs saatlarımızda da gümrahlıq verir. 

Şagirdlərlə əlaqənizi daha səmimi etmək üçün hansı üsullardan istifadə edirsiniz?

Mən özümü də şagird kimi hiss edirəm, ona görə də onlarla empatiya qurmaqda çətinlik çəkmirəm. Şagirdlərimin maraq dairələrini anlayıram. Onlar da mənə qarşı diqqətlidir. Bəzən deyirlər ki, “müəllim nə gözəlsiniz”. Bu, məni ruhlandırır. Mən bütün sagirdlərimə “Aslanım” deyirəm. Onların öz gücünü görməsi mənim üçün çox önəmlidir. 

Təhsildə tətbiq edilən müasir metodlar haqqında nə düşünürsünüz?

Hər dövrün tələbinə uyğun olaraq yanaşma olmalıdır. Müasir, ya da qeyri bir standarta bölməzdim. Burada ən vacib element müəllimin yanaşmasıdır. Sənin şagirdin hansı dönəmin nümayəndələridirsə, sən də o dövrə xitab edən vətəndaşlar yetişdirməyə məcbursan. Çalışıram, dərslərimi müasir təlim metodlarına uyğun şəkildə qurmaqla yanaşı, şagirdlərimə telefon, kompüter, onların işinə yarayacaq texnologiyalar ilə işləməyi də öyrədim. Bütün rəqəmsal biliklərimi onlara ötürməyə çalışıram. Bəzi dərslərimizdə bu mövzuda onlara kiçik tapşırıqlar verirəm. Bəzən bir komanda təyin edirik və onlar müəllimə kömək edirlər. Tutaq ki, dərs üçün bir slayd hazırlayacağıq. Çalışıram, onlar da bu prosesdə iştirak etsinlər. Belə olan halda, uşaqlarda xüsusi bir ruh yüksəkliyi duyuram. 

Bizim dərs prosesini izləmək üçün bir az zamanımız oldu. Bu qısa müddətdə müşahidə etdik ki, siz dərslərin interaktiv təşkilinə nail ola bilmisiniz. Yeri gəlmişkən, şagirdləriniz 2-ci sinif olsa da, çox təşəbbüskar və özünəinamlıdırlar. Verdiyiniz suallara böyük həvəslə cavab verir, qruplarla işləməyə can atırlar. İstərdim, dərsin təşkilindən danışasınız. 

Sinfimizdə 34 şagird var və 45 dəqiqəni o uşaqlar arasında ədalətli şəkildə bölməliyəm. Bölgü elə olmalıdır ki, heç bir şagirdim öyrənmə prosesindən kənarda qalmasın. Bu nöqeyi-nəzərdən baxanda hər bir uşağa az vaxt düşür. Lakin bunun qarşısını almaq üçün interaktiv metodlardan istifadə etməyə məcburam. İnteraktiv dərs zamanı bir neçə uşağı deyil, bütün sinfi öyrənmə prosesinə cəlb edə, onlarla işləyə bilirəm. Bu zaman bütün uşaqlar eyni dərəcədə dərs prosesində iştirak edir. Qruplara və ya cütlərə bölünürük. Dərsdə uşaqlara öz hüquqları ilə yanaşı vəzifələrini və cəmiyyət qarşısındakı öhdəliklərini də öyrədirəm. Onların azad düşünməsi, sərbəst özünü ifadə etməsi, bunlar çox vacibdir. Ona görə də siz də müşahidə etdiyiniz kimi, onlar balaca olsalar da, öz fikirlərini söyləməkdən çəkinmirlər. Bir də inanıram ki, dinlənilən uşaq öz potensialını üzə çıxarmaqda çətinlik çəkə bilməz. Uşağın emosianal ehtiyacı bölüşməkdirsə, müəllimi olaraq mütləq onu dinləyirəm. 

Bugünkü şagirdlərdə ötən illərlə müqayisədə fərqləndiyini müşahidə etdiyiniz hansı dəyişikliklər var?

On ildir fəaliyyət göstərirəm. On il əvvəlki uşaqlar texnologiyalar ilə bu qədər iç-içə deyildilər. Ümumilikdə götürsək, insanın yetişdiyi dönəmin az əhəmiyyəti var. Axı uşaqlar öz dünyasını yaradır. Şagirdlərimi bu gün üçün yox, dünya üçün hazırlayır, özüm də dünya müəllimi olmağa çalışıram.

Müəllim-şagird-valideyn üçbucağı deyə bir anlayış var. Bu mənada münasibətlərin qurulması, valideynlərin də müəyyən qədər öz uşaqlarının öyrənmə prosesində iştirak etməsini necə təmin edirsiniz? 

Təsəvvür edin ki, sizin çəkdiyiniz rəsmə bir nəfər baxır və deyir ki, bu çox uğursuz alınıb. Bu, istənilən insana pis təsir edər. Uşaqlar da valideynlərin ən dəyərli əsəridir. Biz onların övladlarını dəyərsizləşdirsək, dolayısı ilə onları da dəyərsizləşdirmiş olacağıq. Ona görə də, valideynlər mənim üçün dəyərlidir. Çünki onların uşaqları dəyərlidir. Dediyiniz üçbucaq anlayışında hər kəs öz rolunu və öhdəliklərini bilib ona uyğun davranarsa, ideal münasibətlər qurular. Uşaqların daha sağlam sosial, psixoloji və emosional mühitdə böyüməsi valideynlər üçün də prioritetdir. Valideynlər də bilir ki, bu sinif mənim evimdir. Əlimdən gələni edirəm ki, uşaqlar boz divarlı sinif otağında yox, doğma hiss etdikləri mühitdə öyrənsinlər. İnanın, bəzən uşaqlar evə getmək istəmirlər. 

Yşıl dünya, iqlim dəyişiklikləri ilə bağlı uşaqların biliklərini zənginləşdirmək üçün hansı işlər görürsünüz?

Mən bu məktəbə 2021-ci ildə gəlmişəm. İlk günlər məktəb həyətində şagirdlər ilə güllər əkdik. Hələ onda Qarabağa gediş-gəliş sərbəstliyi yox idi. Biz uşaqlarla niyyət etdik ki, bu gülləri Qarabağa aparacaq və orada əkəcəyik. Bunun üçün bir büdcə də formalaşdırmışıq. Sinifdə cərimə qutumuz var. Bu qutuya sinifdə Azərbaycan dilində olmayan bir söz işlədən hər kəs simvolik bir cərimə atır. Cəriməmizin maksimum məbləği 5 qəpikdir. Qutumuz hələ də sinifdədir. 2021-ci ildə hələ “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməmişdi. Belə ali məqsəd daşıyan mövzular öyrənmə mühitində sadəcə bir ili əhatə edə bilməz. Şagirdlərimiz bilməlidir ki, biz dünyamızın daha yaxşı yer olması üçün hər zaman çalışmalıyıq. 

Cəmiyyətin təhsil sisteminə və müəllimlərə münasibətində dəyişiklik olmasını istərdinizmi?

Bir çox valideynlər işləyir deyə, bəzən öz məsuliyyətlərini də müəllimin çiyinlərinə qoyurlar. Şagirdlərim ilə nə qədər möhkəm emosional bağlara sahib olsam da, mən onların anası deyiləm. Heç bir müəllim ana deyil. Sadəcə, istəyirəm ki, valideynlər uşaqlarının öyrənmə prosesində daha fəal iştirak etsinlər. Mən çalışıram ki, evə tapşırıq verməyim. Bunu maksimum etmirəm. Lakin bəzən məhz məqsədli şəkildə uşaqlara, evdə valideynləri ilə birlikdə tamamlaya biləcəkləri tapşırıqlar verirəm. Təkcə analar yox, atalar da uşaqların öyrənmə dövründə onlara dəstək olsalar, uşaqlar daha çox stimullaşar. 

Gələcəkdə təhsil sahəsində hansı dəyişiklikləri görmək istəyərdiniz?

Mən arzulayardım ki, müasir texnologiyalar bütün şagirdlər üçün əlçatan olsun. Çox istərdim ki, region məktəbləri ilə təcrübə mübadiləsi edək. Məsələn, region məktəblərində dərs keçən müəllimlə hansısa şəhər məktəbinin müəlliminin yeri bir həftəlik dəyişdirilə bilər. 

Başqa ölkələrin müəllimləri ilə Azərbaycan müəlliminin təcrübə mübadiləsi aparılsın. Bu zaman şagirdlərin dünyagörüşü, müəllimlərin təcrübəsi zənginləşmiş olar. Bu yaxınlarda Türkiyədə Əskişəhərdən Səda adlı müəllim ilə şagirdlər üçün motivasiya yönümlü birgə təşəbbüs həyata keçirdik. Səda müəllimin şagirdləri bizim şagirdlərimizə məktub yazdı, biz də hazırda onlara cavab məktubu hazırlayırıq.

Müəllim olmaq şəxsi həyatınıza necə təsir edir?

Mən işim ilə bütünləşmişəm. Artıq peşəm kimliyimin önünə keçib. 24 saat müəlliməm. Daim müəllim mövqeyində düşünür, müəllim mövqeyində hərəkət edirəm. Maraqlı nəsə görürəmsə bunu şagirdlərimin də görməsini istəyirəm. Hazırda, planımızda var ki, şagirdlərimiz ilə Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya təşkil edək. 

Son olaraq Azərbaycan müəllimlərinə hansı mesajı vermək istərdiniz?

Əziz müəllimlər, uşaqların gələcəyin qurucuları kimi yetişdirilməsi üçün əlinizdən gələni əsirgəməyin. Həmkarınız kimi xahişim ondan ibarətdir ki, onların yalnız akademik biliklərlə deyil, həm də insani dəyərlərlə inkişaf etmələrini təmin edək. Çünki biz yalnız onlara dərs keçmək üçün deyil, həm də onları gələcəyin əsl vətəndaşları kimi yetişdirmək üçün məsuliyyət daşıyırıq. 

Yetər KƏRİMLİ,
FOTO: Kənan QAFAROV

1 /6

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/04%20November%202024/af98f2ec-6845-42a8-bc82-31e20e1309e5_IMG_1046.JPG
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/04%20November%202024/ed4bf96c-d8bb-450f-b2a4-7abf22ad80e2_IMG_1052.JPG
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/04%20November%202024/9b67d9e6-fb73-492e-b4fb-dcc76c566e50_IMG_1093.JPG
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/04%20November%202024/b885cbaf-6a4a-4352-86c2-2f95899c9bbd_IMG_1089.JPG
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/04%20November%202024/a22e9495-1473-48a6-a801-d7a788fe849e_IMG_1045.JPG
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/04%20November%202024/5b075c32-5c5c-4cc6-8a02-0b2be203beaa_IMG_1080.JPG

Xəbər lenti

4 dekabr, 20:47
22

Alimlər enerji reaksiyası fenomeni üçün izahat tapıblar

4 dekabr, 20:00
11

İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının cari il üzrə hesabat iclasları başa çatıb

4 dekabr, 19:08
78

Gəncə Tibb Kollecinin direktoru vəzifəsindən azad edilib

4 dekabr, 18:02
136

Komanda işi, liderlik bacarıqlarımızı daha da inkişaf etdirmişik - COP29 könüllülərinin təəssüratları

4 dekabr, 17:23
25

AzMİU tələbəsi beynəlxalq çempionatın qalibi oldu

4 dekabr, 17:20
15

Azərbaycan Universitetində əcnəbi vətəndaşlar üçün hazırlıq kursu başlayıb

4 dekabr, 17:20
21

2025-ci ilin 7 kritik təhsil trendi

4 dekabr, 17:16
17

ADPU-da “İnklüziv təhsil üçün daimi peşəkar inkişaf” mövzusunda interaktiv seminar keçirilib

4 dekabr, 17:10
13

"Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi

4 dekabr, 16:50
11

BMU-da tələbələr üçün mühasibatlıq mövzusunda təlim təşkil olunub

4 dekabr, 16:48
13

ADU-da məlumat sessiyası keçirilib

4 dekabr, 16:46
17

BMU-da Elmi Şuranın iclası keçirilib

4 dekabr, 16:39
39

Təbiət elmləri üzrə şagirdlərimizin nəticələri aşağı olub

4 dekabr, 16:31
28

Şagirdlərimizin riyaziyyat nəticələri bəzi Avropa ölkələrindən yüksək olub

4 dekabr, 16:19
82

Ali məktəblərə imtahansız qəbul olan subbakalavrların sayı artır – ARAŞDIRMA

4 dekabr, 15:55
40

TIMSS 2023 beynəlxalq qiymətləndirmə tədqiqatının nəticələri açıqlanıb

4 dekabr, 15:34
23

Paytaxt məktəbində şagirdin digər şagirdə xəsarət yetirməsinə aydınlıq gətirilib

4 dekabr, 14:52
12

"Scopus AI" ilə bağlı ilk infosessiya keçirilib

4 dekabr, 14:49
9

“Artikulyasiya akademiyası: şagirdlərin ictimai natiqlik proqramı” layihəsinə start verilib

4 dekabr, 14:41
13

DP məzunları BMT-nin "Confrence of Youth-COY19" tədbirində iştirak ediblər

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.